AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İkitərəfli ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq

İkitərəfli ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq

Siyasət
12 Avqust 2020, 19:43 10810
Türkiyə və Azərbaycan Cənubi Qafqazda təkcə region üçün deyil, Uzaq Şərqdən Londona qədər əhəmiyyət daşıyan strateji layihələr həyata keçirir
 
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov qardaş Türkiyə Respublikasına ilk rəsmi səfərini edib. Səfər çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə əvvəlcə təkbətək, ardınca hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olub. Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib. Xarici işlər nazirlərinin görüşündə tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər istiqamətlərdə əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq bildirib, bu əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə olunub. Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirilib. M.Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribat törətməsinə diqqət çəkərək bir daha bəyan edib ki, Azərbaycan tək deyil, Türkiyə bütün imkanları, gücü ilə onun yanındadır və yanında olmağa davam edəcək. 
 

 
Strateji layihələrlə bağlı fəaliyyət gücləndiriləcək
 
M.Çavuşoğlu Azərbaycan və Türkiyənin birgə mühüm layihələr həyata keçirdiklərini xatırladaraq, strateji layihələrlə bağlı fəaliyyətin gücləndiriləcəyini söyləyib. Həmçinin elm, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün işlərin görüləcəyini vurğulayıb. Qeyd edib ki, Türkiyədən Naxçıvana dəmir yolunun və qaz xəttinin çəkilməsi Azərbaycan ilə Türkiyə arasında qarşıda duran ən mühüm məsələlərdən biridir: "Türkiyə və Azərbaycan arasında ikitərəfli ticarət həcmini 15 milyard dollara çatdırmaq planlaşdırılıb. Qəbul edilən qərarların tətbiq edilməsini birgə izləyəcəyik. Digər tərəfdən qarşılıqlı investisiyalar artır. Hər iki ölkə Cənubi Qafqazda təkcə region üçün deyil, Uzaq Şərqdən Londona qədər əhəmiyyətl daşıyan strateji layihələri həyata keçirdi. Bakı-Tbilisi-Ceyhan boru xəttini, TANAP layihəsini misal göstərmək olar. Qardaş Türkmənistan, Qazaxıstan və Özbəkistanın layihələrə daxil olması üçün səylərimizi davam etdirəcəyik”.
 

 
Konkret hədəflər, istiqamətlər müəyyənləşdirilib
 
Azərbaycan Xarici İşlər nazirinin ilk rəsmi səfərini Türkiyəyə etməsini, orada aparılan danışıqları, səsləndirilən bəyanatları "Kaspi” qəzetinə şərh edən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib ki, hər iki ölkə arasında əlaqələr strateji xarakter daşıyır. Millət vəkili bildirib ki, Türkiyə daim Azərbaycanın yanında yer alıb, ölkəmizi dəstəkləyib: "Qardaş Türkiyə taleyüklü məsələlərdə hər zaman Azərbaycanın yanında olub, dəstəyini əsirgəməyib. Bu baxımdan Azərbaycan da Türkiyə ilə əlaqələrə böyük önəm verir. Hər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən ticarət sahəsində yüksək səviyyəli əlaqələr var. Xarici işlər nazirlərinin görüşündən sonra Mövlud Çavuşoğlunun mətbuata açıqlamasında qeyd olunduğu kimi, iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması planlaşdırılır. Bunun üçün konkret hədəflər, istiqamətlər müəyyənləşdirilib. Türkiyə Azərbaycan qazının alıcısıdır. Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars və sair bu kimi layihələr çərçivəsində hər iki ölkə arasında böyük, dərin əməkdaşlıq mövcuddur. Bununla yanaşı, Orta Asiya respublikalarının Azərbaycandan tranzit olmaqla keçən layihələri çərçivəsində də ölkəmiz müəyyən addımlar atır. Həmin ölkələrin TANAP-da təmsil olunması üçün müvafiq işlər görülür”.
 

 
Gələcəyə hesablanmış uğurlu siyasət
 
Millət vəkili söyləyib ki, Türkiyə iqtisadi baxımdan güclü bir dövlət olduğu üçün Azərbaycanın bu ölkə ilə münasibətləri inkişaf etdirməsi mühüm əhəmiyyət daşıyır: "Azərbaycan və Türkiyə arasında qarşılıqlı əlaqələr mövcuddur, qarşılıqlı səfərlər edilir, birgə layihələr həyata keçirilir. Hazırda Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər keçirilir. Bu amil də ikitərəfli münasibətlərin inkişafı nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycanı xalqlarımızı ortaq mədəniyyət, dəyərlər birləşdirməklə yanaşı, hər iki ölkə regionun qlobal enerji layihələrində aktiv iştirak edir. Bu iki ölkənin iştirakı olmadan bölgədə hansısa qlobal layihənin baş tutması qeyri-mümkündür. Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasına əyani misaldır. Təbii ki, münasibətlərin bu səviyyədə olması hər iki dövlət başçısı arasında olan əlaqələrdən də qaynaqlanır. Azərbaycan və Türkiyə prezidentlərinin bu mənada xidmətləri, rolu inkar edilməzdir. Bu birliyi heç nə sarsıda bilməz. Hər iki ölkə bilir ki, onların birlikdə olmasına, birgə çalışmalara böyük ehtiyac var. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə parlamentləri arasında da münasibətlər yüksək səviyyədədir. Bütün bunlar ölkə rəhbərlərinin düzgün, gələcəyə hesablanmış uğurlu siyasətinin nəticəsidir”.
 

 
Qarşılıqlı münasibətlərdə yeni səhifə
 
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı bildirib ki, böyük layihələr təkcə Azərbaycan və Türkiyə üçün deyil, region dövlətləri, o cümlədən Mərkəzi Asiyanın yeni müstəqil dövlətləri üçün də əhəmiyyət daşıyır. Tarixçi alim vurğulayıb ki, böyük layihələr regionun və dünyanın geosiyasətinin dəyişməsinə təsir edir: "Xarici İşlər naziri Ceyhun Bayramovun ilk rəsmi səfərini Türkiyəyə etməsi, orada müzakirə olunan məsələlər yalnız ikitərəfli münasibətlər çərçivəsinə sığmır, regional və beynəlxalq əhəmiyyət daşıyır. Xarici İşlər naziri Ceyhun Bayramovla bərabər, Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfər etməsi, hər iki nazirin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi hadisəsinin isə anlamı daha dərindir. Unutmayaq ki, Türkiyə eyni zamanda Qafqaz dövlətidir. Ona görə də bu ölkənin Qafqazda gedən proseslərdən kənarda qalması mümkün deyil. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri, orada keçirilən görüşlər, aparılan müzakirələr qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq”. 
 

 
Torpaqları işğaldan azad etmək məqsədi
 
Politoloq Fikrət Sadıxov azərbaycanlı nazirlərin Türkiyə səfərini şərh edərkən bildirib ki, səfər çərçivəsində qardaş ölkədə keçirilən görüşlər, aparılan danışıqlar, həmçinin Prezident R.T.Ərdoğan tərəfindən C.Bayramov və Z.Həsənovun birlikdə qəbul edilməsi mühüm mesajdır. Onun sözlərinə görə, ölkəmizi hərtərəfli dəstəkləyən rəsmi Ankara bununla həm də ona işarə edir ki, əgər, Dağlıq Qarabağ münaqişənin həllində hərbi yoldan istifadə olunarsa, Türkiyə Azərbaycanla birlikdə bunu etməyə hazırdır: "Türkiyənin xarici siyasət istiqamətləri artıq reallaşmağa başlayıb. Bu xarici siyasi istiqamətlərin reallaşmasının əsas prioritetləri Azərbaycana dəstək verməkdir. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi kontekstində. Bu məsələlər diplomatik səviyyədə ölkənin xarici işlər naziri ilə ciddi şəkildə müzakirə olundu. Əvvəlcə Türkiyənin Xarici İşlər Nazirliyi səviyyəsində, daha sonra dövlət başçısı səviyyəsində bu məsələlər masaya yatırıldı. Bu, mühüm bir istiqamətdir. Dəfələrlə Türkiyə rəsmiləri bunu bəyan ediblər. Türkiyə rəsmiləri müxtəlif beynəlxalq tribunalarda Azərbaycanı dəstəklədikləri haqqında bəyanatlar səsləndirib, ölkəmizin haqlı mövqeyini müdafiə ediblər. Bütün bunlar o deməkdir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək məqsədi və hədəfi Türkiyə tərəfindən tam dəstəklənir”.
 

 
Türkiyə Azərbaycana daim dəstək olmağa hazırdır
 
Siyasi şərhçi deyib ki, həm hərbi-texniki əməkdaşlıq baxımından, həm də Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli məsələsində Türkiyə Azərbaycana daim dəstək olmağa hazırdır: "Bunu irimiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri də təsdiq edir. Artıq bir neçə gündür bu təlimlər davam edir. Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər də Azərbaycana səfərə gələcək. Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində təlimlərin birinci mərhələsinin sonuncu epizodunu izləyəcək. Bütün bu baş verənlər beynəlxalq ictimaiyyət, o cümlədən işğalçı Ermənistan və onun havadarları tərəfindən də diqqətlə izlənilir. Bu hərbi təlimlər xaricidə böyük bir reaksiya doğurur. Xüsusilə Ermənistanda böyük şok effekti yaradır. Düşünürəm ki, bu nəticənin özü də Türkiyə-Azərbaycan münasibətlərini, qarşılıqlı dəstəyin səviyyəsini tam çılpaqlığı ilə əks etdirir”.
 

 
Həmsədrlər münaqişənin həlli üçün səy göstərmirlər
 
Politoloq Elxan Şahinoğlu C.Bayramovun xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə reallaşdırmasını gözlənilən hadisə kimi dəyərləndirib. O, qəzetimizə açıqlamasında bildirib ki, bu, strateji müttəfiqliyin ruhuna uyğundur: "Rusiya xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu Moskvaya dəvət edib. Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun özü də Moskvaya mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və Kreml bu amillə hesablaşmalıdır. Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə rəsmisi, həmişə olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bu sözlərlə tənqid edib: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər. Mövlud Çavuşoğlunun sonrakı açıqlaması da maraqlıdır: "Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”. Mövlud Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə, Türkiyə Azərbaycanın yanında olacaq”.
 

 
Müttəfiqlik qarşılıqlı dəstəyi diqtə edir
 
Siyasi şərhçinin fikrincə, nazir C.Bayramovun həmkarı M.Çavuşoğlu ilə görüşdə "bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəklədiyini vurğulaması böyük önəm daşıyır: "Müttəfiqlik qarşılıqlı dəstəyi diqtə edir. Ceyhun Baryamovun açıqlaması o deməkdir ki, rəsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı, digər bölgələrdəki siyasətini də dəstəkləyir. Rəsmi Bakı sərhəddəki son insidentdən sonra Minsk Qrupunun toplanması vacibliyini bildirib. Bu, o deməkdir ki, Bakı da Ankara kimi həmsədrlərin fəaliyyətindən narazıdır və hazırki formatın dəyişdirilməsini istəyir. Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var. Böyük ehtimalla xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni hərtərəfli müzakirə ediblər. İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər. Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi, Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək, bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir”.
 
Rufik İSMAYILOV