• cümə, 19 Aprel, 03:40
  • Baku Bakı 18°C

İki şirkət DESFA-da pay almaq niyyətindədir

03.12.16 20:16 1073
İki şirkət DESFA-da pay almaq niyyətindədir
Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA-nın səhmlərinin alınmasına iki şirkət maraq göstərir. "APA-Economics" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, vaxtilə DESFA-nın səhmlərinin alışına maraq göstərən Belçikanın "Fluxys" şirkəti yenidən aktivləşib.
Bununla yanaşı, Rumıniyanın "Transgaz" şirkəti də DESFA-da pay almaqda maraqlıdır.
Bildirilir ki, "Transgaz"ın rəhbərliyi artıq Afinada yüksək səviyyədə danışıqlar aparıblar və DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tenderdə iştirak etməkdə israrlıdırlar. Yerli mətbuat iddia edir ki, Rumıniya şirkəti DESFA-da pay almaq üçün 400 mln. avro ödəməyə hazırdır.
Mətbuat daha bir maraqlı detala diqqət yetirir. Belə ki, həm "Fluxys", həm də "Transgaz" DESFA ilə Əməkdaşlıq Memorandumu imzalayıb.
Qeyd edək ki, dekabr ayının 1-də SOCAR, Yunanıstanın Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı açıqlama yayıblar. Açıqlamada deyilir: "SOCAR, Yunanıstann Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıblar. 2013-cü il iyunun 21-də Yunanıstanın Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan edib. Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıb. SOCAR, İtaliyanın "Snam" və satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıblar. Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və satıcılar hər zaman razılaşmaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib".
SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.
Onu da qeyd edək ki, "Fluxys" vaxtilə DESFA-nın səhmlərinin 66%-ə sahib olan SOCAR-dan 17%-lik pay almaq niyyətində olub.
banner

Oxşar Xəbərlər