• cümə axşamı, 25 aprel, 03:37
  • Baku Bakı 19°C

İkinci həyat verilən eksponatlar - Reportaj - Fotolar

21.09.16 12:13 5024
İkinci həyat verilən eksponatlar - Reportaj - Fotolar
Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində "Bərpa olunmuş eksponatlar” adlı sərgi açılıb. Biz də elə sərginin ilk günlərində muzeyə gedib yazı hazırlamaq istəyirdik. Amma havalar yağışlı keçdiyi üçün sərgiyə baxmaq istəyənlərin az olacağını düşünüb, muzeyə bir neçə gün sonra getdik.

Muzeyə səhər saatlarında getdiyimiz üçün sərgiyə gələn yox idi. Eksponatlarla tanış ola-ola ilk olaraq muzeyin mətbuat xidmətinin rəhbəri Fuad Rəsulla söhbət etdik. O, sərgi haqqında ümumi məlumat verərək bildirdi ki, muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilib. Sərginin keçirilməsində əsas məqsəd bərpa və konservasiya edilən sənət incilərini nümayiş etdirmək və milli sərvətimiz olan eksponatların daim nəzarətdə olduğunu, qorunduğunu göstərməkdir. Lakin 690 ədəd eksponatın sərgi çərçivəsində nümayişi çətin olduğu üçün 49-nu seyr etmək imkanı yaradılıb. Onlar xovsuz, xovlu xalçalar, xalça məmulatları, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir.
"Muzeyin özündə bərpa mərkəzi yaradılacaq”

Daha sonra muzeyin elmi işçisi Püstə Ağayeva ilə həmsöhbət olduq. O bildirdi ki, sərgidə ikinci həyatlarını yaşayan eksponatlar nümayiş olunur: "Bərpa etmək xalçaya ikinci həyat vermək deməkdir. Muzeyin əvvəlki binası balaca olduğu üçün orada muzeyin özündə eksponatların bərpa işini aparmaq üçün şərait yox idi. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi bu işi görürdü. Amma yeni binaya köçəndən sonra artıq bərpa işini aparmaq üçün muzeydə də işlərə başlanıldı. Hələ ki işimiz o qədər geniş deyil. Amma irəliləyişlər var. Muzeyin özündə bərpa mərkəzi yaradılacaq. Ondan sonra daha çox bərpa işləri görə biləcəyik”.

P.Ağayeva deyir ki, muzeyin qonaqları müxtəlif ölkələrdən olduğu üçün sərgini izləməyə gələnlər arasında da fərqli ölkələrin vətəndaşları olur: "Artıq 5 gündür açılmasına baxmayaraq, ziyarətçilərimizin sayı həddindən artıq çoxdur. Sərgiyə gələnlər arasında müxtəlif ölkələrin vətəndaşları var. Ümumi muzeyə gələn hər bir ziyarətçi sərgimizlə də tanış olur, bərpa edilmiş eksponatlarla maraqlanır”.

"Naxış və ölçüsü İran xalçalarından fərqlənir”

Biz söhbət edərkən artıq sərgini izləməyə gələnlərin olduğunu da gördük. Qonaqlar arasında isə turistlər çoxluq təşkil edirdi. Onlardan biri İran vətəndaşı Cavad idi. O, həyat yoldaşı ilə birlikdə ölkəmizə gəzməyə gəldiyini deyir: "İlk olaraq deyim ki, Bakı şəhəri çox gözəldir. Xalça Muzeyinə isə birinci gəlişimizdir. Muzeyin binasının formasını da çox bəyəndim. Xalça formasını əks etdirir. Muzeylə ümumi tanış olandan sonra sərgi olduğunu dedilər və bizə də maraqlı gəldi. Doğrudan da sərgidə maraqlı eksponatlar var”.

İran xalçaları da məşhur olduğu üçün müsahibimizdən iki ölkənin xalçalarını bizim üçün müqayisə etməyini istədik: "Bizim xalçalarla Azərbaycan xalçaları arasında fərq var. Naxış və ən əsası, ölçüsü İran xalçalarından fərqlənir. İran xalçaları daha böyük olur. Mən isə sizdəki kimi bir az balaca ölçüdə olanları daha çox bəyənirəm”.

Çexiya vətəndaşı Vladislav Filipp Azərbaycan xalçaları diqqətlərini cəlb etdiyi üçün muzeyə gəldiklərini deyir: "Xalçaçılıq sənəti heyranedici bir işdir. Azərbaycan xalçalarını da bəyənirik. Ölkənizə gəlmişkən yoldaşım və qızlarımla xalçalarınızla, muzeylə tanış olmaq qərarına gəldik. Bakını və muzeyi çox bəyəndik. Bu sənətin indiyə qədər qorunub saxlanması çox gözəldir”.

Sərgi ilə bağlı təklif...

Sərgi iştirakçıları arasında eksponatlara daha diqqətlə baxan bir xanım diqqətimizi çəkdi. Yaxınlaşıb münasibətini öyrənmək istədikdə məlum oldu ki, o, zəhmət payı olan işin necə təqdim olunduğunu görmək üçün gələn izləyicidir. Həmin xanım - Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa MərkəzininElmi tədqiqat şöbəsinin müdiri, qrafika üzrə bərpaçı rəssam Ülviyyə Şirinova deyir ki, qrafika üzrə bərpaçı-rəssam olsa da, Elmi tədqiqat şöbəsinin müdiri olduğu üçün mərkəzə gələn bütün eksponatlarla tanış olur. Sərgiyə gəlməkdə məqsədi isə bərpa etdikləri eksponatların necə sərgiləndiyini görmək istəyidir. O, sərgi ilə bağlı təklif də verdi. Bildirdi ki, sərgidə nümayiş edilən eksponatların əvvəlki formasının şəklinin də yanında qoyulması daha yaxşı olardı.

Bərpa olunmuş yox, konservasiya edilmiş...

"Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimatı ilə kifayətlənmir. Belə ki, sərgi zamanı eksponatların konservasiya prosesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçirilir. Biz bərpaçı-konservator Dilavər Kərimovanın iş prosesini izləyib, bir az da gördüyü işlə bağlı danışdıq. Onunla söhbət zamanı məlum oldu ki, sərginin adı "Bərpa olunmuş eksponatlar” olsa da, əslində eksponatlar bərpa yox, konservasiya edilib: "Burdakı eksponatlara bərpa olunmuş yox, konservasiya edilmiş deyilməlidir. Konservasiya o deməkdir ki, eksponat hansı zədələri alıbsa - deşilibsə, cırılıbsa - o formada da saxlanılır. Burda nümayiş edilən eksponatlar da konservasiya edilib, olduğu kimi saxlanılıb. Bərpa prosesinə necə gətirilirsə, o formada da saxlanılır. Eksponatı dezinfeksiya edirik, təmizliyə ehtiyac olursa, onu da edirik. Konservasiya həmin eksponatın ömrünü uzatmaq üçün bir əsasın (bərpa olunacaq xalçanın rənginə uyğun pambıq parça) üzərində yerləşdirilməsidir. Bərpa prosesi isə odur ki, eksponat ilkin variantına qaytarılır. Bizim sərgidə xalçaların hamısı konservasiya olunmuş xalçalardır. Bərpa olunanda eksponat qədimliyini, tarixiliyini itirir. Ona görə biz konsevasiyaya daha çox üstünlük veririk. Amma metal əşyalar bərpa edilib”.

D.Kərimovanın sözlərinə görə, konservasiya işi elə də qısa zamanda edilmir: "Konservasiya prosesi eksponatın ölçüsündən və işin çətinliyindən asılıdır. Üzərində ən az işlədiyimiz eksponatın konservasiyası 2 ay çəkir. 9 aya qədər işlənilən də olur”.

