• cümə axşamı, 28 mart, 20:25
  • Baku Bakı 13°C

Çin investisiyaları Azərbaycanda

28.08.20 17:37 2845
Çin investisiyaları Azərbaycanda
South China Morning Post: "Bu, hər iki ölkə üçün uduşlu variantdır”

Çin və Avropanın arasında yerləşən Azərbaycan Pekin üçün etibarlı nəqliyyat tərəfdaşı kimi qəbul olunur. Davam edən uğurlu işgüzar əməkdaşlıq iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsinə səbəb olmaqdadır. Bu nəticəyə Honkonqun gündəlik South China Morning Post nəşrində dərc olunan Chinese investiment in Azerbaijan is a win-win for both countries başlıqlı məqalədə gəlinir. "Əməkdaşlığın belə nümunələrindən birinə iyunun 20-də yük qatarının yola düşməsi oldu. 43 vaqondan ibarət qatar Çindən Azərbaycan keçməklə İstanbula yola düşüb. Yük Bakı limanında qəbul edildikdən sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatdırılıb. Limanın köməkliyi ilə Çindən gələn yüklər mütəmadi olaraq Azərbaycan ərazisindən Türkiyəyə çatdırılır”, - deyə məqalədə bildirilir. Müəllif yazır ki, Azərbaycanın tranzit ölkə kimi Çin üçün rolu yük daşınmaları ilə məhdudlaşmır. Çünki Çin Asiya-Avropa telekommunikasiya dəhlizi üçün regional lider olmağa və internet-trafikin ötürülməsinə cəhd göstərir. Avropa və Çin arasında telekommunikasiya körpüsü rolu oynamaq Azərbaycana böyük fayda verir. Həqiqətən də Azərbaycan həm tranzit ölkə kimi, eləcə də telekommunikasiya və logistika imkanlarının möhkəmləndirilməsindən gəlir əldə edir. Çindən Avropaya ən qısa müddətli dəmir yolu daşınmaları Azərbaycandan keçir. Azərbaycandan keçən nəqliyyat dəhlizi mövcud infrastruktur və Avropaya yaxınlıq baxımından, eləcə də, digər transkontinental nəqliyyat dəhlizləri ilə müqayisədə üstünlüklərə malikdir. Ən əsası, Çin üçün ən az məsrəfli marşrutdur”.
O da qeyd edilir ki, Azərbaycan Çin və Avropanı bir-biri ilə birləşdirən nəqliyyat marşrutlarına böyük diqqət ayırır. Daha dəqiq ifadə etsək, prezident İlham Əliyev 2015-ci ildə Çinə səfər etdikdən və iki arasında Böyük İpək yolunun dəstəklənməsi məqsədilə imzalanan Bəyannamədən sonra bu əməkdaşlıq xeyli güclənib: "Azərbaycanın "Bir dəhliz - bir yol” təşəbbüsünə pozitiv münasibəti tranzit tərəfdaşlığı çərçivəsindən çıxan ticarət tərəfdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli zəmindir. Bəllidir ki, neftlə zəngin Azərbaycan tarixi İpək yolu üzərində yerləşir. Çin nəhəng planı olan Şərq-Qərb nəqliyyat dəhlizinin daha çox inkişafında maraqlıdır”.
Müəllif yazır ki, Azərbaycan Xəzər dənizindən Avropaya kimi uzanan və özünün iqtisadi diversifikasiyası strategiyası çərçivəsində dəmir yollarının, dəniz limanlarının, avtomobil yollarının və loqistika mərkəzlərinin inkişafına ciddi investisiya və vəsait sərf edib. Bakı yük terminalı, Bakı limanı, Xəzər dənizində müasir yük gəmiləri və Bakı-Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinə verdiyi böyük töhfədir: "Azərbaycanın Çinlə maliyyə tərəfdaşı kimi əməkdaşlığı hər iki ölkənin maraqlarına uyğun gəlir. Mərkəzi Asiyadan Xəzər dənizinə kimi Çin mallarının nəqli Azərbaycanın dəstəyi hesabına əlverişlidir. Azərbaycan Çin üçün aktiv ticarət tərəfdaşına çevrilir. Bu il ikitərəfli ticarətin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 67 faiz artıb. Azərbaycan və Çin arasında ticarət iki ölkənin dəstəyi ilə yüksək templə davam edir. Bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına birbaşa xarici və özəl investisiyaların cəlb edilməsinə tələbat var. Bu istiqamətdə Çinin özəl şirkətləri maliyyə kəsirinin doldurulması və investisiyaların mənbəyi rolunu oynaya bilər. Ötən vaxtlarda Azərbaycan Çin investisiyalarının ölkəyə daxil olmasını alqışlayıb. 2019-cu ildə keçirilən "Bir dəhliz - bir yol” ikinci forumunda Azərbaycan və Çin şirkətləri arasında 821 milyon dollarlıq saziş imzalanıb. Əgər Azərbaycan böyük həcmdə Çin investisiyalarının cəlb edilməsi üçün çərçivə müəyyən edərsə, bu, hər iki tərəf üçün uduşlu variant olacaq. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü Çinin özəl şirkətlərinin investisiyalarının axını gücləndirə, eləcə də, qarşılıqlı etimadın güclənməsinə səbəb ola bilər”. Məqalədə o da qeyd edilir ki, "lakin hazırda Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycan hökuməti üçün prioritet deyil. Belə ki, hökumət milli iqtisadiyyatın rəqabətə davamlılığının möhkəmləndirilməsi ilə məşğuldur. Ola bilsin ÜTT-yə üzvlük gələcəkdə reallaşsın”.
Bundan əlavə, Çin Azərbaycandan keçib gedən nəqliyyat dəhlizini iqtisadi və coğrafi cəhətdən prioritet elan etmək qərarına gəlib. Bu da ölkələr arasında iqtisadi və ticarət münasibətlərini daha da möhkəmləndirəcək. İnvestisiyalar və ticarət haqqında ikitərəfli razılaşmalar imzalana bilər. Bunlar Azərbaycan iqtisadiyyatına Çinin özəl investisiyalarının artırılması üçün zəmin yarada bilər. Ölkələr arasında bu cür razılaşmalar hər iki dövlətin xeyrinə olacaq. Məqalənin sonunda vurğulanır ki, nəqliyyat dəhlizinin tam mənada inkişaf etdirilməsi Çin və Azərbaycan arasında bu layihə üzrə yalnız qarşılıqlı yaxınlıqla güclənə bilər: "Çin tərəfindən Azərbaycana texniki dəstək və investisiya olmadan nəqliyyat dəhlizini tam şəkildə reallaşdırmaq mümkün olmazdı. Eyni zamanda "Bir dəhliz, bir yol” çərçivəsində telekommunikasiya dəhlizində Azərbaycanın rolu Çin üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan üçün ÜST-yə üzvlüyün prioritet olmadığını nəzərə alsaq, o zaman rəsmi Bakı Çinin özəl investorlarına ikitərəfli sazişlər əsasında daha çox bazar məkanı yaratmalıdır. Bundan isə hər iki ölkə udacaq”.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər