• çərşənbə axşamı, 23 aprel, 18:40
  • Baku Bakı 20°C

Çin iqtisadiyyatına öldürücü zərbə vuran virus

28.01.20 18:55 4363
Çin iqtisadiyyatına öldürücü zərbə vuran virus
Ekspertlər deyir ki, insanlarda Çin istehsalı olan məhsullara inamsızlıq yarana, onların ölkəyə gətirilən həcmi isə azala bilər
Çindəki epidemioloji vəziyyət səbəbindən "Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetiriləcək reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edilə, onlayn alındığı təqdirdə isə, müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks-əlaqə forması vasitəsilə əlaqə saxlanıla bilər.
Xəbər verdiyimiz kimi, hər il fevral ayında "Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur.
Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.
Son dövrlər Çində baş verən hadisələr, həmçinin alınan biletlərin qaytarılması həmin dövlətlə olan iqtisadi əlaqələrə də təsirsiz ötüşmür. Maraqlıdır, hazırkı vəziyyət Çinin ölkəmizdəki bazarına necə təsir edəcək, mənfi təsirlər olduğu halda, bunun qarşısını necə almaq olar?
İqtisadçı Rəşad Həsənov indiki vəziyyətin iqtisadi əlaqələrə mənfi təsir göstərəcəyini deyir: "Bu təkcə Azərbaycan xas deyil, Çinin dünyanın bir çox ölkəsi ilə iqtisadi əlaqəsi var və həmin əlaqələrdə də bənzər situasiyalar yaşanacaq. Bu da Çin iqtisadiyyatı üçün ciddi risk yaradır. Ümumiyyətlə, problemi iki istiqamətdən qiymətləndirmək olar. İlk olaraq, Çin iqtisadiyyatının daxilində yaşanacaq geriləmənin, yaxud da artım tempinin aşağı düşməsi dolayısı ilə Azərbaycan iqtisadiyyatına təsiri, hansı ki bu çox ciddi təsirdir. Çünki dünya bazarında neftə tələbatı formalaşdıran yeganə ölkə kimi Çində neftin qiyməti aşağı düşərsə, dünya bazarında da düşəcək və bu da Azərbaycanın ixracdan əldə etdiyi gəlirlərinin əhəmiyyətli şəkildə zəifləməsinə və valyuta ehtiyatları ilə bağlı bəzi problemlərin yaranmasına səbəb ola bilər. Eyni zamanda dövlət büdcəsinin neft sektorundan toplanan gəlirlərinin də aşağı düşməsinə gətirib çıxara bilər. İkinci istiqamət isə birbaşa ticarət əlaqələri ilə bağlıdır. Çin və Azərbaycan arasında ticarət əlaqələri 2.3-2.4 milyard ətrafındadır. Təxminən 1.7 milyardlıq malı idxal, 750 milyon dollarlıq malı isə ixrac edirik. Təbii ki, qeyd edilən rəqəmlər ölkəmiz üçün böyük məbləğlərdir. Sahibkarlarımız, biznes obyektlərimiz bu ölkədə nisbətən daha məhdud çərçivədə fəaliyyət göstərəcəklərsə, bu, ixracın həcminə təsir göstərəcək. Yəni ölkəmizdən malın alış səviyyəsi aşağı düşə bilər. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişaf tempini zəiflədəcək. Böyük ehtimalla yaxın zamanda Çindən idxala da müəyyən məhdudiyyətlərin tətbiq edilməsi gözlənilir”.
İqtisadçı qeyd edir ki, hətta bəzi dünya ölkələri bu prosesə başlayıb: "Çünki virusun ötürülməsi həm yeyinti, həm də digər məhsullar vasitəsilə mümkündür. Azərbaycan da bu prosesə qoşula bilər. Belə olan halda, ölkəmizdə nisbətən aşağı qiymətli Çin məhsullarının həcmi azalacaq. Burada təzyiq iki istiqamətdə olacaq. Birinci, insanların Çində istehsal edilən məhsullara güvəninin, digər tərəfdən isə Çindən gələn məhsulların həcminin aşağı düşməsi. Nəticədə, bu məhsullara olan tələb azalacaq, bazardakı mövcud qiymət isə artacaq. Bunların hansının daha güclü olacağını zaman göstərəcək. Böyük ehtimalla orta və uzun müddətli dövr üçün Çinlə Azərbaycanın ticarət əlaqələrinin ümumi həcmində əhəmiyyətli dərəcədə azalma olacaq ki, bu da dolayısı ilə ölkəmizin biznes məhsullarının ixracına, həm də əhalinin alıcılığına mənfi təsir göstərəcək. Çünki nisbətən ucuz məhsullar məhz bu ölkədən gətirilirdi. Amma bunun əvəzində daha baha məhsulların bazara çıxarılması vətəndaşların istehlak qabiliyyətini məhdudlaşdıracaq”.
R.Həsənov son olaraq bildirdi ki, bu çox mürəkkəb məsələdir, belə hallar fors-major hesab edilir. Ona görə ölkəmiz mümkün qədər çalışmalıdır ki, ixrac bazarını şaxələndirsin və yerli istehsal məhsullarının alternativ bazarlara çıxarılmasına nail olsun.
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə isə, bir aviareysin dayandırılması ölkələr arasındakı münasibətə zərbə vura bilməz: "Qeyd edilən vəziyyət, təbii ki, dünya ölkələri ilə Çinin əlaqələrinə təsirsiz ötüşməyəcək. Amma konkret olaraq Azərbaycanla Çin arasındakı əlaqəyə gəlincə, demək olar ki, bu əlaqə strateji xarakter daşıyır. Düşünmürəm ki, sadəcə reyslərin dayandırılması Çinlə aramızdakı əlaqələri mənfi təsir göstərsin. Amma virusla bağlı vəziyyət kəskinləşərsə, bu, Çin məhsullarının bütün dünya bazarlarında satışına, çinlilərin turist kimi digər ölkələrə səfərinə ciddi şəkildə təsir göstərəcək. Azərbaycan da dünyanın bir parçası olduğu üçün Çin istehsalı olan məhsulların satışında müəyyən mənada çətinliklər yaranacaq. Lakin bu, hələ ki ehtimaldır. Real olaraq bu və ya digər bir aviareysin dayandırılması ölkələr arasındakı münasibətə zərbə vura bilməz. Təbii ki, sahibkarların işinə mənfi təsirləri olacaq. Amma nəzərə almaq lazımdır ki, Çinlə Azərbaycanın əlaqələri daha geniş xarakter daşıyır. Yəni bunu belə xırda ticarət münasibətləri səviyyəsində düşünmək düzgün deyil. Bundan sonrakı mərhələdə vəziyyətin daha da pisləşməsi real görünmür. Lakin virusun yayılma arealı genişlənərsə, bu, nəinki Azərbaycan-Çin, ümumiyyətlə, Çinin bütün dünya ölkələri ilə iqtisadi əlaqələrinə mənfi təsir edəcək”.

Günel Azadə
banner

Oxşar Xəbərlər