• çərşənbə axşamı, 19 mart, 15:42
  • Baku Bakı 8°C

İlham Əliyev Azərbaycan cəmiyyətinin haqlı narazılığını Vladimir Putinə çatdırıb

13.08.20 19:58 12560
İlham Əliyev Azərbaycan cəmiyyətinin haqlı narazılığını Vladimir Putinə çatdırıb
Ermənistana davamlı hərbi dəstək verilməsi, həmsədr ölkənin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək öhdəliyinə ziddir
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan, ATƏT-in Minsk qrupunun həmsədr dövləti sayılan Rusiyanın Ermənistana hərbi dəstək verməsi, onu silahlandırması forfost ölkəni ruhlandırır, yeni-yeni təxribatlar törətməyə sövq edir. Sonuncu dəfə Ermənistan tərəfindən belə bir təxribat hadisəsi cari il iyulun 12-də Azərbaycanın Tovuz rayonunu istiqamətində sərhəddə törədilib. Ermənistan silahlı qüvvələri dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə soxulmağa cəhd ediblər. Onların bu təxribatının qarşısı layiqincə alınıb, düşmən geri otuzdurulub.Bir neçə gün davam edən şiddətli döyüşlər nəticəsində sarsıdıcı zərbə alan Ermənistan yüzə yaxın hərbi qulluqçusunu, çoxlu sayda zirehli texnikasını itirib. Azərbaycan isə 12 hərbi qulluqçu və bir mülki şəxs olmaqla, ümumilikdə 13 şəhid verib. Mülki şəxsin həlak olmasına səbəb döyüşdə məğlub olan düşmənin sərhədə yaxın Azərbaycan yaşayış məntəqələrini artilleriyadan atəşə tutması, mülki şəxsləri, onların əmlaklarını hədəfə alması olub. Bu hadisədən sonra rəsmi Bakı diplomatik və siyasi yollarla, həmçinin dünyada yaşayan azərbaycanlılar vasitəsilə Ermənistanın işğalçılıq siyasətini, davamlı təxribatlara əl atmasını, silahlandırılmasını, bütünlükdə Cənubi Qafqaz üçün təhlükə mənbəyi olmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

General-mayor Lev Roxlinin ifşaedici çıxışı

Artıq bütün dünya azərbaycanlıları, o cümlədən Azərbaycan cəmiyyəti anlayır ki, Rusiyanın Ermənistanı silahlandırmağa davam etməsi işğalçı ölkəyə açıq dəstəkdir. Məlumat üçün bildirək ki, ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Ermənistana həm öz qiymətinə silah-sursat satıb, həm də böyük həcmdə silah və hərbi texnikanı təmənnasız ötürüb. Bu barədə mediada yer alan məlumatlara görə, 1995-1996-cı illərdə Rusiya Ermənistana tərkibində "Scud” operativ-taktiki raketləri də daxil olmaqla 1 milyard dollar dəyərində silah və texnika ötürülməsini reallaşdırıb. General-mayor Lev Roxlinin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında Rusiyanın Ermənistanı silahlandırmasına dair ifşa xarakterli çıxışı, bundan sonra həyata keçirilmiş araşdırma, istintaq və sair məsələlərlə bağlı internetdə kifayət qədər material var. Sonrakı illərdə də işğalçı ölkənin silahlandırılması davam etdirilib. 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından Ermənistana daşınan əmlakın önəmli qismi 102-ci bazaya deyil, bilavasitə Ermənistan ordusuna verilib. Ermənistan silahlı qüvvələrinə təmənnasız şəkildə verilmiş bu əmlakın dəqiq həcmi barədə hər hansı informasiya mövcud deyil. Rusiyanın yalnız 2005-2006-cı illərdə Gürcüstandakı bazasının inventarından çıxardığı 16 ədəd 2S3 "Akatsiya” özüyeriyən artilleriya sistemini Ermənistana bağışlamasına dair məlumat da öz təsdiqini tapıb.
Dünya Silah Ticarətinin Analizi Mərkəzinin hesabatı

Dünya Silah Ticarətinin Analizi Mərkəzinin (SAMTO) son hesabatına görə, Ermənistan Rusiyadan 2013-cü ildə 50 ədəd tank əleyhinə idarə olunan raket kompleksi (qiyməti $5 milyon – böyük ehtimalla "Faqot” və "Kornet”), 35 ədəd ədəd T-72 tankı ($50 milyon), 110 ədəd BTR-80/82A ($30 milyon) "alıb”. Rusiya müəssisələrində Ermənistan ordusuna məxsus 50 ədəd BMP-2 piyada döyüş maşını modernizə edilib. Müxtəlif mənbələrdən mediaya sızan məlumatlara görə, təmənnasız olaraq, Rusiya 2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan ordusuna açıqlanmayan sayda BMP-2 və BMP-3 piyada döyüş maşınları, BTR-80 bazasında R-149 komanda-qərargah maşını, BTR-70 və BTR-80, 152 mm çaplı 2A65 "Msta-B”, 152 mm çaplı 2A36 "Giatsin-B”, 2S3M "Akatsiya”, həmçinin 122, 240, 300 mm reaktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya döyüş sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion "Kub” zenit-raket kompleksi, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər, aviasiya üçün idarə olunmayan S-8 və S5 raketləri, idarə olunan X-25ML və R-60M raketləri bağışlayıb. Sonrakı illərdə də bu proses müxtəlif adlar altında davam etdirilib.
Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir

Təbii ki, bu silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, mövcud status-kvonun saxlanmasına xidmət edir. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməklə bərabər, onun ATƏT Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə ziddir. Bununla yanaşı, Kremlin davranışı 2009-cuil iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə də ziddir. Bütün bunları nəzərə alan Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmədiyi, həmsədr ölkələrin birtərəfli mövqe tutaraq işğalçıya dəstək verdiyi qənaətindədir. Haqlı olaraq tələb olunur ki, ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, Minsk qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.
Ermənistanın üçüncü tərəfləri münaqişəyə cəlb etmək niyyəti

Prezident İlham Əliyevin avqustun 12-də rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng etməsi də bəhs etdiyimiz məqamlardan qaynaqlanır. Əvvəlcə onu vurğulayaq ki, dövlətimizin başçısı daim beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur. Bu dəfə də belə oldu. Prezident İlham Əliyev rusiyalı həmkarına iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin törətdiyi təxribat barədə məlumat verdi. Qeyd olundu ki, işğalçı dövlətin bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu da Rusiya Prezidentinin diqqətinə çatdırdı.
Həmsədr dövlət neytral mövqedə qalmalıdır
Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Millət vəkili Elman Nəsirov deyib ki, prezidentlərin telefon danışığında bir sıra məsələlər, o cümlədən Ermənistanın 12-16 iyul hərbi təxribatı, onun fəsadları ətrafında geniş fikir mübadiləsi aparılıb: "Cənab Prezident 12 iyul təxribatı ilə Ermənistanın hansı məqsəd güddüyünü açıq şəkildə ifadə edib. Eyni zamanda bildirib ki, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub. Dövlətimizin başçısı telefon zənginin əsas məqsədinin məhz bu məsələni aydınlaşdırmaq olduğunu vurğulayıb. Bu, regionda sülhə və təhlükəsizliyə çox ciddi təhdiddir. Qeyd olunan məqam Rusiya prezidentinin diqqətinə çatdırılıb, böyük narahatlıq yaratdığı ifadə olunub. Rusiya Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyi öz üzərinə götürən həmsədr dövlətdir. Həmsədr dövlət neytral mövqedə qalmalı, hadisə və proseslərə obyektiv, dürüst yanaşma ortaya qoymalı, qərəzli olmamalıdır. Təəssüf ki, biz bunun əksini görürük və Rusiya Ermənistana davamlı hərbi dəstək verir. Bu, nəticə etibarilə çox ciddi, təhlükəli proseslərə gətirib çıxara bilər. Belə mənzərə Azərbaycan ictimaiyyətini haqlı olaraq narahat edir. Bu narahatlığı da Prezident İlham Əliyev şəxsən Vladimir Putinə çatdırıb”.
Qətiyyətli, prinsipial və informasiyalı lider

Millət vəkili Sahib Alıyevisə Prezident İlham Əliyevin Vladimir Putinlə telefon danışığını bir necə baxış bucağından qiymətləndirib. Deputatın sözlərinə görə, bu telefon danışığı və ondan əvvəl, eləcə də ardınca baş verənlər onu göstərir ki, biz Qarabağ probleminin həlli məsələsində yeni bir mərhələnin astanasındayıq: "Ya cəbhədə genişmiqyaslı əməliyyatlara başlanacaq, ya da havadarları hayları danışıqlar masası arxasına əyləşdirərək gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atacaqlar. Üçüncü yol yoxdur. Qardaş Türkiyə ilə birgə keçirdiyimiz və döyüş hazırlığından daha çox, birgə "döyüşə hazırıq” xarakteri daşıyan hərbi təlimlər, hər iki ölkənin xarici işlər və müdafiə nazirləriylə görüşdə cənab Ərdoğanın etdiyi jest, verdiyi mesaj, bu görüşdən dərhal sonra Hulusi Akarın Bakıya gəlməsi, ondan öncə rəsmi Ankarayla Moskva arasında Dağlıq Qarabağ probleminin həlli və Azərbaycan-Ermənistan sərhədində erməni təxribatıyla bağlı aparılan danışıqlar məhz bunun təsdiqidir. Dövlət başçımızın Vladimir Putinə zənginin digər tərəflərinə gəldikdə isə, qətiyyətli və prinsipial olduğu qədər də informasiyalı bir liderin - İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədindəki 12 iyul təxribatından sonra Rusiyadan haylara 400 tondan çox hərbi təyinatlı yük göndərilməsi faktını görməzdən gəlməyəcəyi aydın idi. Orası da aydındır ki, əgər hər iki dövlətin başçısı arasında qarşılıqlı güvən, rəğbət olmasaydı, Azərbaycanın haqlı narazılığı Rusiya Prezidentinə birbaşa zənglə çatdırılmazdı”.
Kremldə Zatulincəsinə davranışın yaratdığı narazılıq

