• cümə axşamı, 25 aprel, 23:25
  • Baku Bakı 21°C

“İkinci Torqovı” - xələf sələfə tay olacaqmı?

23.11.17 11:00 3697
“İkinci Torqovı” - xələf sələfə tay olacaqmı?
Azərbaycanda turizmin inkişafı məqsədilə Nizami küçəsinin "Torqovı" adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var. Trend-in məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.
K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan "5 mərtəbə"yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi olması nəzərdə tutulur: "Bununla bağlı təkliflər var, lakin hansı qərarın veriləcəyi barədə indidən danışmaq çətindir”.
K.Quluzadə həmçinin bildirib ki, Bələdçi Akademiyasının yaradılması ilə bağlı təkliflər də var: "Bir çox bələdçilər Azərbaycan tarixini və mədəniyyətini, yer adlarını düzgün bilmədiyi üçün turistlərə düzgün məlumat vermirlər. Ona görə də istəyirik ki, peşəkar bələdçilər hazırlansın”.
Onun sözlərinə görə, həmçinin Gürcüstanla birgə regional turizm paketlərinin hazırlanması nəzərdə tutulur: "Bu paket çərçivəsində turist həm Gürcüstana, həm də Azərbaycana səfər edəcək”.
Bəs görəsən belə bir küçənin yaradılmasının hansı əhəmiyyəti var? Sözügedən küçə turizmin inkişafına faydalı ola bilərmi?
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, sözügedən ərazidə belə bir küçənin salınması üçün əlverişli şərait var: "Vaxtilə bu küçə alış-verişin çox olduğu bir ərazi olduğuna görə, xalq arasında ona «Bazarnıy» küçəsi deyirdilər. Hətta, indi burada "Torqovı”ya bənzər bölgülü tunel də var ki, orada mağazalar mövcuddur. Ərazi həm də İçərişəhərə yaxın olduğu üçün turistlərin diqqətini cəlb edəcək. Burada ən əsas məqam nəqliyyat vasitələrinin tənzimlənməsi məsələsidir. Çünki orada birtərəfli nəqliyyat yolu var. "Torqovı” deyiləndə, insanların ağlına rahat, arxayın gəzə və alış-veriş edə biləcəyi bir yer gəlir. Amma həmin ərazidə müəyyən maneələr yarana bilər ki, onları mütləq aradan qaldırmaq lazımdır. Gələcəkdə belə küçələrin sayının artırılması mümkündür. Çünki bu, həm də turistlərin cəlb olunması baxımından vacibdir. "Torqovı” şoppinq festivalların keçirilməsi üçün münasib yer hesab olunur. Ümumilikdə isə insanların ailəsi ilə rahat gəzib istirahət edə bilməsi üçün şərait yaradılır. Hətta, orada Nizami, Sabir bağı da var ki, bu da onların rahatlığını təmin edə bilər. Gələcəkdə digər ərazilərdə belə bir küçələrin salınması mümkündür. Amma bu küçələrin konkret olaraq hansı ərazidə salınmasını Bakı şəhər İcra Hakimiyyətinin Şəhərsalma Şöbəsi müəyyənləşdirə bilər”.
"Luna Travel” turizm agentliyinin direktoruRəhman Quliyev deyir ki, indiki halda bu, çox faydalıdır: "İkinci ticarət küçəsinin salınması artıq müzakirə mövzusudur. Bu barədə müəyyən işlər görülməyə başlanılıb. Hesab edirəm ki, belə ticarət küçələrinin açılması, indiki halda çox vacibdir. Çünki biz ölkəyə daha çox turist cəlb etməkdə maraqlıyıq. Yeni yaradılacaq ticarət küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Yəni küçə ancaq piyadalar üçün nəzərdə tutulur. Biz bu küçələri yaradarkən dünya təcrübəsindən yararlana bilərik. Məsələn, Türkiyədə belə böyük ticarət küçələrinin sayı çoxdur. Bayram ərəfələrində həmin yerlərdə xüsusi tədbirlər təşkil olunur. Həmçinin, Romada, Milanda, Parisdə də xeyli sayda belə küçələrə rast gəlmək olur. İkinci "Torqovı” həm də turistin təkcə böyük ticarət mərkəzlərinə tıxanıb qalmasının da qarşısını alacaq. İndi Bakıya gələn turistlərin əksəriyyəti "Mall”lara üz tutur. Ticarət küçələrində isə təmiz havada gəzərək, istədiyin alış-verişi edə bilirsən. Avropada ticarət küçələrində hətta müxtəlif ölkələrin musiqiləri səsləndirilir. Bizdə də bu təcrübənin olması turistlərin diqqətini cəlb edə bilər. Bunun üçün Bakıda kifayət qədər ərazi var. Təkcə, "Gənclik”, "Nərimanov” "28 May” ərazilərində deyil, Bakının digər fərqli ərazilərində də bu layihələr həyata keçirilsə, daha yaxşı olar. Qeyd edim ki, artıq bu praktika İstanbulda özünü doğruldub. Əvvəllər "Taksim”də ticarət küçələri var idi, sonra Kadıköydə ikinci bir istiqamət açıldı və bu, çox böyük effekt verdi. İndi İstanbula gələn turistlərin 30 faizi məhz bu istiqamətə yönəlir. Yəni turistlər üçün fərqli seçimlər yaradılmalıdır”.
Turizm üzrə ekspert Ruslan Quliyevbildirdi ki, belə ticarət küçələrinin, ictimai yerlərin və parkların açılması asudə vaxtın səmərəli keçirilməsi üçün nəzərdə tutulur: "Ona görə də, bu, çox müsbət haldır və yalnız alqışlana bilər. Düşünürəm ki, bu, Bakıya gələn turistlərin də diqqətini cəlb edə biləcək bir layihədir. Çünki infrastrukturların uğurla həyata keçirilməsi, gələn qonaqların istirahətlərinin səmərəli təşkilinə şərait yaradır. Bu küçələrdə müxtəlif ticarət mərkəzləri və ictimai-iaşə obyektlərinin fəaliyyət göstərməsi turizmin inkişafına təkan verə bilər. Çünki belə küçələrə insanlar çox maraq göstərirlər. Amma bu işi həyata keçirərkən planlı şəkildə hərəkət etmək lazımdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər