• çərşənbə axşamı, 23 aprel, 19:13
  • Baku Bakı 20°C

“İlham Əliyevin gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək”

19.09.13 09:45 1520
“İlham Əliyevin gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək”
İtaliyanın dünyada tanınan məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) “10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabat yayıb.
APA-nın xəbərinə görə, ISPI-nin analitiki Matteo Verdanın müəlliflik etdiyi “10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabatda hər üç region dövlətində - Azərbaycan, Ermənistan və Gürcüstanda son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyəti təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidlərini nəzərdən keçirilir və qarşıdan gələn onillik barədə proqnozlar verilir.
Hesabatda qeyd edilir ki, 2013-cü il hər üç Cənubi Qafqaz ölkəsində seçki ili olduğu üçün xüsusilə əhəmiyyətlidir. Ermənistanda prezident seçkilərinin bu ilin fevral ayında keçirildiyini, Azərbaycan və Gürcüstandakı seçkilərin isə oktyabr ayında baş tutacağını xatırladan müəllif səsvermənin mümkün nəticələrinə toxunaraq vurğulayır ki, “Azərbaycandakı seçkidə hazırkı prezident İlham Əliyevin qələbə qazanacağı ehtimalı çox yüksəkdir”.
Hesabata əsasən, son onillik ərzində Cənubi Qafqaz ölkələri üçün ən önəmli təhlükəsizlik təhdidləri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi və 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsidir.
Sənəddə deyilir ki, Dağlıq Qarabağ problemi ilə bağlı münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün hələ 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb, lakin bu təşkilatın fəaliyyəti münaqişənin həlli üçün qeyri-səmərəli olub. Status-kvonun davam etməsi dünya birliyi tərəfindən tənqid edilsə də, münaqişənin həllinə vasitəçi kimi cəlb edilmiş dövlətlərin status-kvonun dəyişdirilməsi istiqamətindəki cəhdlərində siyasi iradə çatışmazlığı ciddi şəkildə hiss edilməkdədir.
Regiondakı iqtisadi vəziyyətdən danışan müəllif qeyd edir ki, son 10 il ərzində region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə ediblər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım sürətinə nail olubsa, Gürcüstan və Ermənistanda inkişaf daha zəif gedib. 2009-cu il maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin ümumi daxili məhsulları böhran illərində müvafiq olaraq 14 və 4 faiz azalıb), Azərbaycan pozitiv inkişaf tempini qoruyub saxlayıb.
Hesabatda vurğulanır ki, Dünya İqtisadi Forumunun son “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən iqtisadi baxımdan Azərbaycan dünyanın 39-cu, Gürcüstan və Ermənistan isə müvafiq olaraq 72 və 79-cu ən rəqabətqabiliyyətli ölkələri adlandırılıblar.
ISPI Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan yeganə Cənubi Qafqaz dövləti kimi Rusiyanın regiondakı təsir imkanlarının qorunub saxlanmasında önəmli rol oynadığını yazır. Analitik Matteo Verdanın qənaətincə, Rusiya tərəfindən dəstəklənməsi və bu ölkənin hərbi bazasına ev sahibliyi etməsi Ermənistanın hazırkı mürəkkəb geosiyasi vəziyyətində ona yardımçı olsa da, bu durum rəsmi İrəvanın müstəqilliyini kəskin şəkildə məhdudlaşdırıb və müasir dünyada tələb edilən şaxələndirilmiş iqtisadi və siyasi strategiyaya malik olmağa imkan vermir: “Ermənistan hökuməti əslində bütün önəmli xarici siyasət və təhlükəsizlik sahəsindəki qərarlarını rəsmi Moskva ilə razılaşdırmalıdır ki, bu da iki dövlət arasında qeyri-bərabər münasibətlərin mahiyyətini ortaya qoyur”. Rusiyanın regionda status-kvonun saxlanması sahəsində Ermənistana verdiyi dəstəyin bu ölkə üçün əhəmiyyəti rəsmi Bakı ilə İrəvanın hərbi xərclərini müqayisə etdikdə bir daha üzə çıxır. Belə ki, son 10 il ərzində Ermənistan hərbi məqsədlər üçün 3,3 milyard ABŞ dolları vəsait xərcləyibsə, bu dövr ərzində Azərbaycanın müdafiə xərcləri 15,8 milyard ABŞ dolları olub. Ermənistan, həmçinin Dağlıq Qarabağ münaqişəsində onu dəstəkləyən İranla da müsbət əlaqələr qurub. Ermənistanın çətin iqtisadi vəziyyəti və həmçinin Dağlıq Qarabağ münaqişəsinə görə regional izolyasiyada qalması onun Rusiya ilə xüsusi münasibətlərə həddindən artıq önəm verməsinə gətirib çıxarıb ki, bu da Rusiyada hər hansı bir iqtisadi çətinliklər yaranacağı təqdirdə Ermənistanı da çox çətin vəziyyətlə üz-üzə qoya bilər.
Hesabatın Azərbaycanla bağlı olan hissəsində müəllif təhlükəsizliklə bağlı məsələlərdən danışır, ölkədə baş verən önəmli siyasi və iqtisadi prosesləri ətraflı şəkildə təhlil edir və bu proseslərin qarşıdan gələn onillikdə mümkün inkişaf istiqamətləri barədə proqnozlar verir. ISPI qeyd edir ki, əvvəlki dövrdə olduğu kimi, son onillikdə də Azərbaycan üçün ən önəmli təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsi olub. 2011-ci ildə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib.
Hesabata əsasən son 10 illik dövr ərzində Azərbaycanda daxili proseslər siyasi sabitlik və inkişafla yadda qalıb. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoyub və siyasi stabillik yaratmağa müvəffəq olub, dövlət quruculuğu prosesinə başlanılıb. O, 2003-cü ildə səhhəti ilə əlaqədar seçkidə iştirakdan imtina edib, seçki İlham Əliyevin rəqibləri üzərində çox böyük üstünlüklə qalib gəlməsi ilə nəticələnib. Daha sonra İlham Əliyev və Yeni Azərbaycan Partiyası 2005, 2008 və 2010-cu illərdə baş tutmuş növbəti seçkilərdə də qələbə qazanıblar. Bu illər ərzində müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz etsələr də, heç bir ortaq strategiya ilə çıxış edə və Yeni Azərbaycan Partiyasına qarşı ciddi rəqabət yarada bilməyiblər. Müəllif vurğulayır ki, nəticədə “müxalifət partiyaları marginallaşmağa davam etmiş, parçalanaraq daha çox bir-birlərinə qarşı mübarizə aparmaqla məşğul olmuşdur”. Müxalifətin 2013-cü il seçkilərindəki əsas namizədi Rüstəm İbrahimbəyov ikili vətəndaşlığının mövcudluğu səbəbindən seçki prosesində iştirak edə bilməmiş, onu əvəzləyən Cəmil Həsənli isə, müəllifin fikrincə, yuxarıda sadalanan səbəblərdən seçkidə qalib gəlmək üçün şansını itirmişdir.
ISPI yaydığı hesabatda Azərbaycandakı siyasi proseslər barədə fikirlərini belə yekunlaşdırır ki, ölkədə siyasi idarəetmə və qərar-qəbuletmə mexanizmləri prezident hakimiyyətinin ətrafında cəmlənib və prezident İlham Əliyev öz hakimiyyətini sələfinin siyasi və iqtisadi strategiyasının davam etdirilməsinə - ölkəyə xarici sərmayənin cəlbinə, digər dövlətlərin ölkəsinin daxili proseslərinə təsirinin aradan qaldırılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldib.
Hesabatda həmçinin deyilir ki, “Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə etmiş, ortalama illik 12,2 faiz - digər Cənubi Qafqaz dövlətlərin ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olmuşdur”.
Müəllif vurğulayır ki, ötən onillik ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirib və bu siyasi sabitliyin qarşıdakı on il ərzində də davam edəcəyi gözləniləndir. Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması, TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm də onun Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcək.
Hər üç ölkədəki daxili siyasi vəziyyətin gələcək onillik perspektivlərini dəyərləndirən müəllifin fikrincə, daxili siyasi proseslərin gedişi baxımından üç Cənubi Qafqaz ölkəsində vəziyyət bir-birindən fərqlidir. Ekspert qeyd edir ki, “Azərbaycanda İlham Əliyevin 2013-cü il oktyabr seçkilərində gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu durum qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərmayələr üçün əlverişli şərait yaradacaq”. Gürcüstanda hakimiyyətin M. Saakaşvilidən B. İvanişviliyə keçidi davam edəcək və bu dövr bir sıra ekspertlərin iddialarının əksinə olaraq daxili sabitliklə müşayiət olunacaq. Bu baxımdan ən çətin vəziyyət Ermənistanda müşahidə ediləcək və S. Sarkisyan mürəkkəb iqtisadi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin ölkəsi üçün yaratdığı çətinliklərin siyasi sistem üzərində mənfi təsirlərinə qarşı mübarizə aparmalı olacaq.
Qeyd edək ki, mərkəzi ofisi Milan şəhərində yerləşən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun əsası 1934-cü ildə qoyulub və institut İtaliya Xarici İşlər Nazirliyinin qəyyumluğu altında fəaliyyət göstərir. ISPI-nin müxtəlif proqramları çərçivəsində hər il 1600-dən çox tələbə təlim keçir, il ərzində institut tərəfindən təşkil edilən tədbirlərdə 20 minə qədər qonaq iştirak edir. 2012-ci ildə ISPI ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən hazırlanan dünya beyin mərkəzləri reytinqində ilk yüzlüyə daxil olub, “Ən yaxşı siyasi araşdırmalar” kateqoriyasında isə dünyada 34-cü yerə layiq görülüb.
Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən yayılan hesabatın tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq olar:
http://www.ispionline.it/en/pubblicazione/decade-motion-southern-caucasus-2003-2013-9004
http://www.ispionline.it/sites/default/files/pubblicazioni/wp_50_2013.pdf
banner

Oxşar Xəbərlər