• cümə axşamı, 25 aprel, 19:45
  • Baku Bakı 21°C

“İki yad adam” Pekindən qalib döndü - Fotolar

29.03.17 09:30 1447
“İki yad adam” Pekindən qalib döndü - Fotolar
Son zamanlar yerli filmlərimizin istehsalının çoxalması kino aləmində irəliləyişə səbəb olub. Bu gün yerli filmlərimiz kinoteatrlarımıza da ayaq açır. Hətta izlənmə sayına görə xarici filmlərlə rəqabət aparır. Bəli, bu günün gəncləri film çəkir və onu nəinki yerli, hətta xarici film bazarlarında belə nümayiş etdirirlər. Bu gün gənclərimizin səsi müxtəlif ölkələrdə keçirilən festivallardan eşidilməkdədir.

Elə ötən həftə, "Addım” təşkilatının sifarişi ilə görkəmli yazıçımız Mir Cəlal Paşayevin "Kəmtərovlar Ailəsi” hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam” filminin xarici bir festivalda mükafata layiq görülməsi xəbərini eşitdik. Belə ki, sözügedən filmimiz Çin Xalq Respublikasının paytaxtıPekin şəhərində World Cultural Open Organization-ın dəstəyi ilə keçirilən Grand Asian Film Festivalının final gecəsində nümayiş olunub. Beynəlxalq "Cinematic Group”-un təşkilatçılığı ilə ənənəvi olaraq hər il müxtəlif dünya ölkələri paytaxtlarında gerçəkləşən festivalın final nümayişində "İki yad adam” filmi yerli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tədbirdə ölkəmizi təmsil edən "Addım” təşkilatının və layihənin rəhbəriHüseyn Cavadzadə,eləcə də filmdə baş rolun ifaçılarından biriolan Riad Abduljurnalistlər və qonaqların suallarını cavablandırıb. Daha sonra filmə "Ən yaxşı sosial mövzuda film” və "Ən yaxşı aktyor oyunu” nominasiyalarında mükafatlar təqdim olunub. Bundan başqa, filmdə əsas qəhrəmanlardan birini ifa edən R.Abdul Çin mətbuat nümayəndələrinə film və layihə ilə bağlı geniş müsahibələr verib.
Səfərdən dönər-dönməz, layihənin rəhbəriHüseyn Cavadzadəilə söhbət etdik, festivalla bağlı onun təəssüratlarını xəbər aldıq. H.Cavadzadə deyir ki, Pekində onlara böyük maraq göstəriblər: "İlk olaraq bildirim ki, ilk dəfə Azərbaycandan "Grand Asian Film Festivalı”nda biz iştirak etmişik. Bu festival kifayət qədər tanınmış və müəyyən nüfuza malik bir festivaldır. Nə xoş bizə ki, bu festivalda iştirak etmək məhz bizim qismətimizə düşdü. Orada dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılar vardı. Eyni zamanda, kino aləmində tanınan və bu aləmdə sözünü deyən film nümayəndələri, kino mütəxəssisləri iştirak edirdilər”. Müsahibimiz festival Novruz bayramı günlərinə təsadüf etdiyi üçün orada bayram ab-havası yaratdıqlarını bildirdi: "Bilirsiniz ki, ölkəmizdə Novruz bayramı keçirilən zaman biz həmin festivalda iştirak edirdik. Bunun üçün istədik ki, belə bir festivalda xalqımızın adətləri və milli mətbəxi haqda festival iştirakçılarını məlumatlandıraq. Bayram bir növ orada ölkəmizi təmsil etmək üçün bir fürsət oldu. Filmimizin nümayişindən sonra festival iştirakçılarını Azərbaycanın milli şirniyyatlarına qonaq etdik, bayram ab-havası yaratdıq. Bu da hardasa Azərbaycan mədəniyyətinin təbliği idi”.

Mütəxəssislərin filmimiz haqqında fikirlərinə gəlincə isə, H.Cavadzadə deyir ki, onlar "İki yad adam” filmi haqqında yaxşı rəylər bildiriblər. Müsahibimin sözlərinə görə, festivalda nümayiş olunan filmlər haqqında müxtəlif tənqidi fikirlər səslənsə də, bizim filmimiz haqqında heç bir irad səslənməyib. Bu da Azərbaycan filminin uğurunun göstəricilərindəndir. Əslində, tənqidlərə də açıq olduğunu deyən Hüseyn Cavadzadə filmin bu qədər seviləcəyini gözləmədiyini qeyd etdi.

Festivalda "İki yad adam”a bir çox təkliflər də gəlib: "Filmin müxtəlif ölkələrdə nümayişi üçün bir çox dəvətlər aldıq. Qeyd edim ki, filmimiz buradakı premyerasına qədər də bir neçə festivalda iştirak edəcək. Digər təşkilatçılardan da müəyyən dəvətlər almışıq. Hazırda onlarla bağlı müzakirələr aparırıq. Yəqin bir qərara gəldikdən sonra mətbuat nümayəndələrinə məlumat veriləcək. Filmin başqa festivallarda iştirakı da gözlənilir. Hələ ki, biz filmin trellerini, hostelini paylaşmamışıq. Film hazır olan kimi, biz onu festivala göndərdik. Aprel ayının axırlarında onu ölkəmizdə nümayiş etdirməyi düşünürük. İnşallah, filmin trellerini üzümüzə gələn həftələrdə paylaşacağıq. Premyerasına qədər bir neçə xarici ölkələrdə nümayiş olunacaq. Bacardığımız qədər filmin PR-ı ilə məşğul olacağıq”.
Layihə rəhbərinə "filmi festivala göndərərkən birincilik əldə edəcəyini güman edirdinizmi” – sualını ünvanladıq. Cavabında isə müsahibimiz qalibiyyət əldə edəcəklərini güman etmədiklərini dedi: "Nominasiya olduğumuzu bilirdik. Ancaq bilmirdik ki, iki qalibiyyəti birdən əldə edəcəyik. Filmin rus və ingilis dilində tərcüməsini gecikdirmişdik. Biri var festivalda bizə qalibiyyət diplomu verələr, bir də var ki, iştirakçı. Biz oradan qalib diplomu ilə geri döndük. Bu, artıq böyük bir uğurdur. Biz düşünürdük ki, yəqin iştirakçı diplomu alarıq. Ancaq gözlədiyimizdən artıq oldu”.
Qeyd edək ki 1930-cu illərdə qələmə alınan əsər gəncAzərbaycan ailəsinin həyatından bəhs edir. Filmdə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ər-arvadın maraqlı ünsiyyətindən bəhs olunur.

Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər. Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları çəkilib. Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, səs rejissoru Ədalət Xəlilov, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur. Layihənin rəhbəri Hüseyn Cavadzadədir. Film Caspian Media Group şirkətində istehsal olunub.

Film aprel ayında Azərbaycanda ilk dəfə Səhiyyə Nazırliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək 1-ci Gənc Ailələrin Forumunda təqdim olunacaq.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər