AZE | RUS | ENG |


İncəsənət Universitetinin gənc rejissorları - Reportaj

İncəsənət Universitetinin gənc rejissorları - Reportaj
Fikrət Soltanov: “Kim deyir ki, bizim dövrümüzdə hər şey daha yaxşı idi, ona inanmayın”


Uzun müddət idi ki, yolumu, sözün əsil mənasında istedadlar yetişdirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən salmırdım. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova ilə əlaqə saxladım. Dərs cədvəlinə nəzər salan Nərminə xanım dünən səhər saat 10:40-da tanınmış rejissor, əməkdar incəsənət xadimi, professor Fikrət Soltanovun "Musiqili teatr rejissoru” ixtisası üzrə 4-cü kurs tələbələrinə dərsi olduğunu bildirdi.
Öyrəndik ki, dərs 1962-ci ildən bəri İncəsənət İnstitutunun nəzdində yaradılan "Səda Tədris Tetarı”nda keçiriləcək. Qeyd edim ki, bu teatrın səhnəsində tələbələrin tamaşaları, kurs işləri, buraxılış kurslarının diplom tamaşaları nümayiş olunur.
 
Görüş yeri...
 

Danışdığımız vaxtdan yarım saat əvvəl teatra gedib tələbələrin məşq edəcəkləri zala daxil oldum. Teatrın səhnəsi mənə o qədər doğma gəldi ki... Uşaqlıqdan bəri anam məni bu teatra gətirər, məhz bu teatrın səhnəsində indiki xalq artistlərimizin tamaşalarını izləyərdim. Öz tələbəlik illərimdə məhz bu zalda keçən günlərimiz bir-bir gözümün qarşısından keçdi. Boş zal və qaranlıq səhnə... Kim bilir, bu səhnə neçə-neçə istedadlar yetişdirib?
Və budur, Fikrət Soltanov da içəri daxil olur. Özümü tanıdıb, söhbətə başlayıram. 51 ildir ki, bu Universitetdə pedaqoq kimi çalışan Fikrət müəllim bir neçə dəqiqə sonra dərs keçəcəyi və kurs rəhbəri olduğu "Musiqili teatr rejissor”larından danışdı. Bildirdi ki, 4-cü kursun tələbələri maraqlı tamaşalar hazırlayırlar. Artıq işin bir çox hissəsi görülüb: "Bu uşaqlar yanvarda hazırladıqları diplom tamaşalarının bir qismini təqdim etdilər. Növbəti ayda onlar öz tamaşalarını hazır edəcəklər. Qeyd edim ki, tələbələrimin seçdikləri tamaşalar çox rəngarəng, müxtəlifdir. Onların içərisində dünya, klassik və müasir əsərlərə rast gəlmək mümkündür. Yəni deməyim odur ki, repertuarları rəngarəng və əhatəlidir. Diplom müdafiə etmələri üçün bu qrupda təhsil alan hər bir tələbə bir saatlıq tamaşa hazırlayacaq. Onu da nəzərinizə çatdırım ki, həmin tamaşaları tələbələrin məhz özləri hazırlayırlar. Səhnə tərtibatından tutmuş, musiqisinə, dizaynına qədər özləri seçirlər. Biz müəllimlər də onlara yol göstərir, yeri gələndə, lazımi istiqamət veririk. Siz də bilirsiniz ki, tamaşa hazırlamaq heç də asan məsələ deyil”.
 
"Aktyor özbaşına heç nə edə bilməz”
 
Fikrət Soltanovla görüşmüşkən, ona bir neçə sual da ünvanladım. Son zamanlar "universitetlərdə dərslər o qədər də yaxşı keçirilmir” düşüncələrinin doğru olub-olmadığını xəbər aldım. F.Soltanov bildirdi ki, İncəsənət Universiteti teatr sahəsində respublikada yeganə təhsil ocağıdır: "Respublikamızda çalışan, fəaliyyət göstərən bütün teatr kadrlarının hamısı bu universitetin yetirmələridir. Aktyorlar, aktrisalar, teatrşünaslar, kinoşünaslar və sair. Söhbət aktyorluqdan gedirsə, aktyorluq asılı sənətdir”. Özümü saxlaya bilmədim: "Necə yəni asılı? İndiyə qədər aktyorlar kimdən asılı olublar ki?”. Qarşı-qarşıya əyləşdiyim müəllim sözünü davam etdirərək "aktyor özbaşına heç nə edə bilməz” - deyə fikrini aydınlaşdırdı: "Yəni, aktyora rol verilsin ki, onun istedadı parlasın. Gərək teatrda ona lazımi və maraqlı rollar verilsin, onun istedadının inkişafı üçün şərait yaradılsın. Təəssüf hissi ilə qeyd edim ki, indi teatrlarımız bizim yetişdirdiyimiz tələbələrdən lazımi şəkildə istifadə etmirlər, edə də bilmirlər. Hər kəsə də bəllidir ki, universitetimiz çox istedadlı tələbələr yetişdirib və yetişdirməkdədir. Ancaq təəssüflər olsun ki, onların çoxunun istedadı itib-batmaqdadır. Onlarla heç kim maraqlanmır, onların Universitetdən sonrakı fəaliyyəti barədə maraqlanmırlar”.  
 
Müəllim söhbət zamanı öz tələbələrini tərifləməyi də unutmadı. Dedi ki, istedadlı tələbələr hər zaman olub və indi də var: "Kim deyir ki, bizim dövrümüzdə hər şey daha yaxşı idi, ona inanmayın. Bu, insanların öz gəncliyinə qarşı nostalji hissləri ilə yaşamağından irəli gəlir. Hər bir insan elə bilir ki, onun cavanlığı daha yaxşı keçib. Bu, subyektiv düşüncədir. 51 ildir ki, bu universitetdə pedaqoji fəaliyyətlə məşğulam. Mənim çoxsaylı tələbələrim olub. İstedadlı tələbələr onda da vardı, indi də. Aktyor, hətta mən deyərdim ki, rejissor belə, müstəqil heç nə edə bilmir”.
 
Tələbələrin baxış bucağı
 

Müəllimlə söhbətdən sonra 4-cü kurs tələbələri Hüseynova Aytac, Hüseynov Rusif, Həsənov Azər, Həsənov Samir, Hümbətova Təhminə, Nağıyeva Cahanə, Qədəşova Əminəxatun, Zülfüqarov Tural zala daxil oldular.
 
Fikrət müəllim tələbələrdən tamaşanın məşqlərinin hansı vəziyyətdə olduğunu və hansı zaman kəsiyində məşq etdiklərini xəbər alır. Tələbələr ilk olaraq tamaşaların oynanılacağı otaqları müzakirə edirlər. Onlar tamaşaları necə və hansı otaqlarda məşq etmək barədə öz şikayətlərini bildirirlər. Müzakirələrdən sonra müəllimlə tələbələrin hazırladıqları tamaşaların nəzəri söhbətləri başlayır.
 
Təhminə Hümbətova hazırladığı tamaşa barəsində danışır və qeyd edir ki, onun hazırladığı tamaşa lakonik, yığcamdır. Belə ki, süjetləri uzatmağın heç bir mənası yoxdur.
Digər tələbə Samir Həsənov da süjetləri qısaltmağın tərəfdarıdır. Ancaq səhnələr elə qısaldılmalıdır ki, orada əsərin ruhu pozulmasın: "Əsərdəki bir neçə səhnəni çıxarmaq istəyirəm. Ancaq əsərin inkişaf və ideya xəttini pozmamaq şərti ilə”. Tələbə rejissor kimi hansı dəyişikliklərin olacağını da qeyd edir. Ona qarşılıq olaraq Fikrət Soltanov əsərin ruhunu pozmağın əleyhinə olduğunu gizlətmir: "Rejissor səhnələşdiyi klassik əsəri bugünkü günlə əlaqələndirməlidir. O, XIX əsrdə yazılan əsərə bugünkü ruhunu qatmalıdır. Siz də səhnələşdirəcəyiniz əsərləri bu günkü problemlərlə əlaqələndirməlisiniz. Səhnələşdirdiyi tamaşası ilə rejissor tamaşaçılara nə demək istəyir? Onları nəyi düşünməyə vadar edir? Tamaşa tamaşa xətrinə qurula bilməz. Bunu daima diqqətinizdə saxlayın”.
 
"Məhəbbət olmayanda” tamaşasına baxış
 
Nəzəri söhbətlərdən sonra Rusif Hüseynovun müraciət etdiyi Əhməd Orucoğlunun "Məhəbbət olmayanda” tamaşasının məşqləri başlayır.  Tamaşada Azər Həsənov, Təhminə Hümbətova, Aytac Hüseynova iştirak edirlər.
R.Hüseynov aktyorların hər obrazlarında nə demək istədiyini və əsəri necə təsəvvür etdiyini aydınlaşdırmağa çalışır. Açığı, məndə gənclərin də böyük həvəslə oynadığı tamaşanın son variantını görmək istəyi yarandı. Əslində tamaşa demək olar ki, hazırdır.
 
Tələbələr saatyarımlıq məşqdən sonra fasiləyə buraxılırlar. Fasilə zamanı tələbələrlə şəkil çəkdirib, redaksiyaya doğru yol alıram. Yolu gələrkən isə düşünürəm: "Doğurdan da Azərbaycan teatrının gələcəyi etibarlı əllərdədir”.
 
Xəyalə Rəis
 





 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007