Millət vəkili deyib ki, haqlı iradımızın bildirilməsindən sonra tərəflər hər iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək əzmində olduqlarının vurğulayıblar. Onun qənaətincə, buradan çıxan nəticə odur ki, Azərbaycan və Rusiya liderləri bu güvənlə rəğbətin gələcəkdə də qorunub saxlanmasının tərəfdarıdırlar: "Gəldiyim başqa bir nəticə isə bundan ibarətdir ki, Rusiya Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi iradla, yəni 12 iyul döyüşləri başa çatar-çatmaz, haylara hərbi təyinatlı yüklər göndərilməsinin Minsk qrupuna həmsədrlik edən bir dövlətin üzərinə götürdüyü öhdəliklə uzlaşmamsı və Azərbaycanla dostluğa kölgə salmasıyla razıdır. Əgər razı olmasaydı, bir daha vurğulayıram ki, hər iki tərəfin yaydığı rəsmi açıqlamada Azərbaycanla Rusiya arasında əməkdaşlığın daha da genişləndiriləcyindən söz edilməzdi. Həm bu fakt, həm də Rusiya tərəfinin telefon danışığı ilə bağlı yaydığı rəsmi açıqlamada ikinci dərəcəliləri qabardaraq, üzərində ən çox dayanılan məsələdən - Ermənistana göndərilən 400 tondan artıq hərbi yükdən bir kəlmə belə bəhs edilməməsi Kremldə Zatulincəsinə davranışın yaratdığı narazılığın tezliklə aradan qaldırılmasının istənildiyini ortaya qoyur”.
Artıq bizim daha etibarlı tərəfdaşlarımız var

S.Alıyev söyləyib ki, 12 iyul təxribatından dərhal sonra Rusiyanın haylara 400 tondan çox hərbi təyinatlı yük göndərməsi Putincəsinə deyil, məhz Zatulincəsinə davranışdır: "Rusiyada dövlətlərimiz arasında əlaqələrin pozulmasına çalışan üçüncü qüvvənin, yəni Zatulincəsinə davrananların olduğunu Soçidə Vladimir Putinlə görüşündə cənab İlham Əliyev də demişdi. Mümkündür ki, hayların 12 iyul təxribatından dərhal sonra onlara 400 tondan artıq hərbi yardımın arxasında da ilk növbədə məhz o üçüncü qüvvələr durur. Yaxşı, biz bu Zatulincəsinə davranışı görüb də nə nəticə çıxarmalıyıq? Nəticə bu ola bilər ki, Rusiyada hayların 12 iyulda Azərbaycanla sərhəddə törətdikləri təxribatı dəstəkləyən qüvvələr var və ola da bilsin ki, bu təxribat məhz onların tapşırığıyla reallaşdırılıb. Amma həmən qüvvələr bu təxribatla öz məqsədlərinə çatmadıqları kimi, Ermənistana 400 tondan artıq hərbi təyinatlı yük göndərməklə güddükləri digər məqsədlər də reallaşmayacaq. Bununla nə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək əzmi sarsılandır, nə də biz haylara verilən hərbi yardımın mümkün mənfi təsirini azaltmaq üçün bunu edənlərdən gedib nəsə alanıq. Çünki artıq bizim daha etibarlı tərəfdaşlarımız var ki, onların istehsal etdikləri hərbi texnika haylara verilən o 400 ton silah-sursatın bir hissəsini göyə sovura, digərini isə sadəcə metal yığınına çevirə bilər. Azərbaycan Ordusu 2016-cı ilin aprelində və bu ilin iyulunda hayların cavabını verərkən bunu açıq-aydın göz önünə sərdi. Rusiyadakı bəzi çevrələr onların regionda maraqlarının qorunub saxlanmasının bu dövlətin Zatulincəsinə yox, Putincəsinə davranmasından keçdiyini, nəhayət anlamalıdırlar. Mənə elə gəlir ki, cənab Prezidentin Rusiyanın dövlət başçısına etdiyi zəng elə həm də bu demək idi”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər