AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlk peykimiz kosmosa çıxır

İlk peykimiz kosmosa çıxır

İqtisadiyyat
07 Fevral 2013, 11:58 2466
Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın ilk peyki “Azərspace-1” Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq. İlk peykimizin fəzaya qaldırılıacağı məkan isə Fransanın Cənubi Amerikada yerləşən Qviana Kosmik Mərkəzinin Kuru kosmodromudur.

İlk peykimizin fəzaya buraxılması Azərbaycana nə verəcək. Peykimiz orbitdə olandan sonra hansı sahələrdə dəyişiklik yaranacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bu barədə qəzetimizə danışdı.

Peykimizin 20 faizini özümüz istifadə edəcəyik
Nazirlik sözçüsü Azərbaycanın ilk rabitə peykinin ümumi çəkisinin 3250 kq, istifadə müddətinin 15 il olduğunu dedi. Bildirdi ki, “Azərspace-1” telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Bizim peykin əhatə zonasına Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsi daxildir. Tam açılmış halda peykin ölçüləri 23.6m x 8.9m x 5.6m-dir. “Azerspace-1” ekvatorun üzərində Yerdən 36 min km məsafədə Geostasionar orbitdə, 46 dərəcə şərq uzunluğunda yerləşəcək. Yer səthinə nəzərən peyk Somali yaxınlığında Hind okeanı üzərində olacaq.

Peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək. Bir sözlə, milli peykin ehtiyatlarından daxili tələbat və beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırılır. Artıq peykin imkanlarının 40 faizi Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli 885 nömrəli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. İlk telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması məqsədilə ötən il müvafiq olaraq ABŞ-ın "Orbital Sciences Corporation" və Fransanın "Arianespace" şirkətləri ilə müqavilələr imzalanıb.
Qazancımız nə olacaq?

M.Əmirovun sözlərinə görə, telekommunikasiya peyki olan “Azerspace-1” vasitəsi ilə radio və televiziya yayımının həyata keçirilməsi, kəsintisiz və şifrələnmiş rabitə əlaqəsinin qurulması, yüksəksürətli internet şəbəkəsinin və məlumatların ötürülməsi sisteminin təmin edilməsi nəzərdə tutulur. Peyk istifadəyə verildikdən sonra diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi, kosmik sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması və s. təmin ediləcək. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara rəvac verəcək və bu da öz növbəsində innovasiyalara yol açacaq. Həmçinin telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcək.

250 milyon qarşılığında 650 milyon
Nazirlik sözçüsünün dediyinə görə, ilkin hesablamalar göstərir ki, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. “Azərspace-1” telekommunikasiya peykinin istehsalı və orbitə buraxılması ilə bağlı layihənin dəyəri 250 milyon ABŞ dolları həcmindədir. Layihənin 15 faizi Azərbaycanın dövlət büdcəsi hesabına, 85 faizi isə xaricdən alınan kreditlər hesabına həyata keçirilir. Peykin gəlirlərinin isə istismar müddəti ərzində təqribən 650 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, peykin əsas idarəetmə mərkəzi Bakının Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda olacaq. Ölkəmizin ilk peyki Azərbaycandakı Yerüstü Peyk İdarəetmə Mərkəzindən idarə ediləcək.
İnsan ehtiyatları da inkişaf edəcək

M.Əmirov “Azerspace-1” xidmətindən istifadə edə bilmək üçün hansı texniki avadanlıqdan istifadə edilməli olduğundan da danışdı. O, bildirdi ki, “Azerspace-1” peyki üzrə xidmət verən operatorlar tərəfindən tövsiyə edilən qebuledici antena seti, rəqəmli peyk qəbuledicisi və müvafiq görüntü kartı istifadə edilməlidir.

Müsahibimizin sözlərinə görə, peyk layihəsi yalnız informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrdən informasiya asılılığın ortadan qaldırılması baxımından önəm kəsb etmir: “Həmçinin mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu və innovasiya yönümlü iqtisadiyyatın təşəkkül tapması üçün də bu layihə böyük əhəmiyyət kəsb edir. Qeyd edim ki, kosmik fəzadan və peyk xidmətlərindən səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Ölkəmiz üçün yeni sənaye sahəsi olduğu üçün, peyklərin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı və s. üzrə kadr hazırlığı kosmik sənaye potensialının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Ətraf mühitin mühafizəsinə yardım

Onu da deyək ki, peykimizin orbitə çıxarılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. “Azərkosmos” ASC peykin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə yaradılıb və səhmləri dövlətə məxsusdur.

Peykin idarəsi və istismarı “Azərkosmos” ASC-də çalışan azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Mütəxəssislərimiz mütəmadi olaraq xarici ixtisasartırma kurslarında və peykin idarə edilməsi üzrə müxtəlif təlimlərdə iştirak ediblər və bu, davamlı olacaq. Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi potensialın artırılması və ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə artıq yerli ali təhsil müəssisələrində kosmik sahədə mövcud peşə istiqamətləri üzrə dövlət sifarişli qəbula xüsusi yer ayrılıb. Belə ki, Nazirlər Kabinetinin 5 aprel 2012-ci il tarixli qərarı ilə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavriat səviyyəsində “kosmik texnologiyalar mühəndisliyi”, “kosmik texnika mühəndisliyi”, “kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində isə “kosmik texnika və texnologiya mühəndisliyi” ixtisası yaradılıb.

Qeyd edək ki, qarşıdakı illər ərzində kosmik sənayenin inkişaf etdirilməsini hədəf götürən Azərbaycan aşağıorbitli peykini 2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır. Aşağıorbitli peyklərin orbitə çıxarılması isə respublikada ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcək.
Lalə