AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“İnanmıram ki, müxalifət Eldar Namazova güzəştə getsin”

“İnanmıram ki, müxalifət Eldar Namazova güzəştə getsin”

Siyasət
23 Yanvar 2013, 09:51 1825
Azərbaycandakı ictimai-siyasi vəziyyət, siyasi qüvvələrin seçkilərə hazırlığı, yeni birlik və hərəkatların seçki prosesindəki rolu və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Millət vəkili Fərəc Quliyev cavablandırır.
- Fərəc bəy, hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- İctimai-siyasi vəziyyəti ölkənin indiki hərbi durumuna sıx bağlıdır. Bizim iradəmizdən asılı olmayaraq, müharibə ilə üz-üzə dayanmışıq. Azərbaycana qarşı bu ədalətsiz müharibə ölkədəki ictimai-siyasi vəziyyətə də xeyli təsir edir. Yəni, demokratik institutların tam oturuşmasını təmin etmək imkanı olmur. İnsanların hüquqlarını tam bərpa etmək imkanı yoxdur. 1 milyona yaxın insanın mülkiyyət hüququ pozulub. Cəmiyyətdə mövcud olan bəzi sosial məsələlər də hərbi xərclərimiz üzündən tam həll edilmir. Halbuki müharibə şəraitində olmasaydıq, maaşların bir neçə dəfə artırılmasına, insanların sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaranardı. Lakin buna baxmayaraq, seçki keçirilməsi üçün normal şəraitin yaradılmasında hər hansı problem müşahidə etmirəm. Ölkədə normal seçkinin keçirilməsi üçün müəyyən tədbirlər görülür. Bu, davamlı olacaqdır. Sadəcə mən, mübarizənin sivil formada, namizədlərin bir-birinə hörmətlə yanaşmasının tərəfdarıyam. İndiki ictimai-siyasi durum özündə onu ehtiva edir ki, özünü qəhrəman kimi göstərməyə çalışan bəzi insanlar radikal şəkildə, ifrat dərəcədə qarşıdurma yaratmağa meyllidirlər. Sivil yolla mübarizə aparmaq iqtidarında olmadıqları üçün, bu yolla gündəmdə qalmağa çalışırlar. Bu isə normal yanaşma tərzi, mübarizə metodu deyil.
- Sizin də qeyd etdiyiniz radikal mövqeyi ilə seçilən bəzi insanlar 2013-cü ilin Azərbaycan üçün olduqca gərgin keçəcəyini proqnozlaşdırırlar. Sizcə bu ehtimal onlarda hardandır?
- Özünü müxalifət adlandıran daxildəki qüvvələr deyil, eyni zamanda Azərbaycandan kənarda mövcud olan güclər də ölkəmizə təsir etmək istəyindədirlər. Onlar builki prezident seçkilərinin Azərbaycan üçün gərgin keçəcəyini söyləyirlər. Mən istərdim ki, bu seçkilər gərgin keçsin. Amma bu gərginlik namizədlərin özlərinin maraqlı, eyni zamanda güclü platformalarını döyüşdürməsi, ağıl davası ilə müşayiət olunmalıdır. Bu zaman Azərbaycanın milli maraqları, fərdi və qrup maraqlarından daha da üstün tutulmalıdır. Sovetlər imperiyası dövründə müstəqilliyə can atmaq üçün bütün mübarizə metodları məqbul sayılırdı. Çünki bizim üçün yeganə məqsəd Azərbaycanın imperiyanın cəngindən qurtulması idi. Adını demokrat qoyanlar, o zaman daha demokratik addımların atılmasına üstünlük verir, bunun üçün çağırışlar edirdilər. Hazırda Azərbaycan dövlət müstəqilliyini bərpa edib və inkişaf yolunda uğurla addımlayır. Belə olan halda, həmin adamlar məhz indi demokratik mübarizə metodunu seçməlidirlər. Hakimiyyət uğrunda mübarizə aparan siyasi liderlər öz platformalarını xalqa düzgün çatdırmalı, sözün əsl mənasında ağıl, düşüncə davası aparmalıdırlar. Düşmənçilik səviyyəsindən uzaq belə rəqabət metodu alqışlanandır. Yox, əgər onlar Azərbaycanda qarşıdurma yaratmağı, ölkəmizi istəməyən xarici qüvvələrin diqtəsini yerinə yetirməyi planlaşdıraraq, builki seçkilərin gərgin keçəcəyini deyirlərsə, bu, çox yanlış davranışdır. Biz hər zaman Azərbaycan dövlətinin yanındayıq. Söykənəcəyimiz, istinad edəcəyimiz ünvan isə Azərbaycan xalqıdır. Kimliyindən asılı olmayaraq, Azərbaycanın milli mənafeyinə zidd gedən bütün qüvvələrin qarşısındayıq. Bizim üçün bu prinsiplər əsasdır.
