• cümə, 19 Aprel, 12:26
  • Baku Bakı 25°C

“Çin olan yuxu” - Fotolar

05.04.17 09:30 2325
“Çin olan yuxu” - Fotolar
Şanlı aprel döyüşlərinin ildönümü ərəfəsində telekanallarımız vətənpərvərlik ruhunda müxtəlif səpkili efir materialları yayımladılar. Diqqətimi xüsusi çəkən isə 03 aprel 2017-ci il tarixdə saat 21.15-də ARB televiziyasında efirə gedən erməni təxribatının qarşısını alarkən şəhid olmuş Milli qəhrəman Çingiz Qurbanova həsr olunmuş "Çin olan yuxu” filmi oldu.

Düzü, filmə baxarkən onun barəsində bir neçə kəlmə yazmaq ehtiyacı hiss etdim.

Əvvəla deyim ki, filmi maraqla izlədim və çox bəyəndim. Aprel döyüşlərinin ildönümündə belə bir ideyanın ortaya çıxması, cənab Prezidentin Milli Qəhrəman adı ilə təltif etdiyi cəsur döyüşçümüzə həsr olunmuş filmin çəkilməsi təqdirəlayiq haldır. Bu filmin çəkilməsi və nümayişi Milli qəhrəmanımıza olan hörmət və ehtiramın bariz göstəricisi olmaqla yanaşı, onun döyüş yolunun nümunəvi bir hal kimi təbliğ edilməsi televiziyanın öz üzərinə götürdüyü maarifçilik funksiyasına hansı səviyyədə riayət etməsinin göstəricisidir. Yayımçılar belə qəhrəmanlarımız, onların döyüş yolu və təltifləri il bağlı informasiya verməkdən savayı, onların təbliği istiqamətində də yaradıcı axtarışlar aparmalıdırlar. Bu, hazırkı müharibə şəraiti, vətənpərvərliyə ciddi ehtiyacın olduğu bir dövrdə olduqca aktualdır.

Məlumdur ki, vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, yaralanmış hər bir əsgər və zabitin xidmətləri dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir. Məhz əsgər Çingiz Qurbanovun da dövlətimiz, şəxsən cənab Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bir hərbçi üçün ən yüksək mükafatla, Milli Qəhrəman adı ilə təltif edilməsi buna bariz nümunədir. Bildiyimiz kimi, Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən 29 dekabr 2017-ci ildə şəhid olmuş və düşmən xeyli müddət onun nəşini verməkdən imtina etmişdi. Lakin cənab Prezident İlham Əliyevin ciddi siyasi iradəsi sayəsində Çingizin nəşi 5 fevral 2016-cı il tarixində Azərbaycan tərəfə təhvil verildi. Çingizlə vida mərasimi də ən yüksək səviyyədə təşkil olundu. Belə ki, onu son mənzilə yolasalma mərasimində Azərbaycan Respublikasının müdafiə naziri başda olmaqla ölkənin yüksək rütbəli hərbi rəhbərliyi iştirak etmişdi.

Çingiz Qurbanovun ailəsi də Azərbaycan dövlətinin diqqətindən kənarda qalmadı. Prezident İlham Əliyev Milli Qəhrəmanın ailəsi ilə görüşərək Çingiz Qurbanovun layiq olduğu "Qızıl ulduz” medalını və Bakı şəhərində yerləşən 3 otaqlı evin açarını onlara təqdim etdi. Görüşdə dövlət başçısı xalqımızın Çingiz Qurbanov kimi qəhrəmanlarımızla fəxr etdiyini bildirdi: "Bütün Azərbaycan Çingizlə fəxr edir. Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaqdır”

Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən prezident İlham Əliyevin vətən uğrunda canlarından keçən qəhrəmanlarımıza, onların ailələrinə olan münasibəti, verdiyi yüksək dəyəri nümayiş etdirmiş oldu.

Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin bu addımları hər bir vətəndaş, cəmiyyət və onun aparıcı təsisatları üçün bir növ örnəkdir. Hər kəs bu sahədə əlindən gələni əsirgəməməlidir. Bu mənada TV-lərin üzərinə düşən vəzifə isə vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində keyfiyyətli efir materiallarının hazırlanması və yayımlanmasından ibarətdir. Bu mənada ARB Media Qrup tərəfindən hazırlanmış "Çin olan yuxu” filmi olduqca gözəl nümunədir.

Filmdə Çingizin qısa və mənalı ömrünün müxtəlif mərhələləri –uşaqlıq, orta və ali məktəb illəri, əsgərlik dövrü əksini tapıb. İzləyicilər filmi seyr edərkən Çingizin hələ uşaqlıqdan aktiv, həmyaşıdları arasında seçilən biri olduğunu müşahidə edirlər. Filmdə hərbi hazırlıq müəlliminin söylədiyi fikirləri Çingizin vətənə məhəbbət ruhunda yetişdiyini bir daha təsdiq edir. Bu məqama yer verilməsini filmin uğurlarından biri hesab etmək olar. Belə ki, film hələ uşaq yaşlarından vətənə məhəbbət ruhunun aşılanmasının hərbi vətənpərvərliyin formalaşmasında vacibliyini ortaya qoyur, bununla bağlı mesaj vermiş olur. Bundan başqa, valideynlərinin, oxuduğu ali məktəbin müəllimlərinin, dostlarının, tələbə yoldaşlarının onun barəsində söylədiyi yüksək fikirlər Çingizin həqiqətən layiqli, vətənpərvər bir şəxsiyyət olduğunu və ondan cəbhədə yalnız qəhrəmanlıq gözlənə biləcəyini ortaya qoyur. Milli qəhrəmanın bu cəhətlərinin qabardılması filmin tərbiyəvi əhəmiyyətini də artırır.

Ümumilikdə ARB Media Qrupun belə bir mövzuya müraciət etməsi, Milli qəhrəmanımız haqqında film çəkməsi müsbət bir ənənə ortaya qoyur. Bu, milli qəhrəmanlarımıza, şəhidlərimizə göstərilən hörmətlə yanaşı, cəmiyyətdə, gənc nəsildə hərbi vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.
Təvəkkül Dadaşov
Milli Televiziya və Radio Şurası Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri


banner

Oxşar Xəbərlər