AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının qarşısını alacaq

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının qarşısını alacaq

Cəmiyyət
06 Aprel 2020, 22:34 113
Ölkəmizdə tibbi maska istehsalı koronavirusla mübarizəyə mühüm töhfədir.
Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Fabriki MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında xalq müraciəti zamanı çox önəmli məqamlara toxunduğunu deyən politoloq qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da dayandırıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır.
İ.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət qurumları və təşkilatlar tərəfindən qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olunub:
"Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Bu zərurətin yaranması bütün dünyada geniş yayılmış "COVİD 19" pandemiyası ilə əlaqədardır. Lakin bu müəssisənin xidmətlərindən gələcəkdə də müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Xüsusi qeyd etmək lazımdır ki, tibbi maska istehsalı Azərbaycanın bu sahədə asılılığını aradan qaldırırdı. Eyni zamanda, ölkəmizdə qısa müddət ərzində dezinfeksiya vasitələrinin istehsalı da təşkil edildi”.
Politoloqun fikrincə, ölkəmizdə yerli istehsalın yaranması ilə apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının qarşısı alınacaq:
"Ölkəmizin potensialı və maliyyə imkanları imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun. Azərbaycanda yaradılmış bütün istehsalat və infrastruktur layihələri uğurla icra olunur. Vətəndaşlarımızın sağlamlığı bu gün ölkəmizdə bir nömrəli prioritet hesab olunur, xalqımızın mili birliyi, həmrəyliyi və bu məsələdə məsuliyyəti Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir”.