• cümə axşamı, 28 mart, 13:49
  • Baku Bakı 16°C

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Daşkənddə konfrans təşkil edilib

01.12.19 17:45 697
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Daşkənddə konfrans təşkil edilib
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan "Mən mülki-cahan, cahan mənəm, mən” adlı konfrans keçirib.
AZƏRTACxəbər verir ki, universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində baş tutan tədbirdə Özbəkistanın şair və yazıçıları, alimlər, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mərkəzin sədri Firdovsi Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "İmadəddin Nəsimi ili” elan olunub və bununla bağlı həm Azərbaycanda, həm də xaricdə müxtəlif tədbirlər keçirilir, şairin kitabları çap olunur.
Universitetin prorektoru Abulxay Sabirov Nəsiminin ölməz poeziyası haqqında söhbət açıb. O deyib ki, Nəsimi ancaq Azərbaycan xalqının yox, həm də bütün türk dünyasının şairidir. Bəşəri ideyalar təbliğ edən bu dahi şair Şərq ədəbiyyatının incisidir. İnsanlar əsrlərlə bu xəzinədən bəhrələnib və zaman durduqca Nəsiminin əsərləri yaşayacaq.
Diasporla iş üzrə Dövlət Komitəsinin aparıcı mütəxəssisi Elmira Hacıyeva bildirib ki, 50 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Nəsiminin 600 illiyi yüksək səviyyədə qeyd olunub. Nəsimi haqqında ölkəmizdə eyniadlı film çəkilib və populyarlıq qazanıb. Bakıda Nəsiminin möhtəşəm heykəli ucalır, paytaxtda Nəsiminin adını daşıyan rayon var. Bütün bunlar böyük şairə olan hörmət və ehtiramın ifadəsidir.
Professorlar Nurbay Jabborov, Nasrulla Jumayev, Baxtiyar Menqliyev, dosent Gulbaxor Aşurova, Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin bölmə müdiri Dilnur Kərimov, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin üzvü Leyla Şirinova və başqaları Nəsiminin mənəvi azadlığa, bəşəri dəyərlərə, əmin-amanlığa çağıran ölməz poeziyası haqqında söhbət açıblar.

banner

Oxşar Xəbərlər