AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlin iddialı debütləri

İlin iddialı debütləri

02 Fevral 2020, 10:00 3762
2019-cu ildə dünya ədəbiyyatına debüt romanları ilə səs salmış və 20 ildir ki, yazırlarmış kimi kitabsevərlərin könlündə taxt qurmuş Selli Runi və Cessi Börtn debutantlar üçün əsl ilham mənbəyinə çevrilib. "Guardian” xəbər verir ki, artıq ilk kitabının təsdiq məktubunu almış yeni yazarlar arasında Selli və Cessini tanımayan, özünə onlarınkı kimi şanslı cığır arzulamayan yoxdur. Təbii ki, debüt romanların nəşrinə birbaşa redaktor heyəti – kitab sıxlığına uyğun – qərar verir.
 
Yaz birmənalı şəkildə əsl yeni başlanğıclar fəsli olduğundan, adətən, debüt əsərlərin nəşri bu mövsümə təsadüf edir.  Bəs, bu ilin iddialı debutantları arasında kimlər var? – Həkim, şair, jurnalist, aktyor və s. Bəli, bu il kitabsevərləri rəngli hekayələr gözləyir. Siyahıda yer alan müəlliflər geniş auditoriyaya məlum olmasa da, müxtəlif dərgilərdə istedadlarını göstərmiş müəlliflərdir. Bu il siyahılarda kimlərə rast gələcəyik?!
 
· Paul Mendez – "Göyqurşağı südü” ("Rainbow milk”)
· Abi Deyr – "Yüksələn səsli qız” ("The girl with the louding voice”)
· Dipa Anappara – "Jin Patrol çəhrayı zolaqda” ("Djinn Patrol on the patrol line”)
· Eleyn Finey – "Olduğun kimi” ("As you were”)
· Bet Morrey – "Əldən qaçırılanlar” ("Saving missy”)
· Duqlas Stüart – "Şaqqi Beyn” ("Shuggie bain”)
· Cessika Mur – "Mühafiz” ("Keeper”)
· Stefani Skot – "Məndən qalanlar sənindir” ("What’s left of me is yours”)
· Naosi Dolan – "Həyəcanverici zamanlar” ("Exciting times”)
· Luisa Heyer – "Sevimli şəhər” ("This lovely city”)
 
Həyatı sıfırlamaq
 
Həyatın insanı bir dönüş nöqtəsinə sürüklədiyi hissi yaranıbsa, deməli, gündəlik rejiminizdə, tərzinizdə köklü reformasiyalara getməlisiniz. Yenilənmək öz-özlüyündə olduqca əyləncəli, həyəcanverici prosesdir. Yeni bir həyatı qucaqlamaq ərəfəsində əvvəlcə qazandıqlarınızı, itirdiklərinizi, özünüzü necə inkişaf etdirdiyinizi ölçüb-biçir və keçid etdiyiniz mərhələnin daha səmərəli, bərəkətli olması üçün əlinizdən nə gəldiyini hesablamalısınız. "Oprah”-dan Selia Fernandez, əslində, belə inqilabi dəyişikliklər "yeni il ərəfəsi”-nə təsadüf etdiyi fikrindədir. Amma dəyişməyə, yeni bir həyata başlamağa qərar verdiyiniz hər tarix sizin üçün "milad”-dır. İşə "yüngülləşmək”-dən başlamaq ən yaxşı qərardır.
 
· Evdə, ofisdə qalaqlanmış, hərəsi bir küncdə qarışıqlıq yaradan qəbzlər, kağızlar, məktublardan xilas olun.
· Dincəldiyiniz yerdə – mətbəx, eyvan, yataq otağı – özünüzə multiyaşıl zona yaradın.
· Yanınızda bir lampa və üç-dörd əl kitabı saxlayın.
· Soyuducunuzu və həyatınızı vaxtı keçmiş, istifadə olunmayan ərzaq və əşyalardan təmizləyin.
· Qırılmış, köhnəlmiş, zədələnmiş əşyalar, geyim və ayaqqabı yorğunluq səbəbidir.
· Həftəiçinə "dost görüşləri” əlavə edin.
· "Bunu bəlkə geyinərəm” deyə şkafda saxladığınız paltarları 98% geymirsiniz. Odur ki, bunu ehtiyacı olanlara bağışlayıb, özünüzə yaxşılıq edin.
· Zövqünüzcə olmayan, ev dekorunuza uymayan "xatirədir”, "hədiyədir” deyə saxladığınız əşyalar yükdür.
· Əlavə düymələr, hədiyə lentləri, boş qutular, artıq maraqlanmadığınız hobbilərinizdən qalanlar - nə zamansa yararlanmaq ümidiylə saxladığınız hər şeyin tutduğu yeri də, ruhunuzu da azad edin.
 
Beşikdən qəbirə kimi
 
Balaca oyun yoldaşınızın zehninin, fiziki və sağlamlıq göstəricilərinin qayğısına qaldığınız kimi xarakterinin də ilk illərdən oturması üçün səy göstərilməlidir. "Xarakter də beyin kimidir, zorlanmadıqca formalaşmaz” deyimindən yola çıxan "Mums” dərgisi redaktorları anaların və tərbiyəçilərin köməyi olacaq üsulları sınayıblar. Məqalədə sıralanmış bəndləri qısa açıqlamaları ilə təqdim edirik:
· Onlarla zaman keçirin – onlarla sıx ünsiyyətdə olmaq, birgə zaman keçirməklə hobbilərinə, zövqlərinə maraq göstərib, danışdıqlarına qulaq verin. Bu onlar üçün təsirli davranış nümunəsi olacaq.
· Sizin üçün nə məna kəsb etdiyini açıq deyin – sizcə, balacanız valideynləri üçün dünyanın mərkəzi olduğunu bilir?! Ona güvəndə olduğunu və sevildiyini hiss etdirin.
· Problemlərlə necə başa çıxacaqlarını özlərinin öyrənməsinə imkan yaradın – bunun üçün kitablardan yararlana bilərsiniz. Çünki yaşanan hadisələrə mərkəzlənməkdə çətinlik çəkən uşaqlar qəhrəmanların addımlarını daha dəqiq şərh edir və nümunə götürürlər.
· Onları əməyə sövq edin – ailə üzvləri və yaşıdları ilə iməclik, bitki yetişdirmək, heyvan bəsləmək ən yaxşı xarakter formalaşdırıcı təlimlərdəndir.
· Ədəbiyyatı özünüz nümunə olaraq, onun yol yoldaşına çevirin – ədəbiyyatda həm ona dünyanın daha böyük, daha qarışıq, daha maraqlı olduğunu öyrədəcək, həm də təxəyyülünə geniş imkan yaradacaq. Harvard professorları bu istiqamətdə apardıqları araşdırmalara aid hesabatda qeyd edir: "Bir uşağı nəcib, qayğıkeş, mərhəmətli böyütmək çətindir. Bunun öhdəsindən gəlmək sizin əlinizdədir. Əgər bunun öhdəsindən gələ bilmirsinizsə, ədəbiyyatın bu işi öhdəsinə götürməsinə imkan yaradın”.
 
Vampir ədəbiyyatının pərdəarxası
 
Müəlliflərinə milyonlarla dollar qazandıran vampir hekayələrini oxuyub, izləməklə kifayətlənmir, real olub-olmadığını da araşdıranlar var. Bəs, siz inanmayanlara bu hekayələrin bünövrəsində həqiqət payının olduğunun təsdiqləndiyini desək, necə?!
 
Vampir əfsanələrinin ilk nümunələri indiki Ruminya ərazisinə bağlı Transilvaniya və ətraf ərazilərdə yaranıb. Ağızdan-ağıza dolaşan bu əfsanələrin ortaq qəhrəmanı vardı – Drakula. Onun haqqında təhkiyəçilərin dəqiq bildiyi bir şey var idi – vampirin insan olduğu. Kolumbiya Universitetinin bəşəri elmlər və çağdaş ədəbiyyat bölməsinin professoru Roger Lakerhörst əvvəllər Brem Stokerin toplayıb qələmə aldığı Drakula hekayələrini Oksford Dünya Klassikləri vəqfinin sifarişi ilə yenidən hazırlayarkən, bu əfsanələrin tarixini araşdırmağa başlayıb. Rogerin araşdırmaları bu janrın ən möhtəşəm nümunələri və kütləvi nəşrlərinin XVIII əsrə təsadüf etdiyini görür. Bəs, bu əfsanələr harada qaynaqlanıb?! Əminik ki, ağlınıza bir xəstəliyin ədəbi janra bünövrə olması ehtimalı gəlməzdi. "Vampir” adamların və əfsanələrin yaradıcısı – porfiria xəstəliyidir.
 
Tibbin ləng inkişaf etdiyi və yeniliklərin gec yayıldığı dövrlərdə yoluxucu xəstəliklər kütləvi ölümlərlə nəticələnirdi. "Qanda hemoqlobin artımını dəstəkləyən hemlərin biosintezinin doğuşdan və qazanılmış əngəllənməsi ilə yaranan porfiria xəstəliyi” də bunlardan biri olub. Bu xəstəlik günəş işığına qarşı dəridə həssaslıq yaratmaqla birgə qan içmək istəyi oyadır. Yüngüldən-ağıra müxtəlif formaları olan və son dövrlərdə nadir rast gəlinən xəstəlik xüsusilə orta əsrlərdə sürətlə yayılıb. Xəstəliyin simptomları:
* Günəş işığı ilə təmas edən dəridə qaşıntı, səpgi və suluqlar.
* Damaq, qulaq, göz qapağı kimi orqanlar geri çəkilməsi və ya sallanması.
* Qan və mürəkkəb rəngli ifrazat
* İyi və dad duyğularının itməsi
* Şiddətli qarın ağrıları
* Nevro-aqressiv reaksiyalar və s.
* Genetikdir.
Amerika Porfiria Dərnəyinin hesabatlarında dünyada bu xəstəliyin 120-yə yaxın daşıyıcısı olduğu deyilir.
 
Hazırladı: Elcan Salmanqızı