• cümə, 19 Aprel, 00:47
  • Baku Bakı 18°C

“İkimiz də maraqlı və fərqli biznes ideyası axtarışındayıq” - Startap

17.02.17 10:30 3521
“İkimiz də maraqlı və fərqli biznes ideyası axtarışındayıq” - Startap
Dediklərinə görə, əsas məqsədləri yalnız bizneslə məşğul olub pul qazanmaq deyil, etdikləri işi keyfiyyətli görüb, insanların ruhunu oxşamaq, əhval-ruhiyyəsinə müsbət təsir etmək, üzlərində təbəssüm yaratmaqdır. Müsahiblərimiz startapçı Jalə və Leyladır. Onlarla yaxından tanış olaq.
Jalə Ələkbərova İqtisad Universitetinin magistratura pilləsində İnsan resurslarının idarə olunması ixtisası üzrə təhsil alır. Sosial aktiv gənc, bloqerdir, müxtəlif layihələrdə iştirak edib, təşkilatlarda çalışıb.

Leyla İsmayılova isə Rusiyada Uzaq Şərq Dövlət Akademiyasının İqtisadiyyatın idarə olunması ixtisasını bitirib. Hazırda şirkətlərdən birində baş mühasib kimi işləyir. Jalə və Leyla eyni zamanda "Magic Flowers” ("Sehrli güllər”) startaplarının üzərində çalışırlar.
- Necə oldu, "Magic Flovers”i qurmaq qərarına gəldiniz?
- Leyla ilə bir-birimizi neçə illərdir tanıyırıq. Hər zaman bizim biznesə marağımız olub. Görüşlərimizdən birində söhbət əsnasında bəlli oldu ki, ikimiz də maraqlı və fərqli biznes ideyası axtarışındayıq. Sonra mən təsadüfən internetdə böyük çiçəklərlə rastlaşdım. İdeyanı Leylaya göndərdim. Leyla çox bəyəndi. Qeyd edim ki, bu böyük güllər Rusiyada, keçmiş MDB ölkələrində, həmçinin Avropada populyardır. Düşündük ki, bu biznesi Azərbaycana da gətirək. Nəticədə birlikdə bu işi qurmaq qərarına gəldik.



- Satış necə gedir?
- Nəzərə alaq ki, Azərbaycanda böyük güllərin satışı ilə məşğul olan şirkət yoxdur. Düzdür, bizim hazırladığımız məhsullara yaxın güllər hazırlanır, amma bizimki ilə eynisi, yəni ayaqlı, hündür güllər hazırlanmır. Məhsullarımız böyük maraqla qarşılanır və sifariş olunur .
- Hazırladığınız məhsulları qoymaq, eyni zamanda onları hazırlamaq üçün konkret bir yeriniz var?
- Bildiyiniz kimi, bizim güllər sıfırdan hazırlanır. Bunun üçün bizə mütləq istehsalat məkanı lazımdır. Hazırda belə bir məkanımız var və güllərimizi orada hazırlayırıq.
- Böyük bir gülü düzəltmək nə qədər vaxtınızı alır?
- Böyük bir gülün hazırlanmasına bir gün, yaxud gün yarım vaxt sərf edirik.
- Bir az da qiymətlər və sifarişlər barədə danışaq...
- Bizdə böyük güllərin həm satışı, həm kirayəsi mümkündür. Minimal kirayə haqqı günlük 30 manatdan başlayır.
Sifarişlərə gəlincə, sifarişçi ilə görüşdükdən sonra eskiz hazırlanır, onlara ideya təqdim olunur. Kompozisiyadırsa, kompozisiyanın üzərində çalışırıq, ikinci görüş zamanı eskizlər təqdim olunur. Tək-tək güllərdən istəyirlərsə, gülün fərdi xüsusiyyətləri, məsələn, hündürlüyü, ölçüsü, rənginə görə qiymət dəyişilir.
- Startapınızla bağlı gələcək planlarınız nədir?
- İşimizi böyütmək , Azərbaycanın digər şəhərlərində də filial açmaq, eyni zamanda biznesimizi qonşu ölkələrdə də davam etdirmək istərdik.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər