İlham Əliyev: “Təcavüzkara ciddi təzyiq göstərilməlidir”
Azərbaycan
Prezidenti: "ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan tərəfinə
çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq
Qarabağ müstəqil ölkə deyil”
"Ermənilərin
Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə çevrilmiş bu vəziyyətə
aydınlıq gətirmək istərdim. Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və
Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda
və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar
tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, "feyk”
xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya
mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə
bir həqiqətdir”.
Kaspi.az xəbər verir ki, bu barədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı panel müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət
başçısı qeyd edib ki, Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onun sözlərinə göə, bu, yerli
ermənilərin, Ermənistandan olan ermənilərin və diaspordan olan ermənilərin birlikdə törətdiyi soyqırımıdır: "Bu
şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq
məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını
vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü
söyləmək, bu, sinizmin zirvəsidir....Mən "Arqumentı i Faktı”da nə yazıldığını bilmirəm. "Arqumentı i Faktı” çox sayda erməninin çalışdığı bir qəzet, müstəqil qəzetdir. Rusiyanın aparıcı mətbuat orqanlarına rəhbərlik edən ermənilərin sayı bizə Azərbaycanda məlumdur. Beləliklə, onlar istədiklərini yaza bilərlər. Ona görə də mən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəsmi bəyanatına istinad edirəm. O deyib ki, heç vaxt belə deməyib. İndi isə baxın. Prezident, sabiq prezident, onun sözləri və bir ermənipərəst və ya erməni jurnalistin sözləri. Hansının dəyəri daha çoxdur? Bu, birincisi. Şaumyana gəlincə. Cənab baş nazir indicə qeyd etdi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarını Stalin verib. Bu, səhvdir. Bir daha Qafqaz Bürosunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda saxlamaq, Azərbaycana vermək yox. Əgər o Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür".
Prezident
İlham Əliyev beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə də aydınlıq gətirib: "Ən vacib
olan odur ki, beynəlxalq ictimaiyyət, - biz beynəlxalq ictimaiyyətdən danışan
zaman əsasən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, -
onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki,
Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu
qeyri-qanuni qurumu tanımır. Bu, birincisidir. İkincisi, düşünürəm ki,
Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq
daha çox Ermənistana göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından daha
yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları
yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə
deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı
7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur
ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali
siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb.
Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların
nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan
bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün
azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim
xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı
dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal
edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra
onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq
ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi,
təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın. Baş nazir indicə sülhdən
danışdı. Yaxşı mən razılaşıram. Lakin onda bu, bu gün baş verənlə, təmas
xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi ilə necə uzlaşır?”.