• cümə, 26 Aprel, 01:03
  • Baku Bakı 16°C

İlk dəfə səs verəcək şəxslər nələri bilməlidirlər? - Gənclərə məsləhət

25.01.20 12:02 5624
İlk dəfə səs verəcək şəxslər nələri bilməlidirlər? - Gənclərə məsləhət
Əliməmməd Nuriyev: "Baxışlarına uyğun, real vədlərlə çıxış edən insanları müəyyənləşdirib səs verə bilərlər”
Fevralın 9-da ölkəmizdə Milli Məclisə növbədənkənar seçki keçiriləcək. Artıq hər yerdə qarşımıza seçkilərlə bağlı məlumatlar çıxır. İndiyə qədər səs vermək hüququ qazanan və bu hüququndan istifadə edənlərlə yanaşı, ilk dəfə səs verəcək şəxslər də var. Maraqlıdır, ilk dəfə səs verəcək şəxslər nələri bilməlidirlər?
"Konstitusiya” Araşdırmaları Fondunun prezidentiƏliməmməd Nuriyev deyir ki, ilk olaraq səsvermə gününə qədər 18 yaşı tamam olmuş hər bir gənc adının seçki siyahısında olub-olmadığını araşdırmalıdır: "Səsvermə 9 fevraldadır. Həmin günə qədər şəxsin 18 yaşı tamam olursa, bilməlidir ki, artıq səs verə bilər. Sonra qeydiyyatda olduğu seçki məntəqəsində seçici siyahısında adının olub-olmadığını araşdırmalıdır. Adı orda olmasa, məntəqə və ya dairə seçki komissiyasına müraciət etməlidir ki, adı siyahıya əlavə edilsin”.
Ə.Nuriyev bildirdi ki, əgər şəxsin adı siyahıda varsa, səsvermənin vaxtını və yerini öyrənməlidir: "Səsvermə gününü, həmin gün hansı saatlar arasında səsvermə prosesinin keçirildiyini müəyyənləşdirməlidir. Hansı seçki məntəqəsində səs verməli olduğunu da bilməlidir. Onu, yaşadığı ərazinin Dairə Seçki Komissiyasının, yaxud Mərkəzi Seçki Komissiyasının saytına daxil olmaqla asanlıqla müəyyənləşdirə bilər”.
Ə.Nuriyev deyir ki, kimə səs verməyə gəlincə, bunu da hər bir şəxs özü üçün araşdırmalıdır: "Mərkəzi Seçki Komissiyasının, Dairə Seçki Komissiyasının saytından məlumat ala, kimlərin namizədliklərini irəli sürdüyünü, onların haqqında məlumatı saytdan əldə edə bilər. Digər tərəfdən, sosial şəbəkələr hazırda bunun üçün işlək platformadır. Namizədin sosial şəbəkədə səhifəsi, profili varsa, onu izləyə, seçki kampaniyasını necə apardığına baxmalıdır. Mətbuat, dostlar və s. müxtəlif mənbələrdən məlumat alsın. Seçki qərargahlarına gedib namizədlərlə tanış olmaq, söhbət etmək imkanı da var. Namizədlərin əksəriyyəti istəyər ki, seçiciləri onlarla görüşə gəlsinlər. Namizədlərin hansı vədlər verdiyini, şüarlarının nələr olduğunu öyrənsinlər. Baxışlarına uyğun, real vədlərlə çıxış edən insanları müəyyənləşdirib səs verə bilərlər”.
Ə.Nuriyev deyir ki, məntəqə seçki komissiyasının işçiləri və yaxud müşahidəçilər namizədlərlə bağlı seçicilərə məlumat verməməlidirlər: "Səsvermə gününə bir neçə gün qalmış, artıq çox adam kimə səs verəcəyini müəyyənləşdirir. Amma bəzən qərarı elə həmin gün verənlər də olur. Seçki praktikasında belədir ki, insan məntəqəyə gəlirsə, kimə səs verəcəyini artıq qərarlaşdırıb. Məntəqə seçki komissiyasının işçiləri, müşahidəçilər bu haqda seçicilərə heç bir məlumat verə bilməzlər. Ancaq gələn hansısa seçici digərinə fikrini söyləməkdə azaddır. Öz iradəsini ona da yeritmək kimi yox, sadəcə fikrini deməsi problem deyil”.
Ə.Nuriyev məntəqədə olan səsvermə prosesi haqqında da məlumat verdi: "Səs verəcəyi məntəqəyə gələndə, onu seçki komissiyasının üzvləri qarşılayırlar. Sonra onu digər komissiya üzvlərinin yanına yönəldirlər. Komissiya üzvləri gələn şəxsin barmağında mürəkkəb olub-olmadığını yoxlayırlar və şəxsiyyət vəsiqəsinə baxırlar ki, o məntəqədə səs verməlidir, yoxsa yox. Bura qədər hər şey qaydasındadırsa, barmağına mürəkkəb vururlar və ona seçki bülleteni verilir. Bülletenin kənarı kəsik, möhürlü olmasına diqqət etsinlər. Bülletendə seçki komissiyasından kiminsə imzası və möhür olmalıdır. Səsvermə kabinetinə daxil olub, seçdiyi namizədin adının qarşısına sadəcə "X” və ya dərkənar qoya bilər. Bizdə birmandatlı seçki dairələridir. Yalnız bir nəfər deputat seçilə bilər. Ona görə, ancaq bir nəfərə səs vermək mümkündür. Səs verməyə, bülletendə hamının əleyhinə də ola bilər. Heç bir problem yoxdur. Bülleteni büküb şəffaf qutuya atdıqdan sonra məntəqəni tərk edə bilər”.
Ə.Nuriyev qeyd etdi ki, hər kəsə yalnız bir bülleten verilir. Əgər bülleten korlanırsa, bu, aktlaşdırılmalıdır: "Ola bilər ki, seçicinin bülleteni hansısa səbəbdən cırılar, yaxud səhvən bir neçə işarə qoyur və s. Səhv etdiyini deyirsə, müraciət edib yeni bülleten ala bilər. Ancaq bu zaman mütləq köhnə bülleten təqdim olunmalı, aktlaşdırılmalıdır. Korlanmış bülletenlər protokollaşdırılır və seçkinin yekununda ümumi protokollara əlvə edilir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər