• çərşənbə axşamı, 19 mart, 07:02
  • Baku Bakı 8°C

İMRE KERTESƏ VİDA

11.09.17 15:35 9819
İMRE KERTESƏ VİDA
Budapeştdə 17 dostuyla birlikdə Auşvitz əsir düşərgəsinə aparıldı, orada minlərlə uşaq, həmçinin onunla birlikdə eyni avtobusda olan on dörd-on beş yaşlarındakı 16 uşaq da öldürüldü, bircə o sağ qaldı, çünki 2016-cı ilin 31 martına hələ çox vardı, çünki "Talesiz”, "Doğulmayan uşaq üçün dua”, "Məğlubiyyət”, "Dedektiv bir hekayə” kimi kitablarını hələ yazmamışdı...
Yaxın zamanlarda dünyanın bir çox önəmli yazarları vəfat etdi! (Bu cümlə ayrıca abzasa layiqdir!)
Yazarların ölümü ilə onların kitablarını oxumağım arasında qəribə bir bağ olduğunun fərqinə vardım. Umberto Ekonun romanını ("Baudalino”) yenicə oxuyub bitirmişdim ki, yazarın öldüyünü eşitdim. Eyni hal bundan öncə Tahsin Yücəl də baş vermişdi ("Qonşular”). Bu hal son olaraq İmre Kertesdə təkrarlananda qəribə bir günah duyğusuna qapıldım. Belə düşünməyimdə Orxan Pamukun (Allah qorusun!) "Qara kitab”ı haqqında Mimar Sinan Gözəl Sənətlər Universitetində qısa mühazirə oxumağımın, romanın ab-havasının, tez-tez qarşımıza çıxan sözlərin sirr, gizli işarələr olmasının da təsiri var. Və yarızarafat, yarıciddi deyim ki, bir müddətdi kitab seçimi edərkən müəllifinin sağ olmamasına diqqət edirəm...
Bir zamanlar Nobelli yazarları sırayla oxumaq, hər biri haqqında qısa da olsa qeydlər yazmaq istəmişdim. İşin sıra qismi tərcümə və bəzi kitabları əldə edə bilməməyimdən, yazmaq tərəfi isə təhsilim, bir az da akademik araşdırmalara meyl etmək səbəbindən ertələndi. Amma o zaman (mütaliə üçün bakalvr dönəmindən əla fürsət yoxdur!) Imre Kertesin iki romanını oxumuşdum. Ölümündən iki həftə öncə oxuduğum kitabı isə "Dosya K.” idi. Öncə bu ad mənə nədənsə Kafkanı xatırlatdı (təbii, həmişə K. hərfini Kafkaya bağlayacaq qədər fanatik deyiləm). Bəlkə də, bu düşüncəni yaradan nə vaxtsa Kafkanın "Məhkəmə” romanı barəsində yazılan bir məqalənini adının "Dosya K.” olmasıydı. Qısacası, Biron Paşanın dediyi kimi, bircə qüsurum varsa, o da mövzudan uzaqlaşmağımdır...
"Dosya K” yazıçının dostu və redaktoru Zoltan Hafner ilə 2003-2004-cü illərdəki uzun müsahibəsindən ibarətdir. Bu uzun söhbətdə sevmədiyiniz suallar, sizi qane etməyən, sıxıcı gələn cavablar, əlbəttə, olacaq. Amma "Dosya K.”nın oxumaq üçün bir neçə səbəb var. Ən birincisi bu kitaba Auşvitzdə başına bəlalar gəlmiş və indi onu bir jurnalistin suallarını cavablandıran hadisənin sıradan şahidi yox, XX əsrin maraqlı yazıçılardan biridir. İkincisi isə əsir düşərgələri barədə ətraflı məlumat almaq üçün bir çox sənədli filmlər, faktlara dayanan kitablar var. Bu kitabda əsir düşərgələrində yaşananların necə yazı materialına çevrildiyini görmək olar. Yazıçı kitaba yazdığı qısa giriş sözündə, əslində, "Dosya K.”nın müsahibə kimi yox, bir roman kimi də oxuna biləcəyini yazır:
"...Əgər Nitsşenin roman janrının Platonun "Dialoqlar”ından ilham aldığını fikrini qəbul etsək, oxucunun əlində tutduğu bu kitab bir romandır”.
Doğrudur. O, bu kitabda öz həyatını danışdıqca biz onun "Talesiz”, "Doğulmayan uşaq üçün dua”, "Məğlubiyyət” kimi romanlarını xatırlayırıq. Bu kitabların hamısının istinad nöqtəsi yazıçının Auşvitz əsir düşərgəsində gördükləri, yaşadıqlarıdır. Ona Nobeli qazandıran da elə bu trilogiya idi (hərçənd yazar o romanlara trilogiya deyilməsinə etiraz etməsə də, belə bir qruplaşdırmanı doğru hesab etmir). İndi onun qazandığı uğurların, mükafatların əsas səbəbini siyasi olduğunu, bütün yaradıcılığı boyunca yalnız bir mövzunu - yəhudi soyqırımını işləməsində axtaranlar, bu yazını da onun Nobelinə aldanaraq yazılan esse kimi dəyərləndirənlər olacaq. Olacaqsa, qeyd etməkdə fayda var ki, onun ilk romanı "Talesiz” yəhudi soyqırımının qurbanlarını ələ saldığı gərəkçəsi ilə bir sıra nəşriyyatlar romanı çap etməkdən imtina etmişdi. Ürəyinizdəki şübhələri biraz da azaltmaq üçün İmre Kertesin "Auşvitzdən sonra şeir yazılmaz” deyən Adornoya verdiyi cavabları tapıb oxuya bilərsiniz. Şübhələr yox oldumu? Aramızda səmimi bir bağ yarandımı? O zaman bir sonrakı abzasa, ardımca...
"İnsan tərəddüdə düşdüyü zaman sənətinin hansı köklərdən bəsləndiyini bilməsində yarar var”, - deyir İmre Kertes. Bir yazarın ədəbi qaynaqlarını, ədəbi əcdadlarını əlbəttə mətnlərindən görmək mümkündür. Amma bu, geniş oxucu tərəfindən hər zaman anlaşılmır, çünki bəzən bunlar mətndə gizli şəkildə, sezdirərək, üstüörtülü işarələrlə olur. Ancaq məqalə, reportaj, müsahibələrdə bu münasibətlər daha açıq şəkildə anlaşılır. Çünki bədii mətndən fərqli olaraq müsahibələr qurğudan, fantaziyadan arınır (Markes həmişə istisnadır!). Bu baxımdan yaşaqdılarını ədəbiyyat dünyasına daxil olmaq üçün ödədiyi bədəl kimi görən yazarın həyatının detallarını öyrənməyə dəyməzmi?
İmre Kertes uşaqlığında yetişkin insanların belə dözə bilmədiyi, psixoloji sarsıntılar keçirdiyi olaylara şahid oldu və bu dəhşətli hadisələri yaşamaqla yetinmədi, onları qəbul olunan tərzdə, həm də əsir düşərgələrindən bəhs edən "ənənə”nin bir parçası olaraq yazmağı bacardı. Yazar bütün bu hadisələrə uşaq olduğu üçün dözdüyünü, baş verənlərə gülə bildiyi, onları bir zarafat, gülməli əhvalat kimi kimi qəbul etdiyindən ötrü sağ(lam) qaldığını deyir.
Qəribədir ki, bir romançının kitabları arasında ən çox bəyəndiyim müsahibələr kitabıdır. Bunun səbəbi estetik baxışlarımızın üst-üstə düşməməsi, bir az da romanlarda keçmişin İmre Kertes kimi təqdimatını sevməməyim, hər romanında Auşvitzin müxtəlif aspektlərini deyil aşağı-yuxarı eyni şeyləri deməsi, mətnlərin bir-birinin təkrarı təsirini bağışlaması, uşaq qəhrəmanlarının hamısını özünə bənzətməsi, onları həddindən artıq dünyanı anlamayan, duyğusuz kimi göstərməsidir. Amma kim bilir bəlkə də, İmre Kertes sizin ən çox sevdiyiniz yazıçı ola bilər...
...Budapeştdə 17 dostuyla birlikdə Auşvitz əsir düşərgəsinə aparıldı, orada minlərlə uşaq, həmçinin onunla birlikdə eyni avtobusda olan on dörd-on beş yaşlarındakı 16 uşaq da öldürüldü, bircə o sağ qaldı, çünki 2016-cı ilin 31 martına hələ çox vardı, çünki "Talesiz”, "Doğulmayan uşaq üçün dua”, "Məğlubiyyət”, "Dedektiv bir hekayə” kimi kitablarını hələ yazmamışdı...
Ramil Əhməd
banner

Oxşar Xəbərlər