“İnansan, bütün əngəllərin öhdəsindən gəlmək olur” - Uğur hekayəsi

“İnansan, bütün əngəllərin öhdəsindən gəlmək olur” - Uğur hekayəsi

Gənclik qəzeti
19 Sentyabr 2019, 14:33 100646
Bir çox proqramçılar kimi, o da sərbəst iş rejiminə üstünlük verir. Bu səbəbdən bir müddət çalışdıqdan sonra artıq ona bu imkanı yaradan iş yeri axtarır, bir çox xarici şirkətlərə baş vurur. İlk vaxtlar çox iş yerindən "yox” cavabı alır, ancaq "bu iş çətin olmamalıdır, alınacaq” kimi düşünüb davam edir və nəticədə istədiyinə nail olur. 200 şəhərdə ofisi, 350-400 min işçisi olan məşhur Amerika şirkəti "Accenture”də işə düzəlir.

Müsahibimiz Latviyanın Riqa şəhərində yerləşən məşhur "Accenture” şirkətində proqramçı kimi çalışan azərbaycanlı Azər Səfərovdur.

Qeyd edər ki, Azər Səfərovun 29 yaşı var, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr və magistr təhsili alıb.

- Əvvəldən proqramlaşdırmaya marağınız var idi, yoxsa bu sahənin gələcəyini fikirləşərək seçim etmişdiniz?
- Uşaq olarkən müxtəlif oyunlar oynayırdım və fikirləşirdim ki, bu oyunları necə yaratmaq olar? Bunu özüm edə bilərəm? Belə suallar məni düşündürürdü. Oyun yaratmaq marağı proqramlaşdırmanı seçməyimə səbəb oldu. Eyni zamanda, mən uşaq olanda anam universitetdə dərs deyirdi, hərdən məni iş yerinə aparırdı. Otaqlarında kompüterlər var idi. O vaxtı kompüterlərdə indiki "Paint” tipli proqramlar yox idi ki, rəsm filan çəkəsən. Bir kitab var idi, ordakı kodlardan yazanda ekranda müəyyən şəkillər çıxırdı. Marağım var idi, hər dəfə o kitabdan müəyyən kodları yazırdım, gah şəkil, gah animasiyalar alınırdı. Sonradan bildim ki, bu "Basic” proqramlaşdırma dili idi. Maraqla yanaşı, gələcəkdə bu ixtisasa tələbin necə olacağını fikirləşərək seçim etmişdim.
 


- Elə tələbə vaxtından işləməyə başlamısınız. İş imkanı yarandı deyə işlədiniz, yoxsa təcrübə üçün bunu etdiniz?
- Azərbaycanda qlobal bir problem var ki, harasa işə düzəlmək istəyəndə çox vaxt müəyyən iş təcrübəsi istəyirlər. Ona görə universitetdə oxuyarkən fikirləşirdim ki, məzun olanda bir işlə məşğul olmaq istəyirəmsə, hər hansı təcrübə qazanmalıyam. 2-ci kursda qrup yoldaşımla təcrübə imkanı yaradan iş yeri axtarmağa başladıq və bir il ərzində təcrübə üçün pulsuz işlədik. 3-cü kursda isə artıq rəsmi olaraq İnformasiya Texnologiyaları İnstitutunda işləməyə başladım. Ümumilikdə, tələbə vaxtı işləməyimdə əsas məqsəd təcrübə yığmaq idi. Universiteti bitirəndən sonra hərbi xidmətə getdim. Qayıdandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Elektron imza layihəsində işləməyə başladım. 5 il işlədikdən sonra 2017-ci ildə Latviyada indi çalışdığım şirkətə gəldim.

- Bu müddətdə həm də öz işinizi qurmuşdunuz. Bir az da bundan danışaq.
- 2012-ci ildə Məlumat Hesablama Mərkəzində işə başladığım zaman, qrup yoldaşlarımla bir yerdə öz şirkətimizi qurduq. İdeya müəllifləri kimi öz adlarımızı şirkətin adında əks etdirmək istədik. Ceyhun və Azər adına uyğunlaşdırıb "AC Coders MMC” adını seçmişdik. Mən ayrılandan sonra şirkətin adı dəyişilib. İT sahəsi ilə bağlı idi, düşündük ki, çox maliyyə tələb etməz. Başlanğıcda əsasən evdən işləyirdik. Şirkətə investisiya vaxtımız və əməyimiz idi, ancaq ehtiyac olduqca xərcləri öz cibimizdən qarşılayırdıq. Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) "Technopark” yaradılanda biz orda rezident olduq, universitetin tələbələri ilə işlədik. Şirkəti 2012-ci ildə təsis etsək də, real iş 2014-cü ildə ortaya çıxdı. Yeni iş olduğu üçün heç də hər şey rahat alınmırdı, müəyyən çətinliklər olurdu. Vaxt keçdikcə, təcrübə qazandıqca hər şey qaydasına düşürdü. Müdafiə Sənayesi Nazirliyi ilə iş birliyinə başladıq. 2014-cü ildə Azərbaycanda ilk dəfə keçirilən ADEX - müdafiə sənayesi sahəsində sərgidə Müdafiə Sənayesi Nazirliyinin stendində təmsil olunmuşduq. 2015-ci ildə mən bu işdən də ayrıldım, amma qrup yoldaşlarım hələ də davam etdirirlər.
 