"Təkcə ayaq altına atılmırdı, həm də bir pərdə idi”

Sərgiyə gələnlərin daha çox maraq göstərdikləri eksponatlar da var idi. Onlardan biri XVIII əsr Şirvan xalçaçılıq məktəbinin nümunəsi olan kilimdir. Muzeyin bələdçiləri bildirdilər ki, kilimdə Şirvan bölgəsinə xas olan xalça elementlərindən, sadə keçirmə texnikası ilə mürəkkəb keçirmə texnikasından istifadə olunub: "Sadə keçirmə texnikası palaz, cecimlərə məxsusdur. Bu kilim keçmişdə həm də pərdə kimi istifadə olunub. Xalçanın əl işləməsi fərqli olduğu üçün deşiklərindən evə düşən işıq da çox gözəl olub. Bu, pərdə kimi istifadə olunanda həm də evə havanın normal keçməsini təmin edirmiş. Yəni kilim tək ayaq altına atılmırdı, döşəmələrdə istifadə edilmirdi, həm də bir pərdə idi”.

Heyvanın üstünə adi bir parça da ata bilərdilər, amma...

Qədim zamanlarda üstündə oturmaq və ya soyuqdan qorumaq üçün atın və bəzi başqa heyvanların üstünə salınan tükdən və yaxud yundan toxunma örtük də olub. "Çul” adlanan bu örtükdən sərgidə 4 ədəd var idi. P.Ağayeva deyir ki, çul heyvanı soyuqdan qorumaq məqsədi ilə istifadə edilsə də, həm də gözəllik verirdi: "Bu, təbii ki, indi məşhur olan bir xalça məmulatı deyil. Amma bölgələrimizdə istifadə edənlər ola bilər. Bu eksponatlar yerli əhalidən toplanır. Nəsildən-nəsilə keçərək qalır. Azərbaycan xalçaları keyfiyyəti, gözəlliyi ilə seçilir. Nənə-babalarımız o vaxt nə istifadə edirmişlərsə, həm də bir gözəllik yaradırmışlar. Adi heyvanın üstünə sərdikləri xalçanın bu qədər gözəl olmasına çalışıblar. Heyvanın üstünə adi bir parça da ata bilərdilər”.

Gecə lampasının qədim forması...

XIX əsrə aid "Fanus” lampası da diqqət çəkən eksponatlardandır. Ona indiki gecə lampalarının qədim forması da demək olar. P.Ağayeva da izləyicilərin bu eksponatla çox maraqlandıqlarını dedi. Bildirdi ki, üzəri nəbati, ornamental elementlərlə işlənib. Aşağı və yuxarısı metaldır. Orta hissəsi isə parçadandır. İşıq parçadan keçərək evə düşür. Bunun gözəlliyi isə bir başqadır.

Qədim olduğu qədər də gözəl qadın geyimi…

Sərgi otağının ortasında qoyulan XIX əsr Qarabağ bölgəsinə məxsus tuman gözəlliyi, zərif əl işləmələri ilə seçilirdi. P.Ağayevanın sözlərinə görə, bu geyim aid olduğu dövrün orta təbəqəsinə məxsus olub: "Qədim zamanlarda geyimlə şəxsin hansı təbəqəyə mənsub olduğunu təyin etmək olurmuş. Belə ki, üzərində qızılı və gümüşü naxışlar olanda, daş-qaşla bəzədiləndə bu, varlı insana aid geyim olurmuş. Bizim nümayiş etdirdiyimiz adi naxışla bəzədildiyi üçün orta təbəqəyə məxsus geyimdir. Bu eksponat qədim olduğu qədər də gözəldir”.

Qeyd edək ki, sərgiyə gələnlərə eksponatların bərpa sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat almaq imkanı yaradan video-çarx və slayd-şou da təqdim olunur.

Onu da bildirək ki, sərgi sentyabrın 29-dək davam edəcək. Ayın 24-ü isə muzeydə "Açıq qapı” günü olacaq.







Aygün Asimqızı
Fotolar müəllifindir

banner

Oxşar Xəbərlər