• cümə, 29 Mart, 15:08
  • Baku Bakı 14°C

İki okeanın ortasındakı adanı gəzən səyyah - Səyyah

06.03.20 11:30 4301
İki okeanın ortasındakı adanı gəzən səyyah - Səyyah
Səid Məmmədov: "Ora gedəndə eynəyi, əlinizdəki meyvəni, telefonu gizlətmək lazımdır, yoxsa...”
Deyir ki, əgər məqsəd varsa, istənilən ölkəyə ucuz qiymətlərlə səyahət planlamaq olar. O da universitet vaxtı maddi vəziyyəti imkan vermədiyi üçün ilk səfərini təxirə salıb, amma sonradan aşağı büdcə ilə səyahətin yollarını taparaq 36 ölkəni gəzib.
"Səyyah” rubrikamızın budəfəki qonağı Səid Məmmədovdur. Onunla İndoneziyaya, Baliyə olan səfərindən danışacağıq.
Səyahət həyatının ilk başlanğıcı
Qeyd edək ki, Səid Məmmədov hazırda kiçik bizneslə məşğuldur, getdiyi ölkələrdən çəkdiyi foto və videoları satır.
Səidin ilk səyahəti Ukraynaya olub: "Universitet dönəmində tələbə yoldaşlarım Gürcüstana, Kabuletiyə getməyi təklif etmişdilər, amma maddi baxımdan imkanım olmadığı üçün gedə bilməmişdim və o vaxtdan ürəyimdə qalmışdı. Sonra dostum Ukraynaya köçdü və məni də dəvət etdi. Həmin dövrdə əsgərlikdə idim. Elə əsgərlikdən gələn kimi bilet aldım və ilk səfərimi reallaşdırdım. Beləcə, Ukrayna ağlımda səyahət həyatımın ilk başlanğıcı kimi qaldı. Oradan qayıdanda isə baxdım ki, İstanbula olan bilet Bakıya olandan ucuzdur. Düşündüm ki, o qədər pul verib Ukraynadan birbaşa uçuş etməkdənsə, gedim İstanbula oradan avtobusla Tbilisiyə, daha sonra Bakıya keçərəm. O vaxtı səyahət mövzusunda indiki qədər təcrübəli deyildim, amma buna baxmayaraq ilk dəfə üçün uğurlu və sərfəli səyahət olduğunu düşünürəm. Daha sonra həmin dostumla birlikdə 7 ölkəni gəzdik”.
"Gördüklərim məni şoka salmışdı”
Müsahibimin ilk səfər təəssüratları da maraqlı olub. Deyir ki, səfər ərəfəsində Ukraynada həyatın tamam başqa cür olduğunu anlayıb: "Təyyarədən düşdüyüm andan bizdən fərqli insanlar gördüm. Məsələn, bizdə aeroportda yarı çılpaq gəzən kişi görməzsiniz. Xanımları da bizimkilərə nisbətən daha açıq-saçıq geyinmişdilər. Gördüklərim həqiqətən məni şoka salmışdı. Amma gülərüz, mehriban idilər. Rus dilini yaxşı bilməməyimə baxmayaraq, onlarla münasibət qurmağı bacarmışdım”.
Niyə İndoneziya?
Səid bəy 2011-ci ildən bəri olduğu şəhər sayını tam dəqiq xatırlamasa da, 36 ölkəni gəzdiyini qeyd edir. Yəni 36 ölkənin ən azı bir şəhərində olub. Bizimlə isə İndoneziyaya, Bali adasına olan səfərindən təəssüratlarını bölüşəcək. Müsahibimizdən, danışması üçün 36 ölkədən birini seçməsini təklif edəndə, ilk İndoneziyanın adını çəkdi. Bu qədər ölkə arasından niyə İndoneziyanı seçməsindən də danışdı: "Neçə ildir ki, səyahət edirəm, müxtəlif ölkələrdə, şəhərlərdə, adalarda olmuşam. Özüm üçün 3 sevimli turistik bölgəmi müəyyənləşdirmişəm. Ada ölkəsi olaraq İndoneziyanın, ştat olaraq Hindistanda Qoanın, şəhər olaraq isə Barselonanın vurğunuyam. Hər üçündə olmağıma baxmayaraq, yenə də istənilən an bunlardan birinə getməyi təklif etsələr, düşünmədən qəbul edərəm. Bu üç bölgə bir-birindən fərqlənir. Ürəyimdə həm təbiəti, həyat tərzi, turistik əraziləri baxımından İndoneziyanın Bali adasının yeri tamam başqadır. Məncə, ora hər kəsin heyran olacağı bir gözəlliyə malikdir. Məsələn, Balini seçənlər sakitliyi, təbiətin əsrarəngizliyindən zövq almağı bacaranlardır. Onu da qeyd edim ki, Baliyə Azərbaycandan yox, Çindən səfər etmişəm. Çünki ölkəmizdən birbaşa uçuş çox bahalıdır. İş üçün Çinə getmişdim və səfər etməyə ölkə axtarırdım, birdən qərar verdim ki, İndoneziyaya gedəcəyəm”.

