İlk kompyuterini 6 yaşında yığan ixtiraçı - Örnək
Ruslan
Bayramov: "Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil
etmək üçün əlimdən gələni edəcəyəm”
O, məktəbli alimdir.
Universitetdə deyil, ümumi orta təhsil müəssisəsində yetişən gənc
ixtiraçılardan biridir. İxtiraları ilə müəllimlərini, münsifləri heyrətləndirən
məktəblilərdəndir. 4 yaşında başlayan kompyuter sevgisi onu ixtiraçı olmağa qədər
gətirib. Hazırda ölkəmizi Amerikada beynəlxalq müsabiqədə təmsil etmək üçün
hazırlaşır.
Müsahibimiz "Sabahın
alimləri” 9-cu respublika müsabiqəsinin qalibi, ABŞ-da müsabiqədə iştirak etmək
üçün seçilən məktəbli Ruslan Bayramovdur.
"Əlimdən
gələni edəcəyəm”
Ruslan Zərifə Əliyeva
adına liseyin 11-ci sinif şagirdidir. "Sabahın alimləri” yarışmasına üçüncü
ildir ki, qatılır və ikinci dəfə Amerikada keçirilən İSEF yarışmasında finalçı
kimi ölkəmizi təmsil edəcək: "Bütün fənləri demək olar ki, eyni səviyyədə öyrənirəm.
Doqquzuncu sinifdə oxuyarkən biologiya müəllimim mənə ekologiya kateqoriyasında
iştirak etməyi məsləhət verdi. İştirak etdim, lakin yer tuta bilmədim. Onuncu
sinifdə artıq özümün profil fənnim olan kompyuter elmləri ilə bağlı hazırlaşdım
və qızıl medal qazandım. Bu il də həmin kateqoriyada iştirak edib gümüş medal
qazandım. Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil etmək
üçün əlimdən gələni edəcəyəm”.
"İlk
kompyuterimi atamla birlikdə yığdıq”
Bu gün ixtiraları ilə
hamını təəccübləndirən "sabahın alimi”nin kompyuterlə ilk tanışlığı 4 yaşında
olub: "Uşaqlıqdan bu sahəyə böyük marağım var idi. Daim kompyuterlərlə oynamaq,
onu söküb, yenidən yığmaq istəyirdim. Oyundan çox məni kompyuterin işləmə
mexanizmi maraqlandırırdı. İlk dəfə kompyuteri 6 yaşım olanda yığmışam və
birinci proqram dilini 12 yaşımda öyrənmişəm. Kompyuterlə ilk tanışlığım ondan
da əvvəl idi, 4 yaşımdan kompyuter oyunlarını oynamağı sevirdim. Daha sonra
atama necə işləməsi ilə bağlı suallar verirdim. Atam mənə onun hissələrini
tanımaqda və qoşmaqda kömək edirdi. Nəticədə ilk kompyuterimi atamla birlikdə
yığdıq”.
"Marağım
qalib gəlirdi”
Adətən valideynlər 4
yaşında uşağın kompyuterlə vaxt keçirməsinə, oyun oynamasına etiraz edirlər. Həmsöhbətimiz
deyir ki, onun da valideynləri Ruslana məhdudiyyətlər qoyub: "Atam kompyuter
texnologiyaları sahəsində mütəxəssis deyildi. O sahə ilə maraqlanırdı, amma
ixtisası tam fərqli idi. Valideynlərim gözümün zəifləməməsi üçün kompyuter
qarşısında keçirdiyim vaxta məhdudiyyətlər qoyurdular. Amma marağım qalib gəlirdi.
Elə ətrafdakı problemlərə baxa-baxa layihələr qururdum. Hər layihəmə fərqli
reaksiyalar alırdım. Bəzilərinin layihələr xoşlarına gəlir, mənə əhsən deyirdilər,
bəziləri isə nə etmək istədiyimi anlamırdı. Bu layihələrdən başqa marağımda
robotiks də var. Oktyabr ayında dünyanın ən böyük robotiks yarışında - Dubay şəhərində
First Global 2019-da Azərbaycan milli yığmasının kapitanı oldum. First Global
dünyada keçirilən ən böyük robotiks müsabiqələrindən biridir. Orada 191 ölkədən
komandalar iştirak edir. Ölkəmiz həmin yarışda 29-cu yeri qazandı. Bundan başqa,
Rumıniyada və Ukraynada keçirilən beynəlxalq olimpiadalarda iştirak etdim.
Robotikslə doqquzuncu sinifdə tanış oldum, məktəbimizdə bu sahə ilə bağlı dərslər
keçirilir”.
"Bu
layihə ilə "Goldenbyte” yarışmasında 1-ci yerə layiq görüldüm”
Ruslanın bu il təqdim
etdiyi layihənin məqsədi dərin öyrənmə ilə bitkilərin xəstəliklərinin robot
vasitəsi ilə aşkar olunmasıdır: "Layihəmdə robot kiçik sahələrdə gəzib kamera
vasitəsi ilə məlumat toplayır, sonra isə o məlumatları kompyuter vasitəsilə
analiz edib bitkilərin diaqnozunu göstərir”.
Ruslan keçən il kiçik və
böyük sahibkarları işə qoşmaq üçün "Blokçeyn” platformasında vebsaytla iştirak
edib: "Bu layihə məhsulları satan və məhsulları alan sahibkarlar arasında əlaqə
qurmaqdan ibarət idi. Layihə üzərində 2017-ci ilin dekabrından işləməyə
başladım. Məqsədim iqtisadi münasibətlərdə alıcını və istehsalçını "Blokçeyn”
texnologiyası ilə birləşdirmək idi. "Blokçeyn” texnologiyası bankın müdaxiləsi
olmadan hesab əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu isə sürətli ödəmələr
prosesinin tətbiq olunmasına yol açır. Hazırda bu layihədə istifadə etdiyim
texnologiyaları və tətbiqləri digər işlərimlə də əlaqələndirirəm. Bu layihə ilə
Azərbaycanda "Goldenbyte” yarışmasında 1-ci yerə layiq görüldüm və ölkəmizi
Kiyevdə təmsil etdim. Bundan başqa, Rumıniyada keçirilən "Infomatrix World
Final” yarışında proqramlaşdırma nominasiyası üzrə eyni proyektlə üçüncü yeri
qazandım. Rumıniyada keçirilən yarışda 47 ölkə iştirak edirdi. Maraqlı hadisələrdən
biri isə türklərin bizi öz məktəblərinə dəvət etməsi və şam yeməyinə qonaq
çağırmaları oldu. Onlar Azərbaycanın mədəniyyətini və incəsənətini çox yaxşı bilirdilər.
Daha sonra proyekti inkişaf etdirdim və 2019-cu ildə keçirilən "Sabahın alimləri”
yarışmasında, kompüter elmləri nominasiyasında birinci yerə layiq görüldüm, və
ölkəmizi İSEF yarışmasında təmsil etmək hüququ qazandım”.
"Blokçeyn”lə bağlı layihənin
üstünlüyündən danışan məktəbli deyir ki, iki tərəfin arasında vasitəçi
olmadığına görə, onlar daha çox qazana və inkişaf edə bilərlər. Bu isə iqtisadi
inkişafa, iş yerlərinin yaradılmasına və mağazalarda insanlar üçün qiymətlərin
ucuzlaşmasına gətirər.
"Plastik
yeyən qurdlar”
İxtiraçımızın növbəti
ixtirası 2 il bundan öncə təqdim etdiyi penoplast və plastik materialların
qurdlarla təbiətdən çıxarılması layihəsidir: "Un qurdlarında xüsusi
bakteriyalar var ki, onlar plastiki yeməyə qadirdir. Bu xüsusiyyətdən istifadə
edərək okeanlarda yığılan tullantıları təmizləmək olur. Bu layihəmlə də
yarışmalarda iştirak edib, uğur qazanmışam”.
Ruslan deyir ki, layihəyə
başlamazdan öncə ABŞ-da qalib gələn layihələri analiz edib: "Bundan sonra özüm
bir ideya fikirləşdim və onun realizasiyası üçünİnformasiya Texnologiyaları
İnstitutuna müraciət etdim. Elə bu gün də layihə üzərində çalışmağa davam edirəm”.
"Süni
intellekt sahəsində biznes”
Gələcək planlarından
danışan "sabahın alimi” vurğulayır ki, əsas hədəfi süni intellekt sahəsində
biznes qurmaqdır: "Alim olmaq istəyərdim ki, Azərbaycanın beynəlxalq arenada
nüfuzunu yüksəldim. Hazırda 11-ci sinifdə oxuyuram, SAT və İELTS imtahanlarını
vermişəm və istəyirəm ki, təhsilimi Çində davam etdirim. Əsas arzum süni
intellekt sahəsində biznes qurmaqdır. Kumirim isə Elon Maskdır”.
Məlumat üçün bildirək ki,
11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və
Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək.
Müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə
fizika və astronomiya kateqoriyası üzrə "Böyük mükafat” münsifi qismində azərbaycanlı
alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, "Sabahın alimləri” Respublika
müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov da daxil edilib.
Qeyd edək ki, 1958-ci ildən
etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində hər il 70-80
ölkədən IX-XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir. 2012-ci ildən
etibarən "Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət
komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.
Aygün
ƏZİZ