- 5 il eyni iş yerində çalışdıqdan sonra xaricə işləmək qərarı vermisiniz. Getməyinizin səbəbi nə oldu?
- Birincisi, xaricdə böyük şirkətdə təcrübə qazanmaq kimi səbəbim var idi. Həm də işdə olma saatına deyil, işin keyfiyyətinə daha çox önəm verilən iş yeri axtarırdım. Digər səbəblərdən biri də mən ailəli idim, uşağım var idi, xərclərim artmışdı. Ona görə daimi olaraq işdən əlavə işlər götürürdüm  və ailəyə vaxt ayıra bilmirdim. Üstəlik, şəhərdən kənar yaşadığıma görə gündə neçə saatım yolda tıxaclarda keçirdi. Bu kimi şeylər məni sıxırdı. Ən sonuncu səbəb isə manatın dəyərini itirməsi idi. Devalvasiyadan sonra işləyib əldə etdiyim qazancın dəyəri qalmadığını hiss etdim. Ölkə daxilində elə də böyük fərq etmirdi, amma xaricə gedəndə, istirahət edəndə, xaricdən nə isə alanda pulun dəyəri olmurdu.

- Sərbəst rejimi sevirsiniz, deyəsən. İndiki iş rejiminiz necədir?
- Proqramlaşdırmanın üstünlüklərindən biri də odur ki, sən dünyanın istənilən nöqtəsindən oturub işini görə bilərsən. Müəyyən ofisdə hansısa saat aralığında məcbur oturmaq lazım deyil, əsas odur ki iş görülsün və keyfiyyətli olsun. Sərbəst iş rejimi məncə, proqramlaşdırma sahəsində çalışanların sadəcə olaraq bir stereotipidir.
İndiki rejimim tam sərbəstdir, bir neçə ofisimiz var, hansı ofis uyğun olsa, gedib orda işləyə bilərəm, istəsəm, evdən işləyərəm. Ümumiyyətlə, bizim şirkət sərbəst iş rejimini böyük üstünlük sayır və bu rejimi reklam edir. Evdə nə isə problem olsa, yaxud harasa gedəsiyəmsə, komanda yoldaşlarından birinə desəm ki, mən bu gün ofisə gələ bilməyəcəm, yaxud filan yerdən işləyəcəm, bu, kifayət edir. Kiminsə adına ərizə yazmaq, kimdənsə icazə istəmək, "filan vaxt olar, filan vaxt yox” cavabı almaq kimi söhbətlər yoxdur.
 


- Latviyada işə düzəlməyinizdən danışaq. "Accenture” ilk müraciət etdiyiniz iş yeri idi?
- (Gülür) Xeyr, təxminən bir il ərzində müxtəlif ölkələrdə fərqli şirkətlərə müraciət etmişdim. Sadəcə, gələn təkliflərdən ən yaxşısını seçməyə çalışdım. Bu şirkət həm maaş baxımından məni qane edirdi, həm də ailəvi olaraq bu ölkəyə köçməyimi dəstəkləyirdi.

- Maraqlıdır, müraciət etdiyiniz şirkətlərin neçə faizindən "yox” cavabı almışdınız?
- Burda gizlədiləsi bir şey yoxdur, müraciət etdiyim 50 faizdən çox şirkətdən "yox” cavabı almışdım. Ümumiyyətlə, ilk vaxtlar müraciət etdiklərimin hamısından "yox” cavabı alırdım. Elə vaxt olurdu ki, İnsan Resursları mütəxəssisi ilə danışanda onun xoşuna gəlmirdim, texniki müsahibəyə belə çata bilmirdim. Biri var ölkə daxili bir müsahibə edəsən, biri də var fərqli ölkənin mütəxəssisi ilə. Hər ölkədə insanlar fərqlidir. Bir dəfə İR mütəxəssisi müsahibə prosesində komanda yoldaşı axtarırdı. Məndən soruşdular, ki işdən sonra nə etməyi sevirsən? Pivə içməyi xoşlayırsan? Gedək bir yerdə komanda ilə pivə içək. Yəni belə şeyləri yeni-yeni görürdüm, bu cür müsahibələrdə necə danışmaq təcrübəsi də elə "yox” cavabı aldıqca yaranırdı.

