• cümə, 19 Aprel, 15:08
  • Baku Bakı 25°C

İlin yeniyetmə cüdoçusu - Portret

28.12.19 10:00 5528
İlin yeniyetmə cüdoçusu - Portret
Ağır oturub batman gələn bu növcavan 2020-ci ildə bizi daha nələrlə təəccübləndirəcək
İlin əsas idman hadisələrindən biri "Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı idi. İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından sonra 48 ölkənin iştirakı ilə baş tutan daha bir kütləvi idman tədbirini nümunəvi təşkilatçılıqla tarixə həkk etdirən Azərbaycan, yekun komanda hesabında da liderlər qrupunda qərarlaşdı. Doğma divarlar amilindən maksimum yararlanaraq, sadəcə, üç ölkə - Rusiya, Böyük Britaniya və Türkiyəni önə buraxdıq. Gözlənildiyi kimi, mükafatların əksəriyyəti güləş və cüdodan gəldi. Təşkilatçı hüququndan istifadə edib ilk dəfə yarışın proqramına daxil etdiyimiz güləşdə 8, ənənəvi növ olan cüdoda 2 baş mükafata sahib çıxaraq, ümumilikdə, tarixi maksimuma nail olduq. Beləliklə, "Portret" rubrikasının cari il üçün son buraxılışını AGOF qəhrəmanlarımızdan birinə həsr edirik. Daha doğrusu, ilin ən yaxşı yeniyetmə cüdoçusuna...

Bayramov Turan Etibar oğlu. O, 4 aprel 2002-ci ildə böyük idman ənənələrinə malik olan qədim Gəncədə dünyaya gəlib. İdmanla məşğul olmağa elə cüdodan, cəmi 7 yaşından başlayıb. Belə ki, idmançılara olan marağını, evdə, həyət-bacada tez-tez müxtəlif idman hərəkətləri göstərdiyini görən atası, onun əsl yerinin məhz cüdo olduğunu düşünüb, şəhərin tanınan məşqçilərindən biri Xanəhməd Rzazadənin dərslərinə yazdırır. Səkkiz ilə yaxın Gəncədə yaşayan, yarışlara doğma şəhərinin adından qatılan Turan, üç ilə yaxındır ki, hazırlıqlarını Məhəmməd Xudiyevin rəhbərliyi altında Bakıda - əvvəlcə 13 saylı Uşaq-Gənclər İdman Məktəbinin, ardından "Atilla" klubunun sıralarında davam etdirir. Uşaqlıqdan sakit təbiəti, təlim-tərbiyəsi, uzaq yola rəğmən, məşqlərə davamiyyəti ilə nümunə olan yeniyetmə qəhrəmanımız, ilk cəhdlərindən istedadını büruzə verir. Kiçik yaşlı yeniyetmələr arasında zona yarışlarının, respublika birinciliyinin qalibi adını qazanır. Təbii ki, hər ölkədaxili uğur da beynəlxalq arenalara çıxış imkanıdır. Varşavadan bürünc medalla dönən, Bakıda keçirilən beynəlxalq yarışda isə rəqib tanımayan Bayramov, beləcə, böyük nailiyyətlərinin anonsunu verir.

