• cümə, 19 Aprel, 07:43
  • Baku Bakı 13°C

İflasa uğrayan birləşmə danışıqları

12.07.17 10:21 1035
İflasa uğrayan birləşmə danışıqları
İsveçrənin Kran-Montan şəhərində Kiprin birləşdirilməsi ilə bağlı keçirilən konfransın iflasla nəticələnməsi Avropanın ən qocaman probleminin həlli ilə bağlı ümidləri puç edib. Əksəriyyət, o cümlədən daxili münaqişə vəziyyətində olan ölkələrdə hesab edirdilər ki, danışıqların müsbət sonluqla yekunlaşması digər münaqişələrin həllinə də impuls vermiş olardı. Lakin bu, baş vermədi və hazırda adanın hər iki icmasının rəhbərliyi danışıqların baş tutmamasında qarşı tərəfi ittiham edir. Danışıqlarda ən ciddi məsələlərdən biri adanın türk icmasının təhlükəsizliyi məsələsi olub. Rəyi soruşulan türk icması nümayəndələrinin 90 faizi adada türk hərbçilərinin olmasını təhlükəsizliyin qarant hesab edirlər. Türkiyə tərəfi adadakı hərbçilərinin sayını azaltmağa hazır olduğunu, 15 ildən sonra isə qoşunları çıxara biləcəyini bəyan etsə də, yunan icması nümayişkaranə şəkildə iclası tərk etməyə üstünlük verib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan edib ki, ola bilsin bu, Kipr probleminin həlli ilə bağlı sonuncu konfrans olub. Gəlinən qənaət budur ki, Şimali Kipr Türk Cümhuriyyətinin dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində güclü səy göstəriləcək. Hadisələrin ən mümkün variantı isə Kiprdə iki müstəqil dövlətin yaranması ola bilər.
Yeri gəlmişkən, Kipr probleminin həlli ilə bağlı Cenevrədə tərəflərin və vasitəçi dövlətlərin iştirakı ilə keçirilən danışıqlar nəticəsiz başa çatsa da, problemli məsələlər hələ də gündəmdədir. Bu dəfə ada ətrafındakı enerji yataqları gərginliyə səbəb olub. "Reuters”agentliyi yazır ki, "Kiprin türk və yunan tərəflərinin birləşdirilməsi üçün uzun müddətdir aparılan danışıqlar iyulun 7-də böyük bir hiddət və fikir ixtilafı ilə iflasa uğrayıb. Türkiyənin baş naziri Binəli Yıldırım da ötən gün İstanbulda keçirilən enerji konfransında Kipr yunanlarını uğursuz nəticələnən danışıqların ardınca "birtərəfli tədbirlərdən” çəkinməyə çağırıb. "Reuters” Yıldırımın bu bəyanatını onun beynəlxalq aləmdə tanınan yunan Kipr hökumətinə Aralıq dənizindəki karbohidrogen yataqlarının təkbaşına inkişaf etdirilməsindən çəkinmək xəbərdarlığı kimi qiymətləndirib. B.Yıdırım deyib ki, adanın ətrafındakı karbohidrogen yataqları hər iki icmanın mülkiyyətidir. Elə həmin konfransda az sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sərt bəyanatlar verib. O, neft şirkətlərini Kipr yunanları ilə birtərəfli danışıqlara girməməyə çağırıb. Prezident deyib ki, beynəlxalq neft şirkətləri Kipr yunanlarının "məsuliyyətsizliyinin iştirakçısına” çevrilməməlidir. R.T.Ərdoğan əlavə edib ki, əks halda bu şirkətlər "Türkiyə kimi bir dostu itirə bilərlər”. Kipr yunanları isə bildiriblər ki, adanın ərazi sularındakı karbohidrogen yataqlarının işlənməsi onların suveren haqqıdır. "Reuters” yazır ki, Kipr yunanları əksər qonşuları ilə dəniz sərhədi delimitasiyasını başa çatdırıblar. Kiprin yunan hissəsinin prezidenti Nikos Anastasiades deyib ki, Türkiyənin narazılığına baxmayaraq, qazma işlərinin başlanması ləngidilməyəcək. Kipr yataqlarının inkişaf etdirilməsi üçün lisenziyaları İtaliyanın ENI, ExxonMobil, Fransanın Total, Koreyanın KOGAS şirkətləri əldə ediblər. Total-ın West Capella qazma gəmisi artıq Kipr istiqamətində hərəkətə başlayıb. İstanbul konfransında "Reuters”in sualına cavab verərkən Total şirkətinin inkişaf və hasilat üzrə prezidenti Arnaud Breuillaç deyib ki, bu məsələdən "heç bir narahatlığı yoxdur”.
Azər
banner

Oxşar Xəbərlər