İldırım çaxarkən nə etməli?
Artıq iyun ayının yarısı ötsə də, havanın
temperaturundakı kəskin dəyişikliklər hər kəsi çaş-baş qoyub. Qəfil gah leysan
yağır, gah da ki ildırım çaxır. Artıq bu təbiət hadisələri gündəlik həyatda da bəzi
çətinliklərə səbəb olmağa başlayıb. Belə ki, bu
günlərdə Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın
elektrik təchizatı sistemini ildırım vurub. Bu barədə Trend-ə açıqlamasında
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar
Cəbrayıllı məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla əlaqədar qəsəbənin
içməli su təchizatında fasilə yaranıb.
Cəlilabad rayonunda da yağışla
müşayiət olunan güclü külək əsib. Report-un məlumatına görə, bu zaman rayon
sakini Azər Tahir oğlu Qurbanovu çöldə ildırım vuraraq öldürüb. Bununla yanaşı,
güclü külək nəticəsində Ələt-Astara magistralının
rayon ərazisindən keçən hissəsində 20-yə yaxın çoxillik ağac kökündən çıxaraq
yıxılıb.Təbii fəlakətin
nəticələri aradan qaldırılır. Anomal hava Qəbələ rayonunda da tələfata səbəb
olub. Sözügedən bölgədə 250
qoyunu ildırım vurub. Hadisə Qəbələnin Laza kəndində baş verib. Yaylağa
aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf
olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər. Təxminən
yarım saat sonra özlərinə gəldikdə isə, acı mənzərənin şahidi olublar. Son 10
gündə üç ildırım faktı müşahidə olunub. Təəssüflər olsun ki, bəzən
ehtiyatsızlıq və diqqətsizlik üzündən xeyli tələfat olur. Bəs görəsən ildırım
vurma zamanı hansı ilkin tibbi yardım göstərilməldir? Ümumiyyətlə, ildırımdan
necə qoruna bilərik?
Milli
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, ildırım zamanı ağacların yanında
və boş ərazilərdə dayanmaq qəti olmaz: "Çünki ildırım çaxan zaman hətta iri
ağacları da vurub aşıra bilir. Çox zaman məlumatsızlıq ucbatından xeyli itkilər
olur. Ona görə də yaxşı olardı ki, bu barədə maarifləndirmə işləri aparılsın və
insanlar məlumatlanıdırılsın. Xüsusən kənd yerlərində yaşayanlara və məktəblilərə
bu haqda məlumat verilməlidir. Çox vaxt yağışlı havada ildırım çaxan zaman
insanlar mal-qara otarırlar. Bu həm insanlar, həm də heyvanlar üçün
təhülkəlidir. Bu gün bir çox dünya alimləri qlobal istiləşmənin olduğunu desələr
də, iyun ayında bu kimi hallara rast gəlinir. Əgər yay ayında üç güclü ildırım faktı qeydə alınıbsa,
deməli iqlimdə dəyişikliklər gedir. Artıq ekoloji problemlər iqlimə təsir edir.
Bunun nəticəsində yağıntıların miqdarı
və ildırım kimi təbiət hadisələri getdikcə artır. Ekolgiyaya vurulan
ziyanlar, kimyəvi silahlar bu kimi problemlərin sayını artırır. Əvvəllər bir
ildə iki-üç yüz qasırğa, tufan və təbii fəlakət baş verirdisə, indi bu rəqəm
üç-dörd minə qalxıb. Düzdür, ildırım və digər təbii fəlakətlər haqqında
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeroloji proqnozlar
bürosu əvvəldən məlumat verir. Amma yenə də itki hallarının qarşısını almaq
olmur. Adətən, dolu və leysan yağışları zamanı temperatur fərqi yaranır ki, bu
zaman ildırım hadisəsi müşahidə edilir. Ona görə də belə hallarda təbliğat
kampaniyası gücləndirilməli və insanlar bu haqda məlumatlandırılmaıdır. Əhaliyə
evdən çölə çıxmamaq barədə tapşırıq
verilməlidir. Həmin vaxtda açıq hava şəraitində olanlar isə özlərinə qapalı yer
tapıb bir müddət gözləsələr, yaxşı olar”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki,
ildırım zamanı açıq havada və pəncərə qabağında dayanmaq olmaz: "Çünki açıq
yerlərdə ildırımın vurma ehtimalı daha çoxdur. Bu zaman mütləq qapalı yerlərdə
daldalanmaq lazımdır. İldırım adətən kənd yerlərində daha çox müşahidə olunur
və daha çox tələfata səbəb olur. İldırımın vurması elektrik kimi təhlükəlidir.
Bu zaman ildırım vuran şəxsi mütləq şəkildə dərhal xəsətəxanaya çatdırmaq
lazımdır. Çünki ildırım vuran zaman insanın ürəyi dayanır. Ona görə də ilkin
tibbi yardım kimi zərərçəkmiş şəxsə süni tənəffüs vermək mütləqdir. Xəstə
torpaq üzərində uzandırılmalıdır ki, bədənindəki elektriki torpaq alsın.
İldırım insanın ürəyini dayandırır və
tənəffüs iflic olur. Yaxşı olar
ki, dərhal həkim müdaxilə etsin. İldırım vurmasından sonra insanın normal həyat
fəaliyyətinə davam etməsi ildırımın vurmasından asılıdır. Əgər həmin şəxs ciddi
xəsaət alıbsa, həyati təhlükə riski çox yüksək olur və adətən belə hallarda
xəstəni xilas etmək mümkün olmur. Yüngül ildırım vurma isə müalicə edilir. Bu
zaman xəstə yanıq şöbəsində müalicə alır. Çünki ildrım vurma zamanı insan
bədənində yanıqlar yaranır. Müalicənin müddəti isə yanığın dərəcəsindən asıldır”.
Şəbnəm Mehdizadə