İllər arxada qalır

İllər arxada qalır

Mədəniyyət
10 Oktyabr 2019, 09:30 600
Oktyabrın 10-da şair Fərid Hüseynin doğum günüdür – deyə redaksiyada jurnalistlər öz aralarında danışırlar. Çağırıb özündən soruşuram: 

– Fərid, oktyabrın 10-da doğum günündür, neçə yaşın tamam olur?

Güclə eşidiləcək bir tərzdə:

– 30 olur, – deyir. 

İnana bilmirəm, elə bil, dünən idi. Fəridin "Kaspi”dən mənə istedadlı şair kimi təqdim olunması… Elə bil, dünən idi işə başladığı gündən istedadı və əxlaqı ilə hamının hörmət və ehtiramını qazanması… Elə bil, dünən idi sevincək halda Təbrizdə şeir müsabiqəsinə dəvət olunmasını bizə xəbər verməsi…

Amma bu xəbəri şəxsən mənə çatdıranda, gedəcəyi zamanı deyəndə daxildən keçirdiyim narahatlıq bir ana hissiyyatının duyduqları idi. 

Bir neçə gün sonra İran təhlükəsizlik orqanlarından birinin onu və dostu şair Şəhriyar del Geranini həbs etməklərini eşitdik. 

"Kaspi” olaraq "Fəridə azadlıq” şüarı o qayıdanacan qəzetin səhifəsində qaldı. Azərbaycan dövləti bu istedadlı övladlarının haqsız həbsinə qarşı mübarizəyə qalxdı və onların azadlığına nail oldu.

O vaxt mən "301-ci azərbaycanlı Fərid” adlı məqaləmin sonunda onu həbs edənlərə müraciətlə yazmışdım: "Gənc bir şairi şeir məclisi adına aldatmaq çox asandı…
 
Tanrı qədər müqəddəs olan sözün, şeirin ardınca uça-uça gələn o gənc şairlərin qəlbi və düşüncəsi dağ çiçəyi kimi tər-təmiz olduğu halda onları aldatmaq, bu tələni quranlara çox asan başa gəldi”.

Həmin məqalədə onu da vurğulamışdım ki, Fərid qayıdanda söyləyəcəyəm ki, şeirlərində taleyinlə, başına gələcəklərlə bağlı öngörümlü məqamları aydınca hiss olunub. Bu həqiqətən belə idi…

İllər arxada qalıb… İlk görüşdüyümdə sakit, bir az da qapalı, yüksək əxlaqlı, utancaq təsir bağışlayan Fərid elə bil, bir dəfə qocalıb, təzədən gənc olmuş kimi çoxlarına müdrik ağsaqqal təsiri bağışlayır. İndi daha dolğun yaradıcılıq prosesinə malik gənc kimi ömrün üçüncü onluğunu haqladı. 

Azərbaycan ədəbi mühitində kifayət qədər çəkiyə malik olaraq, həm də bir gənc şair kimi yaradıcılıq ödülləri ilə mükafatlandırılıb. Öz yaşıdları arasında yüksək zəhmətsevərliyi, həm də daim elmi, bədii axtarışlarından yorulmazlığı ilə seçilməyi bacarıb.

Fərid, Tanrının sənə bəxş etdiyi ömrün halal qazancı olan üç onluğun mübarək! İnşallah, qarşıda səni çox uğurlu onilliklər gözləyir. Xalqımızın milli-mənəvi xəzinəsinə bəxş etdiyin söz cavahiratın bol olsun. Eləcə də müstəqil Azərbaycan Dövlətinin tərəqqisini işıqlandıran media rəhbəri kimi qələmin kəsərli, sözün iti, fikrin daim işıqlı olsun!
 
Sona VƏLİYEVA