Turistlərin pulu ilə yaşayan ada
Səid deyir ki, İndoneziya müsəlman ölkəsi olsa da, Bali adasının insanları qarışıq, həm iudaist, buddist, həm də müsəlmandırlar: "Millət olaraq çox sakitdirlər. Hər kəlmələrində "təşəkkür” sözündən istifadə edirlər. Həmişə də gülərüzdürlər. Düşünmürəm ki, o insanlar kiminsə xətrinə dəysinlər. Həmçinin çox qonaqpərvərdirlər, turistlərlə xoş rəftar edirlər. Yaxşı başa düşürlər ki, ora gələn turistlərin hesabına dolanırlar. Çünki İndoneziya elə də zəngin dövlət deyil və Bali də sırf turistlərin xərclərindən gəlir əldə edən adadır. Düzdür, Bali adadır, amma elə də böyük deyil. Təxminən 160 kilometr uzunluğudur, 80 kilometr isə enidir. Əslində, 160 kilometrlik bir yolu 2 saata getmək olar. Lakin orada yollar elə dardır ki, adanın bir ucundan digərinə getmək üçün çox vaxt tələb olunur. Yollar dar olduğu üçün də əsas nəqliyyat vasitəsi kimi motosikletlərdən istifadə edilir, amma maşın sürənlər də var. Balini gəzmək üçün mən də motosiklet kirayələdim və hər yerə onunla gedirdim”.

Bir gecəsi 2 dollara otel
Müsahibim deyir ki, adanın balaca olmasına baxmayaraq, ora artıq o qədər turistik zonaya çevrilib ki, istədiyiniz tip turist, istədiyiniz tip qalmağa yer də tapmaq mümkündür: "Hər qiymətə otel, hostel olur. Bu, sizin hansı şərtlərlə necə yerdə qalmaq istəyinizdən asılıdır. Məncə, Balinin ən gözəl mənzərəli yeri Ubuddur. Yəni internetdə Bali yazıb axtarış edən zaman gördüyünüz həmin gözəl şəkillər, mənzərələrin böyük əksəriyyəti məhz Ubudda çəkilib. Orada bir gecəsi 2 dollara, 3 gün qaldım. Bəzən 2 dollara qaldığımı deyəndə, insanlarda otel haqqında fərqli fikirlər yaranır. Amma deyim ki, çox gözəl, rahat və hər cür şəraiti olan otel idi. Demək, həyətində hovuz vardı, otağımın pəncərəsi çox gözəl mənzərəli meşəyə açılırdı. Yemək baxımından isə yalnız səhər yeməyi verirdi, amma gün ərzində limitsiz olaraq çay, qəhvə içə bilirdim. Təbii ki, qiymət artdıqca, xidmətlərin də sayı artır. Tutaq ki, ən ucuz otel 2 dollara idisə, gecəsi 800-1000 dollara olan otellər də var”.

Ananasın içində düyü
Müsahibim deyir ki, Balidə hər cür ağız dadına uyğun yemək tapıla bilər. Yəni ət yeməkləri verən restoranlar da var, vegetarianlar üçün olanları da. Qiymətləri də ucuzdur. Mən bir dəfə bizim pulla 5 manata həm sulu və quru yemək, həm də içməyə su götürdüm. Müşahidələrimə əsasən deyə bilərəm ki, dəniz məhsullarından hazırlanan yeməklər daha çox üstünlük təşkil edir. Amma yeməklərinin təqdimatı fərqlidir. Məsələn, düyünü böyük yarpaqların, ananasın içində verirlər. Belə baxanda ərzaqlarımız eynidir, amma təqdimatı və bişirilməsi fərqlidir. Yemək mövzusunda kaprizli olan insanlar belə, istədikləri yeməyi tapa bilərlər”.

İki okeanda çimmək şansı
"Balinin ən gözəl tərəflərindən biri də sahillərini iki fərqli okeanın suyunun yumasıdır” deyən Səid bildirir ki, ora səyahət edən şəxsin iki okeanda çimmək şansı olur: "Balinin bir sahilini Sakit, digərini isə Hind okeanı yuyur. Səfəriniz zamanı hər iki okeanı görmək, suyunda çimmək imkanınız yaranır. Təbiəti də çox gözəldir, insanın ruhunu dincəldir. Böyük və balaca şəlalələri var. Dağların ən hündür zirvəsində tikilmiş otellərdən baxanda bütün ada sanki ayaqlarının altında qalır. Ən maraqlısı da budur ki, inanclı xalq olduqları üçün demək olar ki, hər bir evin, otelin həyətində ibadət etmək üçün buddist heykəllər var”.

Çoxbilmiş meymunlar
Səid bəy Balidə baş çəkdiyi "Meymun meşəsi” muzeyindən də danışdı: "Bu yer, sadəcə meşə deyil, həmçinin muzey də adlandırılır. Meşə balaca meymunlarla doludur və çox ekzotik görünürdülər. Siz yaxınlaşıb yemək verə, onlarla oynaya bilərsiniz. Düzdür, insanlara hücum etmirlər, çünki artıq alışıblar. Amma ora gedəndə eynəyi, əlinizdəki meyvəni, telefonu, qulaqlıqları, fotoaparatı gizlətmək lazımdır və ya əlində elə bərk tutmalısan ki, meymunlar götürüb qaça bilməsinlər. Ona görə ki, gəzdiyin yerdə gözlənilmədən bir də görürsən ki, meymun əlindəki əşyanı götürüb qaçdı. Yəni çoxbilmiş meymunlardırlar”.

Baliyə getmək üçün 5 səbəb
Həmsöhbətimdən bir turisti Baliyə aparan 5 səbəbi və səyahət etmək istəyən gənclərə məsləhətini soruşduq: "İki okean, günbatmları, gözəl təbiət, qonaqpərvər insanlar, sakitlik və romantika. Məncə, bu sadaladıqlarımı sevən şəxslər mütləq şəkildə növbəti səfərlərini Baliyə etməlidirlər. Məsləhət kimi isə deyə bilərəm ki, səyahət etməkdən qorxmasınlar. Maddi vəziyyəti bəhanə edib, istəklərindən vaz keçməsinlər. İstənilən ölkəyə aşağı büdcə ilə də səyahət planı qurmaq olar, təki məqsəd olsun.
Günel Azadə

banner

Oxşar Xəbərlər