İkitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyur
Birgə Bəyannamə Azərbaycan və İtaliya arasında
strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir
Ötən həftə Prezident İlham Əliyevin İtaliyaya
uğurlu dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi
istiqamətində mühüm addımdır. Dövlətimizin başçısı səfər çərçivəsində İtaliya
Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının sədri Cüzeppe Konte, Senatın
Sədri, senator Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri
Roberto Fikoilə görüşüb. Səfər müddətində iki ölkə arasında
münasibətlərin inkişafına təkan verəcək sənədlər imzalanıb. Bu sənədlərdən biri
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte
arasında imzalanan, həmçinin mübadilə edilən "Azərbaycan Respublikası ilə
İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannamə”dir. Birgə Bəyannamə qarşıdakı uzun
illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi
sənəddir. Sözügedən sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək
istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm
qoyduğunu göstərir. Bununla yanaşı, Birgə Bəyannamə siyasi, iqtisadi, mədəni,
humanitar və digər sahələri əhatə edən müfəssəl sənəddir. Bəyannamədə
beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərilməsi haqqında
müddəanın nəzərdə tutulması İtaliya və Azərbaycanın yaxın, dost, müttəfiq
ölkələr olduğunu göstərir. Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin
ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə
yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş
qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. Bu o deməkdir ki, İtaliya
Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq
əsasında həllini dəstəkləyir.
Enerji
təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə
Ümumən iki ölkə arasında siyasi, iqtisadi, enerji,
mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos,
investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 20-dən çox sənəd
imzalanıb. Yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən
kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri
10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji
sektorunda bu rəqəm 700 milyon dollardır. Prezidenti İlham Əliyevin İtaliyanın
ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA”nın və bu
ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və
maliyyə qruplarının rəhbərləri ilə görüşü də Azərbaycanın xarici iqtisadi
əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizə yeni investisiya axınının təmin
edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla bərabər, Azərbaycan
İtaliyanın bir sıra aparıcı şirkətləri ilə uzun illərdir sıx əməkdaşlıq edir,
bəzi şirkətlər ölkəmizlə işləməyi planlaşdırır. Onu da əlavə etmək yerinə düşər
ki, Azərbaycan İtaliya üçün etibarlı və bir nömrəli xam neft təchizatçısıdır.
İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Cənub Qaz
Dəhlizi layihəsi, artıq 92 faiz icra olunmuş və yekunlaşmaq mərhələsində olan
TAP layihəsi isə Avropanın və İtaliyanın enerji təhlükəsizliyinin təmin
olunmasına mühüm töhfədir.
Avropa İttifaqı ilə
Azərbaycan arasında saziş üçün əsas
Millət vəkili,
politoloq Rasim Musabəyov Prezident
İlham Əliyevin İtaliyaya dövlət səfərini şərh edərkən bildirib ki, bu cür
səfərlər özü-üzlüyündə iki ölkə arasında əlaqələrin əhəmiyyətini göstərir. O
qeyd edib ki, Azərbaycan İtaliya üçün əhəmiyyətli tərəfdaşdır. Deputatın
sözlərinə görə, bu səfər ölkəmizin İtaliya üçün nə qədər önəmli olduğunu nümayiş
etdirir: "İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır.
2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara çatıb. Azərbaycan
Prezidenti İlham Əliyev iki il bundan öncə İtaliya Prezidentini qəbul edib. İki
ölkə arasında yüksək səviyyəli dialoq davamlı xarakter daşıyır. İtaliyanın
rəsmi ikinci şəxsi hesab olunan Parlamentin sədri ötən il Azərbaycana, Birinci
vitse-prezident Mehriban Əliyeva bir il bundan öncə İtaliyaya səfər edib. İtaliya
iqtisadi göstəricilərinə görə, Avropa İttifaqında üçüncü mövqedə dayanır, istədiyi
ölkələrlə əlaqə qurub saxlamağı bacarır. Azərbaycanla İtaliya hərbi sənaye sahəsində
də mühüm əməkdaşlığa malikdir. Bu baxımdan düşünürəm ki, Prezident İlham
Əliyevin Avropa İttifaqında mövqeləri güclü olan dövlətə səfəri həm iki ölkə
arasında münasibətlərin inkişafı, həm də Azərbaycanın Avropa İttifaqı ilə
siyasi münasibətlərinə töhfə verəcək. Bu mənada İtaliya və Azərbaycan arasında
imzalanmış Birgə Bəyannaməni xüsusi vurğulamaq istərdim. Bu sənəd Avropa
İttifaqı ilə Azərbaycan arasında saziş üçün gözəl əsas təşkil edə biləcək”.
İkitərəfli
münasibətlər keyfiyyətcə yeni mərhələdə
Millət vəkili,
politoloq Hikmət Babaoğlu da
hesab edir ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə
arasında münasibətləri yeni tarixi mərhələyə daşıyıb. Avropa İttifaqına üzv
olan ölkələr içində İtaliyanın aparıcı ölkələrdən biri olduğunu xatırladan
deputat vurğulayıb ki, Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var. Onun
sözlərinə görə, Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi
hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Millət vəkili deyib ki, bütövlükdə
Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya Azərbaycanın ən mühüm
iqtisadi tərəfdaşlarından biridir: "Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard
dollardan çoxdur. İki ölkə arasında potensial imkanların olması və
münasibətlərin inkişafı ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühüm
perspektivlər vəd edir. İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyib. O cümlədən İtaliya Prezidenti ilə Azərbaycan Prezidentinin son
görüşündə hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini
bəyan etməsi, ümumi bəyannamədə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni
mərhələyə qaldırılması məsələsinin qeyd olunması, bundan sonrakı mərhələdə
İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirməklə yanaşı, həm də
digər Avropa İttifaqqına üzv olan ölkələr üçün yaxşı bir nümunə olacaq”.
Kimya sənayesi üzrə
yeni istiqamətlər
İtaliyanın bir sıra sənaye istiqamətləri üzrə
Avropada lider ölkə olduğunu xatırladan politoloq H.Babaoğlu qeyd edib ki, Sumqayıt
Sənaye Parkı və İtaliya şirkətləri arasında xüsusi münasibətlərin olması
təsadüfi deyil: "Bütün bunlar kimya sənayesi üzrə yeni istiqamətlər müəyyən
edir. Sumqayıt Sənaye Parkında olan kimya müəssisələrində istehsal olunan
məhsullar Azərbaycanın qeyri-neft sektorunda 14 faizlik pay yaradır ki, bu da
yenə İtaliya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində mümkün olub. İtaliya-Azərbaycan
münasibətlərində iqtisadi blokdan danışan zaman bir məsələni xüsusi vurğulamaq
lazımdır ki, qeyri-enerji sahəsində İtaliya ilə Azərbaycan arasında təqribən 1
milyard dollara yaxın maliyyə münasibətləri və eyni zamanda Azərbaycandan
kənarda yatırım üzrə təqribən 10 milyard dollar həcmində investisiya münasibətləri
var”.
Rufik İSMAYILOV