- Yəni işə düzəlmək prosesində də təcrübə olmalıdır...
- Təbii ki işə düzəlmə prosesində təcrübə yığmaq vacib oldu. Çünki texniki tərəfin nə qədər yaxşı olsa da, bir dəfəyə texniki müsahibəyə gedib işə düzəlmirsən. İş bununla bitmir. İşəgötürənlərlə, İR mütəxəssisləri ilə söhbət olur. Şirkətin İR mütəxəssisləri elə bir kadr axtarırlar ki, şirkətin ritminə uyğun olsun. Onları keçəndən sonra texniki müsahibə olur. Axırda isə ola bilər ki, işləyəcəyin komanda ilə də müsahibə - virtual görüş olsun, necə bir insan olduğunu onlar da bilsin. Komanda da analiz etsin ki, sən onlarla işləyə biləcəksənmi? Çünki əsas iş komanda işidir.

- Bu mərhələləri keçə bilməyəndə həvəsdən düşmürdünüz?
- Birinci "yox”dan sonra müəyyən bir məyusluq olmuşdu, amma sonra başa düşdüm ki, bu, bir dəfəyə olmur, cəhd etmək lazımdır. Bu istiqamətdə təcrübəsi olan tanışlar var idi, onlarda da soruşurdum. Onlar hər zaman dəstək olurdular, deyirdilər ki, narahat olma, belə olur. "Yox” alsam da, çalışırdım ki, dayanmayım, bilirdim ki, əvvəl-axır alınacaq.
 


- Dediniz ki, komanda ilə də görüş təşkil edirlər. Texniki mərhələdən keçən birini komanda bəyənməsə, işə götürməyə bilərlər?
- Təbii ki komandanın da sözü böyük rol oynayır. Texniki bacarıqlar işin bir hissəsidir, digər hissə də komanda ilə nə dərəcədə kommunikasiya qurmaq bacarıqlarıdır. İnsanlarla ünsiyyət qurmaq cəhətdən nə qədər açıq olduğun da önəmlidir. Kadr bilikli olsa da, özünə qapalı ola, danışmaya, problem olanda deməyə bilər. Texniki bilikləri yaxşı olan birini komanda bəyənməsə, "yox” cavabı verə bilirlər.

- Bizdə çalışdığınız iş mühiti ilə Latviyadakı iş mühiti arasında nə kimi fərqlər var?
- Proseslərin, görülən işin və zamanın aydın olması sərbəstlik yaradır. Heç bir tərəfdən qoyulan tarixlər yoxdur. Rahat iş rejimi var, heç kəs heç yerə tələsmir. Yazdığın kodun keyfiyyəti daha vacibdir, işi tez təhvil vermək prinsipi yoxdur.

- Belə yerdə işçilər arasında rəqabət olur?
- İşçilər arasında təbii ki rəqabət var. İşçi bir pillədən digərinə keçmək üçün şirkət tərəfindən müəyyən edilmiş yolu keçməlidir. Bu zaman işçilər arasında rəqabət yaranmış olur. Bu rəqabətdə ilk pillələrdə olduqda digər pilləyə keçə bilirsən. İşçilər arasında böyük rəqabət var. Bu rəqabətdə uğurlu olmaq üçün gündəlik görüləcək işləri etmək kifayət deyil. Daim yeni bir şeyləri öyrənmək, treninqlər, sertifikatlaşmalar var, onları keçmək lazımdır. Müştəriləri ilə daha çox ünsiyyətdə olmalısan, çünki onlardan rəy aldıqca məhsulu daha çox təkmilləşdirmək olur. Bir sözlə, rəqabətdə qazanmaq üçün tələb olunandan artığını etməlisən. Mən də daim üzərimdə işləyirəm.

- 2 il yarımdır o şirkətdəsiniz. Bu müddət irəliləmək üçün yetərlidir? Hansı irəliləmə gedib?
- Bu müddət mənə kifayət edib və iki dəfə vəzifəm artırılıb. Bakıdan bura gələndə başladığım vəzifə senior developer idi, 9 aydan sonra komanda rəhbəri vəzifəsi aldım, bir müddət sonra isə texniki mühəndis (kiçik menecer) vəzifəsinə keçdim.

- Sizə görə uğurun sirri nədir?
- Qarşına məqsəd qoymalı, ona doğru getməli və daim buna inanmalısan. Ola bilər ki, hardasa biliyin nəyisə əldə etməyə mane olsun, yaxud hansısa əngəllə qarşılaşasan, ancaq insan məqsədli olsa, ona doğru getsən və buna inansan, bütün əngəllərin öhdəsindən gəlmək olur.

Aygün Asimqızı