- Prezident seçkilərinə hazırlıq məqsədilə müxalifət təmsilçiləri tərəfindən müxtəlif vaxtlarda bir sıra siyasi birliklər yaradıldı. Bunlara misal olaraq İctimai Palatanı, Ziyalılar Forumunu və sairi göstərmək olar. Bu birliklərin siyasi mübarizə metodu, fəaliyyəti nə dərəcədə reallığa uyğundur?
- Vaxtilə yaradılmış bir çox siyasi qurumların əksəriyyəti fiaskoya uğrayıb. Bunu onların özləri də etiraf edirlər. Nəinki bu birliklər baş tutmadı, hətta orda qarşıdurma yarandı. Hərçənd ki, biz bunu arzulamırıq. Biz hesab edirik ki, cəmiyyətdə istənilən qüvvələr arasında bir təmərküzləşmə olmalıdır. Əvvəlcədən də qeyd etmişdim ki, hər hansı bir prinsipə, ideyaya söykənməyən, amalı yalnız kreslo tutmaq olan, bunun üçün mübarizə aparan bu birliklərin sonu sual altında qalmalı idi, qaldı da. Əgər müstəqil şəkildə, gerçəkdən Azərbaycanı yaxşı mənada dəyişmək istəyənlər təmərküzləşirsə, bu başqa məsələdir. Amma, hansısa dövlətin yardımı ilə kənardan təmərküzləşmə adı altında ölkəmizin əleyhinə olan qüvvələrin birliyi yaranırsa, müxtəlif davranış nümayiş etdirirlərsə, bu, normal deyil. Zaman göstərdi ki, bu məqsədlə bu günə kimi yaradılan qüvvələrin heç bir perspektivi yoxdur. Azərbaycan belələrini yad cisim kimi öz bədənində görmək istəmir. Pozuculuğa yönəlik çağırışlara Azərbaycan cəmiyyəti hər zaman öz etirazını bildirib. Bu səbəbdən seçki ərəfəsində yaranacaq yeni qüvvələr yalnız Azərbaycanın inkişafına, milli mənafelərin qorunmasına üstünlük verəcəkləri təqdirdə cəmiyyətdən dəstək ala biləcəklər. Kənardan dəstəklənən, kənardan yaradılan blokların aqibəti artıq aydındır. Bir yerdə olmaq görüntüsü yaratmaq istəyən qüvvələr seçkilər yaxınlaşanda müxtəlif cinahlara ayrıldılar. Bundan sonra da onlar arasında parçalanmanın olması istisna deyil.
- Ziyalılar Forumunun həmtəsisçiləri “EL” adlı yeni hərəkatın yaranacağını bəyan etdilər. Sizcə, bu hərəkat özündən əvvəlki birliklərin aqibətini yaşamayacaq ki?
- Belə çağırışlar müxtəlif vaxtlarda olub. Bir vaxtlar biz sabiq təhsil naziri Firudin Cəlilovla birlikdə fəaliyyət göstərmək barədə düşünərkən, “EL” adlı bir partiya yaratmaq fikrinə gəlmişdik. Sonradan “EL” hərəkatı təşəbbüsü meydana çıxdı. Lakin bəzi səbəblər üzündən bizim birgə fəaliyyətimiz baş tutmadı. Bilirdim ki, eyniadlı təşkilatın yaradılması prosesi gedir. İndi bu adda yeni hərəkat yaradırlar və məlumat vermək istəmirlər ki, Firudin müəllimin təşkilatının dirçəldilməsindən söhbət gedir. Fərqli tərkibdə, fərqli istəklərlə “EL” adlı hərəkat yaradılır. Elə QHT və ya partiya var ki, onların cəmi 1-2 nəfər üzvü var. Belələrini bir yerə toplaşıb birlik nümayiş etdirirlər. Dünənə qədər Ziyalılar Forumu da İctimai Palataya dəstək nümayiş etdirirdi. Hətta İctimai Palatanın vahid namizədlə seçkilərə getmək məqsədi də var idi. Amma buradakı siyasi liderlərin hər biri özünü namizəd qismində görürsə, bu, birlikdən daha çox ayrılığa xidmət edir. Ona görə “EL” hərəkatının da perspektivinə inanmıram.
- “EL” hərəkatının Milli Şurası tərəfindən namizədliyi irəli sürüləcək şəxsin digər müxalif siyasi partiyalar, xüsusən də AXC və Müsavat partiyaları tərəfindən dəstəklənməsi nə dərəcədə realdır?
- Açığı, hələlik “EL” hərəkatında konkret kimlərin təmsil olunacağı, kimin namizədliyini irəli sürəcəyi bəlli deyil. Mənim üçün bu hərəkat maraq doğurmadığından ətraflı məlumatım yoxdur.
- Söhbət favorit namizəd kimi Eldar Namazovdan gedir...
- Mən onların adından nə isə deyə bilmərəm. Amma mətbuatdan görünən budur ki, seçkiyə vahid namizədlə getməyi qarşısına məqsəd qoyan İctimai Palata bu istəyinə çata bilmədi. Çünki bu qurumun həmtəsisçilərindən olan Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürdü. Ona görə də inanmıram ki, namizəd məsələsində kimsə, digərinə güzəştə getsin. Hakimiyyətdən olmayan hər hansı qüvvənin və ya birliyin vahid namizədlə seçkilərdə iştirak etmək imkanı yoxdur. Çünki bir neçə siyasi partiya sədri prezident seçkilərində namizədliklərini irəli sürəcəkləri barədə məlumat veriblər. Artıq indidən bir neçə namizəd məlumdur. Bundan sonra da namizədlərin sayı artacaqdır. “EL” hərəkatının və ya blokunun gələcəkdə Eldar Namazovu vahid namizəd kimi qəbul edib, etməyəcəyi də düşündürücüdür. İnanmıram ki, radikal müxalifətdə təmsil olunan şəxslər Eldar Namazova güzəştə gedib, onun namizədliyini dəstəkləsinlər. Mən oradakı siyasi palitranı yaxşı tanıyıram.
- Ziyalılar Forumunun həmtəsisçiləri üçüncü qüvvə tərəfindən dəstəklənəcəklərini bildirilər. Siz belə bəyanatları necə qarşılayırsınız?
- Ümumiyyətlə, bu nömrələməyin əleyhinəyəm. Yəni, seçki ərəfəsində özünü bir nömrə adlandıranlar bilməlidirlər ki, siyasi fəaliyyət mövsümi olmur. Daha çox seçki olmayan dövrlərdə olur. O partiyalar ki, oturuşmuş şəkildə seçki dönəmindən əvvəl də aktiv fəaliyyət göstəriblər, onları ciddi qəbul etmək olar. Yoxsa, seçki yaxınlaşanda bir neçə nəfər çıxıb bir qüvvə formalaşdırırsa, özünü 3 və ya 5 nömrə adlandırırsa, bunun heç bir perspektivi yoxdur. Konkret təsnifat var. Hər hansı bir ölkədə iqtidarda təmsil olunan qüvvə var, bir də onlara müxalif qüvvələr var. Bu təsnifatla ölkədə siyasi palitra mövcuddur. Ona görə də özlərini nömrələyib bəyanatlar verən kəslərin fəaliyyətinin mövsümi xarakter daşıdığını düşünürəm. Ən uzağı seçkinin sonuna kimi onlar öz varlıqlarını, birliklərini qoruyub saxlaya biləcəklər. Seçki başa çatandan sonra onlar da unudulacaqlar.

Rufik İSMAYILOV