• çərşənbə axşamı, 16 aprel, 23:02
  • Baku Bakı 18°C

İkili standartın yeni forması

21.02.17 13:00 2228
İkili standartın yeni forması
Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar haqqında” Azərbaycan qanunlarının tələblərini kobud surətdə pozub. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə daxil olub. Bununla yanaşı, A.Lapşin, qanunsuz rejimi beynəlxalq səviyyədə təbliğ etmək məqsədilə sosial mediada "http//puerrtto.livejournal.com" səhifəsi yaradıb və burada səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla bərabər, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Eyni zamanda, o, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Bu kimi əməllərində görə Azərbaycan Xarici İşlər Nazirliyi A.Lapşinin adını "arzuolunmaz şəxslər” siyahısına daxil edib. Paralel olaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində A.Lapşin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb, onun haqqında dövlətlərarası axtarış elan edilib. Sonradan Belarusda həbs edilən A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. Belarus Baş Prokurorluğu isə yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. A.Lapşin Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti versə də, məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. Belarus Ali Məhkəməsi A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayətini rədd edib. Bütün bu kimi hüquqi proseslər başa çatdıqdan sonra Aleksandr Lapşin fevralın 7-də Bakıya gətirilib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hələ A.Lapşinin ekstradisiyadan əvvəl, yanvarın 17-də Moskvada keçirdiyi mətbuat konfransında bu məsələyə də toxunub. O bildirib ki, istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırmağın və onun cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinədir. Rusiyalı diplomat o zaman A.Lapşinin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu da diqqətə çatdırıb. Bloqerin eyni zamanda İsrail vətəndaşı olduğunu xatırladan S.Lavrov israillilərlə sıx əlaqədə olduqlarını, bu hadisə ilə əlaqədar diplomatik fəaliyyət aparıldığını söyləyib. S.Lavrov xüsusi olaraq vurğulayıb ki, Rusiya vətəndaşının hüquqlarının qorunması şərti ilə bu məsələnin həlli üçün bütün lazımi tədbirlər görüləcək. 2017-ci il fevralın 7-də A.Lapşin Azərbaycana ekstradisiya olunandan cəmi iki gün sonra isə Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları A.Lapşinlə görüşüblər. Bununla bağlı səfirliyin yaydığı məlumatda qeyd olunub ki, Lapşin saxlanma şəraitindən şikayətlənmir və o, vəkillə təmin olunub, telefondan istifadə etmək imkanı var, özünü normal hiss edir.

Həm Rusiya xarici işlər nazirinin açıqlamasından, həm də Rusiyanın Azərbaycandakı səfirlik əməkdaşlarının davranışlarından, mətbuata açıqladıqları məlumatlardan da göründüyü kimi, rəsmi Moskva üç ölkə vətəndaşlığı olmasına rəğmən, A.Lapşini öz vətəndaşı sayır və onun ailə üzvlərinin hər hansı müraciətini gözləmədən dərhal bloqerin hüquqlarının ən yüksək səviyyədə müdafiəsi üçün bütün zəruri tədbirlərə əl atır, hətta İsrail dövləti ilə birlikdə sistemli iş aparır. Ancaq təəssüflər olsun ki, Rusiya belə "isti” münasibəti heç də bütün vətəndaşlarına şamil etmir. Misal üçün, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən qondarma rejimin hərbçiləri tərəfindən girov götürülüb, fiziki, mənəvi-psixoloji təzyiqlərə məruz qoyulublar. Bununla yanaşı, Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. Həmin "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. İndiyə qədər də hər iki şəxs girovluqda saxlanılır.

Girovluqda saxlanılan D.Əsgərovun qardaşı Sahib Musayevin "Kaspi”yə verdiyi məlumata görə, 2014-cü ildən bu vaxta qədər ötən müddət ərzində hadisə ilə əlaqədar Rusiyanın rəsmi dairələrinə çoxsaylı müraciətlər olunsa da, heç bir müsbət cavab ala bilməyiblər. Onun sözlərinə görə, Rusiya vətəndaşı A.Lapşinə görə narahatlıq yaşayan, onun hüquqlarını ən yüksək səviyyədə qorumağa çalışan rəsmi Moskva digər Rusiya vətəndaşı D.Əsgərovun həyatını taleyin ümidinə buraxıb: "Qardaşım girov götürüləndən dərhal sonra ailə üzvləri Rusiyanın Azərbaycandakı səfirliyinə məktubla müraciət edib. Onlar səfirlə görüşmək, öz nigarançılıqlarını bilavasitə diplomatın özünə çatdırmaq istəsələr də, buna nail ola bilməyiblər. Rusiyalı diplomat onları qəbul etməyib. Dilqəmin ailə üzvləri müraciət məktubunu səfirə yalnız mühafizəçilər vasitəsilə çatdıra biliblər. Bundan başqa, ilk vaxtlar səfirlik hər hansı araşdırma aparmadan Dilqəmin Rusiya vətəndaşı olduğunu ümumiyyətlə təkzib edirdi. Ancaq Dilqəmin pasportunu səfirliyə təqdim etdikdən sonra onlar fakt qarşısında qaldılar. Bundan sonra səfirə ünvanlanan məktuba qısaca cavab verildi ki, vəziyyət nəzarətimizdədir, lazımi tədbirlər görüləcək. Ancaq indiyə qədər Rusiyanın Azərbaycandakı səfirliyi, eləcə də bu dövlətin digər rəsmiləri öz vətəndaşı Dilqəmin girovluqdan azad edilməsi, onun hüquqlarının müdafiə edilməsi üçün ciddi addım atmayıb, hər hansı səy göstərməyiblər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, D.Əsgərov və Ş.Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi faktı ilk gündən həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, həm də beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Onun sözlərinə görə, D.Əsgərovun Rusiya vətəndaşı olması faktı da nəzərə alınaraq, bu məsələ xüsusilə Rusiyanın Xarici İşlər Nazirliyi qarşısında müvafiq səviyyələrdə dəfələrlə qaldırılıb: "Azərbaycan tərəfi Rusiya vətəndaşı D.Əsgərovun Ermənistan silahlı qüvvələrinin girovluğundan azad edilməsi üçün səylərin artırılması barədə Rusiyaya müvafiq qaydada dəfələrlə müraciət edib. Rusiya tərəfindən bu müraciətlərə konkret cavab verilməyib. Amma müzakirələr zamanı bildirilib ki, Rusiya tərəfi girov götürülmüş Dilqəm Əsgərovun məsələsini Ermənistan qarşısında qaldırıb, Rusiya və Ermənistan arasında bu barədə müzakirələr aparılıb. Ancaq tam təfərrüatlar barədə bizdə yekdil məlumat yoxdur”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa hesab edir ki, Rusiya öz vətəndaşlarına belə ikili yanaşması ilə beynəlxalq hüquqlara hörmət etmədiyini ortaya qoyur. Deputat bildirib ki, Rusiyanın Lapşinlə Dilqəmə eyni münasibət bəsləməməsi bu ölkənin sivil dövlət kimi davranmamağının bir göstəricisidir. Onun sözlərinə görə, bu faktın özü sübut edir ki, Rusiya üçün vətəndaşın sortu, keyfiyyəti, növü var. Millət vəkili F.Mustafa deyib ki, öz vətəndaşına sahib çıxmayan bir ölkənin siyasi məqsədlərlə, hətta tam olaraq özünə aid olmayan digər vətəndaşı barədə canfəşanlıq etməsi başadüşülən deyil: "Bu məsələdə Rusiyanın mövqeyi ciddi müzakirəyə çıxarılmalıdır. Çünki rəsmi Moskva Rusiya vətəndaşı olan Dilqəmlə bağlı eyni addımı atmır. Ancaq başqa ölkələrin vətəndaşı olan biri ilə bağlı ən sərt formada addım atır. Bu səbəbdən də Azərbaycan da hardasa, az da olsa, qınayıcı mövqe tutur. Bunun aydınlaşdırılmasına ehtiyac var. Əgər doğrudan da narahatçılıq vardısa, Rusiya niyə öz vətəndaşı haqqında Ermənistana nəsə demədi? Niyə gedib onunla görüşməyiblər? Onlar üçün vətəndaşın fərqi var? Dilqəm tək Rusiya vətəndaşıdır. Lapşin isə həm İsrail, həm Ukrayna, həm də Rusiya vətəndaşıdır. Necə ola bilir ki, üç ölkə vətəndaşlığı olan birini əlahiddə bir dəyər kimi götürürsünüz, amma öz vətəndaşınıza qarşı bu qədər hörmətsiz yanaşırsınız? Bunun cavabı nədir?”.

Hüquqşünas Sahib Məmmədovda bizimlə söhbətində bildirib ki, Rusiya qanunlarına görə, bu dövlət ikili vətəndaşlığı qəbul etmir. Onun sözlərinə görə, əgər Aleksandr Lapşin kimi 2 və ya 3 vətəndaşlığı olan şəxslər olarsa, Rusiya onu öz vətəndaşı hesab edir, digər vətəndaşlıqlarını qəbul etmir. Hüquqşünas deyib ki, məsələyə bu kontekstdən yanaşılarsa, Rusiya A.Lapşin kimi D.Əsgərovu da öz vətəndaşı hesab edə, onun hüquqlarını ən yüksək səviyyədə müdafiə edə, girovluqdan azad olmasına çalışa bilər: "Lakin Dilqəm Əsgərov Rusiya vətəndaşı olduğu halda rəsmi Moskva onun hüquqlarını müdafiə etmir. Burada söhbət yalnız öz vətəndaşını müdafiə etməkdən getmir. Rəsmi Moskva Azərbaycana qanunsuz səfərlər edən, cinayət əməli törədən, separatçıların maraqlarından çıxış edən, bir neçə ölkə vətəndaşlığı olan Lapşini müdafiə edir, ancaq öz vətəndaşı olan, ermənilərə işləməyən, atdığı addımla yalnız öz anasının məzarını ziyarət etmək məqsədi daşıyan Dilqəm Əsgərovu müdafiə etmək istəmir. Rusiyanın bu yanaşması heç də vətəndaşına canı yanmaqdan, yaxud dövlətin vətəndaş qarşısında öz öhdəliklərini yerinə yetirməkdən irəli gəlmir. Əgər Rusiya öz vətəndaşı Dilqəmi vaxtilə müdafiə etsəydi və indi də Lapşinlə bağlı eyni mövqe nümayiş etdirsəydi, bu zaman rəsmi Moskvanın hərəkəti başa düşülərdi. Hər kəs anlayardı ki, Rusiya heç bir ayrı-seçkiliyə yol vermədən, hüquq çərçivəsində öz vətəndaşlarını müdafiə edir, onların hüquqlarını qoruyur. Dəfələrlə olub ki, Rusiya vətəndaşları başqa ölkələrdə saxlanılıb, ancaq rəsmi Moskva israrla onların geri alınmasına nail olub. Lakin Dilqəm Əsgərov məsələsinə münasibətdə biz bu israrı müşahidə etmirik. Belə görünür ki, Rusiya tərəfindən Dilqəmin hüquqlarının müdafiə olunması forpost Ermənistanın xoşuna gəlmir, bu səbəbdən də onun taleyinə biganə yanaşılır. Ancaq Lapşinin müdafiəsi Ermənistanın xoşuna gəlir deyə, Rusiya bloqerin hüquqlarının müdafiə olunması üçün ciddi səylər göstərir”.

Son olaraq qeyd edək ki, özünə hörmətlə yanaşan, demokratik prinsipləri, beynəlxalq hüququ əsas götürən ölkələr öz vətəndaşlarının hüquqlarını müdafiə edərkən, onlar arasında fərq qoymurlar. Rusiyanın vətəndaşlarına münasibətdə fərqli münasibət sərgiləməsi ilk növbədə bir dövlət kimi onun beynəlxalq imicinə ziyandır. Digər tərəfdən, rəsmi Moskva tərəfindən A.Lapşinin hüquqlarını ən yüksək səviyyədə müdafiə edilməsi, D.Əsgərovun taleyinə laqeyd yanaşılması, ikinciyə qarşı kobud hüquq pozuntusu olmaqla bərabər, Minsk qrupunun həmsədr dövləti Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə real baxışını ortaya qoyur. Bu isə təəssüf doğurur.

Rufik İSMAYILOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir

banner

Oxşar Xəbərlər