"Qızıl orucumuz"u pozur
2018-ci ilin sonlarında Polşada keçirilən turnirin finalında komanda yoldaşı Dilavər Abışovu məğlub edirsə, ilin əvvəlində Azərbaycan çempionatında da zirvəni heç kimə güzəştə getmir. Fevralda İspaniyada baş tutan Avropa Kubokunda medalın bir addımlığında dayansa da, iki ay sonra Çexiyanın təşkil etdiyi analoji yarışın qalibi olur. İyunun 27-də isə Avropa çempionatında mübarizəyə qoşulan Turan, əvvəlcə Litva, 1/8 finalda Portuqaliya, ardınca da Rusiya təmsilçilərini məğlub edərək, yarımfinala çıxır. Finalın bir addımlığında ukraynalı Vladislav Kazimirovu da büdrədib, həlledici görüşdə türkiyəli Muhammed Demirelin çempionluq arzusunu gözündə qoyur. Bununla da, ona yaxşı tanış olan Varşavada himnimizi səsləndirmək şərəfi yaşayan 17 yaşlı Bayramov, eyni zamanda, Azərbaycana qitə birinciliyinin yeganə "qızıl"ını qazandırmış olur. Bu, həm də ölkəmizin oğlan cüdoçularının üç illik "qızıl orucu"na son qoyulması idi. Belə ki, sonuncu dəfə 2016-cı ildə Finlandiyada təşkil olunan AÇ-də Rövşən Əliyev və Əhməd Yusifov vətənə baş mükafatla dönmüşdü.
"Tələsməyin, bu, hələ son deyil" mesajı
Qitə birinciliyi ilə Avropa Gənclər Yay Olimpiya Festivalını, sadəcə, 27 gün ayırırdı. Belədə, sözsüz ki, Turan yığmamızın əsas çempionluq ümidi idi. Ənənəvi çəki ardıcıllığı ilə bu dəfə də ilk gündə tatamiyə çıxan Avropa çempionu, zala toplaşan tamaşaçılara əsl cüdo bayramı yaşadır. Belə ki, bir neçə saniyə ərzində avstriyalı Safer Adam və yunan Mikis Tontinidisi "tərk-silah" edən Bayramov, köhnə tanışlar - Muhammed Demirel və rusiyalı Rizvan Maqomedovla "qızıl xal" gedən döyüşləri "vaza-ari" xalı ilə qalib başa vurur. Qələbəsini özünəməxsus jestlərlə qeyd edən Turan, tataminin ağası kimi qətiyyətli duruşu ilə onu ayaq üstdə alqışlayan hər kəsə "tələsməyin, bu, hələ son deyil" mesajı verir. Lakin...

... Zədə
Turan, möhtəşəm start verdiyi ili qızıl "het-trik"lə başa vurmaq niyyətində idi. Lakin Qazaxıstanda keçirilən mundial ərəfəsində ciddi zədə alır. Məşqçilər yarışı buraxıb, dincəlməyi məsləhət görsə də, o, inad edərək, Almatıya yollanır. Hərçənd, çıxışı da pis alınmır. Bel və biləyindəki zədələrə baxmayaraq, İtaliya, Monqolustan və Kiprdən olan rəqiblərini məğlubiyyətə uğradan Bayramov, yekunda beşinci nəticə göstərir. Onunla eyni çəkidə mübarizə aparan Kamran Süleymanov gözlənilmədən gümüş medal qazanıb, DÇ-nin fərdi proqramında ən yaxşı nəticəmizi müəyyənləşdirsə də, hər halda, iki mühüm qitə yarışının qalibi olmaq ilin yeniyetmə cüdoçusu adına artıqlaması ilə kifayət edər.
Üstəlik... Sensasiya!
24-26 dekabr aralığında cüdo üzrə böyüklər arasında növbəti ölkə çempionatı baş tutdu. Dünya reytinqinin altıncısı Məmmədəli Mehdiyevin iştirakı, ağır çəkidə sabiq dünya vitse-çempionu Uşanqi Kokaurinin finalda növbəti dəfə Şahin Qəhrəmanova, osetin legioner Zelim Kotsoyevin isə digər yerli cüdoçu Aslan Mirzəyevə uduzması ilə yadda qalan yarışın əsas sensasiyasına məhz Turan imza atdı desək, yanılmarıq. 60 kiloqramda "Tokio 2020" olimpiya lisenziyasından uzaq olduğumuzu nəzərə alsaq, bu çəkidə gərgin mübarizə gedəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Demək olar, bütün favoritlər iştirak edirdi. Lakin cüdonun böyük sürprizlərlə bol idman növü olması növbəti dəfə təsdiqini tapdı. 17 yaşlı, başqa sözlə, hələ yeniyetməlik dövrünü başa vurmayan Turan Bayramov, gənclər arasında dünya ikincisi və Avropa çempionu, "Bakı 2018" mundialının beşincisi Kəramət Hüseynov və 23 yaşadək cüdoçular arasında Avropa üçüncüsü, böyüklər arasında son Azərbaycan çempionu Rəşad Yelkiyev də daxil olmaqla, beş rəqibini yenib, baş mükafat uğrunda həlledici döyüşə vəsiqə qazandı. Əvvəlki mərhələlərdə olduğu kimi, burada da daha təcrübəli cüdoçu - Yaşar Nəcəfovla qarşılaşsa da, başabaş mübarizə aparıb, sonda gümüş medala layiq görüldü. Bir sözlə, möhtəşəmsən, Turan!

Gözləyin bizi, gənclər...
Bu cür il yekunu yeni il üçün əla motivasiyadır. 2020-ci ildən isə o, gənclər arasında yarışacaq. Görünən qədər, 21 yaşadək olan rəqiblər də indidən işlərini ehtiyatlı tutmalıdırlar. "Məşqçilərlə əksər rəqiblərin döyüşlərini izləyib, onların məndən güclü olmadıqlarını görmüşük" deməsindən hiss olunur ki, çox iddialı gəlir bizim Bayramov.
Döyüş tərzi
Tatamini, rəqibi hiss etməsi əla səviyyədədir. Yaxşı texnikası var. Bir göz qırpımındaca "arsenal"ında olan fəndlərdən istifadə edib, rəqibi tam zərərsizləşdirə, sürətli həmlələri ilə rəqibin nəfəsini kəsib, ona ardıcıl "şido" cərimə balları yazdıra bilir. Lakin müdafiədəki boşluqlar da ara-sıra özünü göstərir. Bəzən, cüdoçuların dili ilə desək, öz fəndindən xal verir. "Bunun da üzərində işləyirik, yaxın zamanda istənilən səviyyəyə çatacağıq" deyir, Turan.

Kumiri də elə cüdoçudur. Özü də əcnəbi yox, yerli ulduzlardan biri - elə 60 kiloqramda dəfələrlə dünya və Avropa mükafatçısı olmuş Orxan Səfərov. Yeri gəlmişkən, Səfərov bir az da gözləsəydi (çəkisini dəyişməsi nəzərdə tutulur: red.), onları üz-üzə də görə bilərdik. Amma bilmək olmaz, kumirin də çox yaşı yoxdur, bəlkə, gələcəkdə rəqib oldular.

Haşiyə
Bu, Gəncə məktəbinin ölkə idmanına bəxş etdiyi ilk Turan Bayramov deyil. Yadınızdadırsa, çox da uzaq olmayan keçmişdə belə ad-soyadlı bir sərbəst güləşçidən bəhs etmişdik. O zaman yeniyetmələrin olimpiya oyunlarının, dünya və Avropa birinciliklərinin qalibi olan bir yaş böyük Bayramov, artıq gənclər arasında qitə, 23 yaşadək pəhləvanlar arasında dünya çempionudur. Bununla belə, onun da yeddi ay sonra baş tutacaq "Tokio 2020" perspektivlərinin çox cüzi olduğunu nəzərə alsaq, hər iki Turanı ən yüksək səviyyədə 2024-cü il Paris olimpiadasında izləyə bilərik. Lap erkən yaşlardan böyüklərin yarışında ad çıxaran bu uşaqlar, bəlkə də, dörd il sonra himnimizi birgə səsləndirib, bayrağımızı dalğalandıracaqlar, kim bilir?!
Portret
İl, onun üçün, sadəcə, mükəmməl alındı. Bu, həm də Turanın üzərinə ikiqat məsuliyyət qoyur. 2019 zirvə deyil, başlanğıc ili olmalıdır. Bunun üçün isə... Düzü, onun məsləhətlərə çox da ehtiyacı yoxdur: "Yeniyetmə və gənclərdə qazanılan uğurlar, sadəcə, stimuldur, karyera göstəricisi deyil. Mən özümü usta cüdoçuların yarışına hazırlayıram".

Önəmli portret cizgilərinə gəlincə, təmkinini pozmayan, əyləncələrlə çox da arası olmayan, bir sözlə, ağır oturub batman gələn bir növcavandır, bizim Bayramov.
Sahib



banner

Oxşar Xəbərlər