• cümə axşamı, 28 mart, 15:25
  • Baku Bakı 16°C

“İnanmazdım ki, bir gün bəşəriyyətin xilası üçün dua edərəm”

31.03.20 17:00 3131
“İnanmazdım ki, bir gün bəşəriyyətin xilası üçün dua edərəm”
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı sənətçilər koronavirusla mübarizə haqda "Kaspi”yə danışdılar

Koronavirusla bağlı bütün dünya ölkələrində ciddi qaydalar tətbiq olunur. Xaricdə yaşayan azərbaycanlı incəsənət nümayəndələri ilə əlaqə saxlayıb, onlardan yaşadıqları ölkələrdəki ən son vəziyyəti xəbər aldıq. Və virusdan necə qorunmağa çalışdıqlarını soruşduq. Demək olar ki, onların hər biri Azərbaycanın bu məsələdə daha tez hərəkət etdiyini və önləyici tədbirlər gördüyünü qeyd etdilər.

Almaniyada yaşayan xanəndə Vüsalə Musayeva təəssüf hissi ilə qeyd etdi ki, bu gün dünya koronavirusun qarşısında aciz qalıb: "Hazırda Avropada vəziyyət heç də ürəkaçan deyil. Almaniya bu virusa yoluxanların siyahısında 4-cü yerdədir. Burada vəziyyət həddən artıq kritikdir. İnsanlar onlara ünvanlanan müraciətə 50 faiz riayət edirlər. Hazırda 64 min yoluxma qeydə alınıb, hər saatda 500-ə yaxın yoluxma aşkarlanır. Keçən həftə sonu 37 min olan yolxuma bu həftə 62 mini keçib. Xəstəxanalar hər pasiyenti qəbul etmir, yalnız nəfəs darlığı və qızdırmadan əziyyət çəkənlər üçün yer ayırmaq imkanına malikdir. Qalan xəstələr isə həkim nəzarəti ilə evdə karantində qalır. Xəstəxanalarda hər xəstə test olunmur. Hətta mən də virusa yoluxduğumu zənn edib, qorxmuşdum. Bir sabah oyandım ki, boğazımda quruluq var. Həkimə müraciət etdikdən bir neçə gün sonra məni qəbul etdilər. Həkimlər də hər deyilən kimi xəstəni qəbul etmir. Zəng olunub ev həkimindən vaxt alınmalıdır. Həkim ağciyərlərimi yoxladı və son günlər kütləvi yerdə olub-olmadığımı soruşdu. Sonra qorxulu bir şey olmadığını bildirdi. Şükürlər olsun ki, cidi bir problem yaşamadıq".

Xanəndə Almaniyada yoluxmanın artmasının təşvişə səbə olduğunu bildirdi: "İnanmazdım ki, bir gün bəşəriyyətin xilası üçün dua edərəm. Dünya koronavirusun qarşısında aciz qaldı. Bu bəşəriyyətin tanış olmadığı bir virus deyil deyə, insanlar o virusa qarşı öncədən hazırlıq görmək imkanına da malik olmayıb. Dünyada olduğu kimi Almaniyada da vəziyyət ürəkaçan deyil. Ölüm sayı yoxulma sayına nisbətən çox olmasa da, hər saat yolxuma baş verir. Öncədən qabaqlayıcı tədbirlərlə virusun qarşısı alınsaydı, bu qədər yoluxma olmazdı. Avropa turistik bölgə olduğuna görə, virusa daha tez yoluxdu. Azərbaycan bu baxımdan cəld tərpəndi və zamanında düzgün addımlar atıldı. İnsanlardan xahiş edirəm ki, məcbur olmadığı müddətdə çölə çıxmasınlar. Özlərinin və yaxınlarının həyatlarını qorumaq üçün qaydalara riayət etsinlər".

ABŞ-ın Kaliforniya Ştatında yaşayan Kaliforniya Beynəlxalq Mədəniyyət mərkəzinin rəhbəri, rejissor, ssenarist, yazar Sevinc Səfərova deyir ki, Los-Ancelesdə martın 12-dən karantin rejimi başlayıb: "Koronovirus pnevmaniyanın ağır formasıdır, vaksini olmadığı üçün həyati təhlükəsi var. Bu virus öldürücü gücə malikdir. Qısa bir müddətdə Los-Ancelesdə insanlar panikaya düşməyə başladılar. Belə ki, elə martın 12-dən magazaların önündə növbələr yarandı, insanlar ərzaqları evlərinə daşıyırdı. Apteklərdən maskaları, spitləri dənə ilə deyil qutularla alırdılar. Hazırda apteklərdə maska tapılmır, tapılsa da onlar çox baha və keyfiyyətsizdir. İnsanlar bacardıqları qədər evdə oturmağa çalışırlar. Burada gigiyenik qaydalara daha çox əməl edilməyə başlandı. Los-Anceles kreditlər şəhəridir. Evlər baha olduğu üçün insanlar evlərinin dəyəri qədər vergi ödəyirlər. Ona görə də insanlar kirayədə yaşamağa üstünlük verirlər. Bu kreditləri, kirayə pullarını ödəmək üçün insanlar hər hansı güzəşt gözləsələr də, bu ödənişlər yubadıldı, bu çətin günlərdə ləğv olunmadı. İnsanlar maydan sonra evdə oturduqları bu 2 ayın da pulunu ödəyəcəklər. Kommunal xərcləri də ertələdilər. Artıq Los-Ancelesdə böyük mağazalarda məhsullara limit qoyulub. Misal üçün bir paçkadan artıq düyü, 2 paçkadan artıq yumurta ala bilməzsən. Magazalarda girişdə insanları 10-10 buraxılar. İnsanlar arasında məsafə saxlanılmalıdır. Parklar və istirahət mərkəzləri bağlanıb. İnsanlar burda idmanı çox sevir. Los-Ancelesdə işləməsən yaşamaq mümkün deyil. Dövlət kömək edəcəyini desə də, ildə müəyyən qədər qazancı olanlara kömək edir. Yerdə qalanlar bundan çox az faydalana bilirlər. Burda hər kəs istəyir ki, öz işinə qayıtsın".
S.Səfərova deyir ki, dünyaya yayılan virus ailələri bir olmağa, birlikdə mübarizə aparmağa və vadar edir.

Çəkdiyi filmləri ilə beynəlxalq arenada tanınan rejissor Elmar Bayramov deyir ki, yeni köçdüyü ABŞ-ın Pensilvaniya ştatında bu virusa ciddi yanaşılır: "Burada insanlar yayılan virusun ciddiliyindən xəbərdardırlar. Küçədə olan nəzarətçilər insalara qaydaları izah edir, 3-4 metr məsafə saxlamalarını söyləyirlər. Burada insanların həyat səviyyəsi yüksək olduğuna görə, 5 ay işləməslər belə, gündəlik yaşamlarını davam etdirə bilərlər. Bundan başqa, dövət vətəndaşlarına yardım edir. İnsanları virusdan qorumaq və yolxumanı azaltmaq üçün onları maarifləndirir. Maariflənən insan də vəziyyətin ciddiliyindən xəbərdar olur və sağlamlığı naminə məsələyə ciddi yanaşır. Son məlumatlara görə, Amerika bu virusa yolxanların arasında birinci yerdədir. Amma daha çox Nyu-Yorkda artım olduqca çoxdur. Biz Nyu-Yorkdan 3 ay olar köçmüşük. Biz köçdükdən bir ay sonra virus sürətli şəkildə orada yayılmağa başladı. Hətta indi də orada yoluxanların sayı artmqdadır. Nyu-Yorkda miqrantlar çoxdur. Onlar həm özlərinin yolxuma, həm də digərlərini yolxudurma ehtimalı çoxalır. Biz Pensilvaniyanın Varmnistr şəhərində yaşayırıq. Bura təhlükəsiz ərazidir ".

Norveçdə Azərbaycan musiqisinin təbliğatçısı Aygün Səfərli Acar qeyd etdi ki, onlarda koronavirusla mübarizə kampaniyası Azərbaycandan sonra başlayıb: "Hazırda Norveçdə bu virusdan 33 nəfər ölüb, 3 minə yaxın daşıyıcı var. Hər gün televziyadan yoluxanların və ölənlərin sayının artmasının şahidi oluruq. Biz evdən işləsək də, Norveçdə alış-veriş mərkəzləri, apteklər, geyim mağazaları açıqdır. Norveçdə yaşayan insanların əksəriyyəti məsələni o qədər də ciddiyə almır. Çünki ölənlərin sayı daha azdır. Ölənlər arasında yaşlılar üstünlük təşkil edir. Norveç sosial bir ölkədir, işsiz olanları dövlət öz himayəsinə alır, vətəndaşlarına iqtisadi dəstək göstərir. Ölkədə karantin vəziyyətinə uyğunlaşmayanlara maddi cəzalar kəsilir. Məsələn, Norveçdə dağ evlərinə getmə mədəniyyəti var. Buna icazə verilmir".

Uzun müddətdir ki, Yaponiyada yaşayan və Azərbaycan musiqisini, mədəniyyətini orada təbliğ edən Gülnarə Azuma Səfərova deyir ki, Tokioda kəskin şəkildə qadağa qoyulmayıb və hər kəs özü məsuliyyət daşıyır: "Yaponlar hər bir məsləyə ciddi yanaşırlar. Ölkə başçısısı tərəfindən vətəndaşlara "diqqətli olun", "ehtiyatlı olun" kimi çağırışlar edilir. Bu da onlara kifayət edir. Yaponlar təmizliyə kifayət qədər riayət edirlər. Küçədə maskasız gəzən yoxdur. Vəziyyətlə bağlı Tokionun əyləncə mərkəzləri bağlıdır, buna görə də Tokiodan aralı olan Şizuoka, Hakone və s. prefekturalarına gəzməyə gedən cavanların sayı artıb. Son 2 həftədə gənclər bu rejimdən yorulublar, çıxıb gəzmək istəyirlər. Dövlət də vətəndaşları üçün narahatlıq keçirir. Yaponiyada yoluxanların sayı 2000 nəfərə çatıb. 52 nəfər vəfat edib. İndi qrup şəklində keçirilən təbirlər aprel ayının sonuna qədər təxirə salınıb. Yaşlıların üstünlük təşkil etdiyi dərnəklərin fəaliyyəti dayandırlıb. Xüsusən, yaşlılar virusu daha ağır keçirir deyə, onlara diqqət yetirilir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, insanlar bu virusa yoluxur. Heç kim bundan sığortalanmayıb".

Türkiyədə yaşayan azəraycanlı aktrisa Cəmilə Tağızadə deyir ki, yerli telekanallarda koronavirusuna yoluxanlar, virusdan qorunmaq üçün məlumatlar verilir: "Koronavirusla bağlı Azərbaycanda vəziyyət daha qənaətbəxşdir, nəinki Türkiyədə. Bir həftə öncə bizim tətbiq etdiyimiz qaydalar hələ indi Türkiyədə qüvvəyə minir. Məsələn, rayonlara gediş-gəlişi yeni bağlayıblar. Türkiyədə insanlar küçələrdədir, yayılan virusun əhəmiyyətini dərk etmirlər sanki. Bura nisbətən Azərbaycanda əziyyət daha yaxşıdır. Yaşadığım ölkədə insanlar normal həyatlarına davam edirlər. Halbuki karantin elan olunmalıdır və ciddi şəkildə nəzarət edilməlidir. Biz ailəlikcə evdən çölə çıxmırıq. Mağazaları bağlasalar da,ərzaq və geyim mağazaları açıqdır. Ümid edirəm ki, burda da çölə çıxmaqla bağlı qadağalar qoyulacaq. Diqqətimi çəkən bir nüans var ki, Türkiyənin səhiyyə naziri tez-tez efirə çıxıb insanları virusla bağlı məlumatlandırır, ümumi məlumat verir və öz "tvitter” hesabından hər gün yoluxma və ölüm saylarını açıqlayır. Dünən türkiyədə ümumi yoluxma 9217, ölüm sayı isə 131 nəfər olub. Bu isə heç də az göstərici deyil".
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər