• çərşənbə axşamı, 19 mart, 08:48
  • Baku Bakı 8°C

İmtahanda maksimum nəticə göstərib, atasını üstələyən müəllimə

01.08.17 12:18 6515
İmtahanda maksimum nəticə göstərib, atasını üstələyən müəllimə
O, hesab edir ki, müəllim hansı fənni tədris edəcəksə, ilk olaraq onu şagirdlərə sevdirməli, onlara nə üçün lazım olduğunu aşılamalıdır. Bundan sonra şagird də həmin fənni daha həvəslə oxumaqda maraqlı olacaq. Bu fikirləri bizimlə söhbətində iki gün öncə müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanda mövcud 60 sualın hər birinə doğru cavab yazan Günay Allahverdiyeva bildirdi. Ən yüksək nəticəni göstərən Günay xanımla əlaqə saxlayıb, təəssüratlarını öyrəndik.
- Nəticə yüksəkdirsə, deməli, əziyyət də çox olub. Bu nəticə necə əldə olundu?
- Riyaziyyat mənim genimdə var. Babam riyaziyyat muellimi olub. Atam da bu sahədədir. Bir çox qohumum riyaziyyat müəllimidir. Ona görə də, buna gendən gələn bir bacarıq da demək olar. Orta məktəb vaxtından məndə də riyaziyyata maraq yaranıb. Ali təhsillə bağlı plan quranda da, məqsədim riyaziyyat muellimi olmaq idi.
- Atanızın istiqamətləndirməsi olmayıb?
- Xeyr, özüm artıq uşaq yaşlarımdan riyaziyyatı sevməyə başlamışdım. Həm də atamın sənətini davam etdirmək istəyirdim. Onun kimi riyaziyyat muellimi olmaq arzusunda idim. Bu istəyim zamanla reallaşdı.
- Riyaziyyat dəqiqlik tələb edir, rəqəmlərlə çalışmaq lazımdır. Çünki rəqəmlərlə işləmək çox adama ağır gəlir. Uşaq vaxtından belə rəqəmlərlə işləmək sizə çətin gəlmirdi?
- Xeyr. Digər fənlərlə müqayisə edəndə, riyaziyyat mənim üçün çox sadə idi. Tarix oxumaqdansa, riyaziyyatla məşğul olmaq mənim üçün daha maraqlı olub. Amma bu o demək deyil ki, digər fənlərə münasibətim yaxşı olmayıb. Əskinə, orta məktəb dövründə bütün fənləri yaxşı oxumuşam. Həm də atam məktəbdə müəllim olub deyə, bu, mənim məsuliyyətimi daha da artırırdı. O mənada ki, istəmirdim hansısa müəllim atama "Günay bu fənni oxumur”, yaxud "zəifdir” desin.
- Orta məktəbdə atanızın müəllim olmağı məsuliyyətinizi daha da artırıb. Bəs universitet illərində necə?
- (Gülür) Bakalavr təhsilimi Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika fakültəsində almışam. Düzdür, universitetə daxil olduğum ilk vaxtlarda məni həvəsdən salacaq bəzi nüanslar olurdu. Amma bu məqamları çox yaxına buraxmadım. Çünki hələ universitetə qəbul olanda bir qohumumuz atama demişdi ki, inşallah Günay universiteti qırmızı diploma bitirər. Atam da sevinmişdi bu arzuya. Hiss etdim ki, atam mənim o uğuru qazanmağımı çox istəyir. Universitet müddətində çox əziyyət çəkmişəm. Müəllimlərim məni çox istəyirdilər, hörmət edirdilər. Hər semestrdə əlaçı olmuşam. Tam ideal tələbə olduğumu deyə bilmərəm. Qırmızı diplom üçün 4 almaqla bağlı müəyyən hədd var. Bəzi fənlərdən 4 alsam da, universiteti qırmızı diplomla bitirdim.
- Maraqlıdır, 60 sualın cavabını tam dəqiqliklə bilirdiniz?
- Əslində, ixtisasımla bağlı suallar mənim üçün çox asan idi. Düzü, belə gözləmirdim. İki ildir magistratura oxuya-oxuya hazırlıqla məşğulam, kurslarda işləyirəm. Mən daha çətin tipli suallar işləmişəm, nəinki belə. Bu sualları görəndə, düzü, təəccübləndim. Öz ixtisasım mənim üçün normal gəldi. Magistraturaya hazırlaşanda isə məntiq üzərində də işləmişdim, öyrənmişdim. Magistratura balım da yaxşı olmuşdu. Əsas kurrikulumdur. Çox adam bu istiqamətdə suallardan şikayətlənir. Kurrikulumla bağlı kitabı normal oxuyub, dərk edəndə, o suallar da çox çətin gəlmir. Kitabı əzbərləmək yox, dərk edərək oxumağı nəzərdə tuturam. Əslində, 58-59 düz cavab gözləyirdim. Çünki bir-iki sualı bilmək olmur. 60-ı isə artıq şansa da bağlamaq olar. Nəticə bilinəndə sevincdən ağladım. Hətta həyəcandan orada bizə verilən "qaralama”nı da əlimdə götürmüşdüm. Şəklimi çəkib, yüksək nəticə göstərən biri olaraq sosial şəbəkədə paylaşıblar. Rəy yazıblar ki, "qaralama” kağızını imtahan zalından çıxarmağa qoymurlar, necə olur ki, onun əlindədir? Amma inanın elə həyəcanlı idim ki, əlimdə o kağız və qələmi tutduğumu hiss etmirdim.
- Özünüzü şanslı hesab edirsiniz?
- Bəli, hər cəhətdən özümü çox şanslı hesab edirəm.
- Bu balla istənilən vakansiyanı seçə bilərsiniz. Seçim edibsiniz?
- Düzü, mən bu il imtahan verib, vakansiyanı gələn il seçmək istəyirdim. Ailə vəziyyəti ilə bağlı olaraq əvvəlcədən plan belə idi. Amma nəticə deyəsən planı dəyişir. 60 bal olduğu üçün adam bir az risk etmək istəmir. Çünki gələn il necə olacağını müəyyənləşdirmək olmur. İmtahan dünən olub, hələ ki, harda çalışacağımı seçməmişəm. Vakansiyalara demək olar ki baxmamışıq. Onu da qeyd edim ki, atam da dünən imtahanda iştirak edirdi. O isə 57 bal toplayıb. O, məndən əvvəl çıxıb imtahan verdiyimiz binanın həyətində gözləyəndə, deyib ki, mən 57 yığmışamsa, qızım mütləq məndən iki-üç bal çox toplamalıdır. Mən ağlaya-ağlaya çıxırdım. Atam elə bilib ki, yaxşı yazmamışam. Nəticəni eşidəndə isə sevindi.
- Necə bir müəllim olmağı qarşınıza məqsəd qoyubsunuz?
- Uşaqlarla işləməyi çox sevirəm. Düzü, magistraturanı riyaziyyat üzrə deyil, MBA proqramı ilə iqtisadiyyat üzrə oxumuşam. O vaxt düşünürdüm ki, iqtisadi sahədə də işləyə bilərəm. Bu istiqamətdə savadım, bacarığım var. İqtisadi sahəni də öyrənsəm, tam olar. Magistraturanı Gəncə Dövlət Aqrar Universitetində oxumuşam. Birinci kursda yüksək balla müəllim işləmək şansı qazandım. Orada uşaqlarla işlədim. Bu, mənə çox xoş təsir bağışladı. Düzdür, magistratura təhsilimi davam etdirsəm də, fikrim ancaq müəllimlikdə idi.
- Müəllimlərinizi nümunə kimi götürsək, onlardan öyrəndiyiniz nələri öz fəaliyyətinizdə tətbiq edəcəksiniz və nələri dəyişəcəksiniz?
- Mən orta təhsilimi Goranboy rayonunda yerləşən Kəlbəcər rayon 32 saylı məktəbdə almışam. Özümüz kəlbəcərliyik. Bizim məktəbdə uşaq sayı az olur. Universitet vaxtı şəhər məktəblərində təcrübədə olanda təhsilə baxıb məəttəl qalırdım. Mənim kənddə aldığım təhsil hara, şəhərdəki hara. Universitetə hazırlaşanda iki fəndən - kimya və ingilis dilindən hazırlığa getmişəm. Ona görə ki, bizim məktəbdə kimya və ingilis dili müəllimi olmayıb. Başqa fənn müəllimləri onları tədris edib. Bibim oğlu fizika müəllimidir, həmin fənni o hazırlayıb, riyaziyyatı isə atam. Azərbaycan dilindən isə hazırlığa getməmişəm, özüm oxumuşam. Bizim məktəbdə güclü təhsil olub. Azərbaycan dilindən hazırlığa ona görə getməmişəm ki, müəllim deyib ehtiyac yoxdur. Yüksək səviyyəli dərs keçilib, heç bir müəllim dərsə başdansovdu yanaşmayıb. Sinifdə 5 nəfər olmuşuq, hər birimiz də tələbə adını qazanmışıq. Bu, böyük nəticədir. Mənə görə tədris edəcəyin fənni uşağa sevdirmək istəyirsənsə, onun uşağa nə üçün lazım olduğunu öyrətməlisən. Əgər uşaq onu bilməsə, həmin fənni oxumaqda maraqlı olmayacaq. Riyaziyyatı uşaqlara sevdirərək tədris edəcəyəm.
Aygün ASİMQIZI
banner

Oxşar Xəbərlər