• çərşənbə, 24 Aprel, 21:18
  • Baku Bakı 23°C

İfası unudulmayan sənətkar

30.10.19 12:30 1065
İfası unudulmayan sənətkar
Sənət aləmindəki qalmaqallardan, çəkişmələrdən uzaq olan Məmmədbağır Bağırzadəni yalnız öz peşəsi və xalqın zövqü maraqlandırırdı
"Sən gəlməz oldun”, "Belə qəmli dayanma, "Axşamlar”, "Tello”, "İstəmir məni”, "Darıxıram sənin üçün”, ”Azərbaycan oğluyam”, "Sənli günlərim”, "Gecə yaman uzundur”... Bu mahnıların hər birini özünəməxsus tərzdə və şövqlə oxuyardı. İfası ilə möhür vurduğu bu mahnılar təkcə milli radiomuzun Qızıl Fondunda deyil, həmçinin insanların yaddaşında qorunur, dodaqlardan qəlblərə süzülür... Ağayana, ciddi görkəmi, şirin təbəssümünə qarışan mahnılar, təsniflər, muğamlar səsləndikcə, o zaman evlərin, ailələrin çağırılmamış sevimli qonağına çevrilərdi Məmmədbağır Bağırzadə. Onda səhnədən, ekrandan birbaşa dinləyicinin qəlbinə nüfuz etmək bacarığı vardı.
Böyük sənətkarların hər biri kimi, onun da sənət yolu toylardan, el şənliklərindən başlamışdı. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, Arif Babayev, Sabir Mirzəyev, Əlibaba Məmmədov kimi ustad sənətkarları yetişdirən və xalqa sevdirən el məclisləri onu da gənc yaşlarından tanıtmışdı. Şirin səsi, qəlbə yatan ifası gənc müğənnini el şənliklərinin sevilən sənətkarına çevirmişdi.
İstər bəstəkar, istər xalq mahnıları
M.Bağırzadə 1970-ci ildə doğulduğu Nardaran qəsəbəsində musiqiçi kimi əmək fəaliyyətinə başlayıb. İfaçılığa kənd camaatının qarşısında çıxışlarla başlayıb. Hələ 12 yaşında ikən Nardaran kəndindəki bir toy məclisində sənətkarlar qarşısında "Bayatı-Şiraz" muğamını oxuyan Məmmədbağırın gələcəkdə yaxşı müğənni olacağına hamı inanıb.
Klubda xalq çalğı alətləri ansamblının bədii rəhbəri kimi çalışaraq qısa müddət ərzində təkcə doğulduğu kənddə deyil, ətraf rayonlarda da tanınıb.
M.Bağırzadənin ailəsində də musiqiyə böyük həvəs olub. Dayısı Lətifin gözəl səsi varmış. Muğamı Seyid Şuşinski kimi böyük xanəndədən öyrənən Lətifin boğazları Məmmədbağırın səsində hiss olunub. Sonralar muğamın sirlərini Asəf Zeynallı adına Musiqi Kollecində Xalq artisti Əlibaba Məmmədovdan, Əməkdar müəllim Nəriman Əliyevdən öyrənib. Bununla da yeni dövrdə Azərbaycan muğam ifaçılarının Seyid Şuşinski ənənələrini layiqincə mənimsəyib. Həm bəstəkar mahnılarını, təsnifləri, həm də özünün yazdığı nəğmələri fərqli bir ifa ilə oxuyaraq dinləyicilərin könlünə nüfuz edib. M.Bağırzadə musiqi məktəbini bitirdikdən sonra İncəsənət İnstitutunda oxuyub.
Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışan müğənni, öz ecazkar səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirən ifaçılar sırasına daxil olub, Azərbaycanın qüdrətli sənətkarlarının layiqli davamçısına çevrilib. M.Bağırzadə adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairəZivər Ağayevailə yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib.
Müğənni rəhbərlik etdiyi "Dilkəş” instrumental ansamblı ilə respublikanın bütün bölgələrində çıxış edərək hər yerdə rəğbətlə qarşılanırdı. Muğam ifaçılığımızın gözəl ənənələrini ləyaqətlə qoruyub yaşadan istedadlı müğənni, eyni zamanda, özünün orijinal bəstələri ilə Azərbaycan musiqisini daha da inkişaf etdirib. M.Bağırzadədə öz ifası ilə istər bəstəkar mahnılarını, istərsə də xalq mahnılarını və muğamları minlərlə dinləyiciyə sevdirə bilmək istedadı olub ki, bu da onu həmişə məclislərin arzuolunan qonağına çevirib.
"Azərbaycan oğluyam”
Müğənninin repertuarına Oqtay Kazıminin,Nəriman Məmmədovun,Tahir Əkbərinvə b. tanınmış bəstəkarların mahnıları da daxil idi. Onlar mahnılarını Məmmədbağır Bağırzadənin ifasında eşitmək istəyirmişlər. "Sən oxuyanda mahnıya həyat verirsən” deyirmişlər. Təəssüf ki, müğənninin özü kimi, oxuduğu mahnıları yazan bəstəkarlar da köçlərini çəkib bu dünyadan gediblər. Amma musiqi xəzinəmizə nə qədər əvəzsiz mahnılar bağışlayıblar...
Həmçinin M.Bağırzadənin bir müğənni kimi yetişməsində bəstəkar Ələkbər Tağıyevin xüsusi əməyi olub. 1976-cı ildən başlanan müğənni-bəstəkar tanışlığı sonradan möhkəm yaradıcılıq əlaqəsinə çevrilir. Bəstəkarın "Söylə, yadındamı?”, "Sənsən həyatım”, "Mənəm”, "Sən gəlməz oldun”, "Kəndimizin gözəlləri”, "Təzə gəlin”, "Yadıma düşdü”, "Xızı dağları” kimi mahnıları müğənninin yaradıcılığında xüsusi yer tutub. O, konsertlərini Ələkbər Tağıyevin "Azərbaycan oğluyam” mahnısı ilə açıb. Ona görə də bu mahnı onun konsert proqramlarının rəmzinə çevrilib.
Müğənni 1985-ci ildən ömrünün sonuna qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində solist kimi çalışıb. M.Bağırzadə dünyanın müxtəlif ölkələrində - Almaniya, Misir, Hindistan, Şri-Lanka, Əlcəzair, Macarıstan, Fransa, Norveç, Türkiyə və İranda, habelə keçmiş SSRİ məkanında keçirilən mədəniyyət günlərində çıxış edib, milli musiqimizin təbliğinə öz töhfələrini verib. M.Bağırzadənin milli radiomuzun fonotekasında saxlanılan "Rast”, "Segah Zabul” dəstgahları, "Şikəsteyi-fars” şöbəsi onun mahir muğam ustası olduğunun təsdiqidir. Müğənni "Segah Zabul” muğamına üç təsnif yazaraq əlavə edib. Bəstələdiyi digər mahnıları isə, özünün də etiraf etdiyi kimi, çox sevdiyi "Şur” və "Dilkəş” ladlarından bəhrələnərək ərsəyə gətirib.
Belə bir insanı tez itirdik
Müğənni Xalq şairi Fikrət Qocanın sözlərinə yazılmış «Gecə yaman uzundur» mahnısını da böyük şövqlə oxuyub. İndi Xalq şairi onu böyük məhəbbətlə xatırlayır: «Çox gözəl sənətkar idi. Hay-küysüz, sakit, təvazökar, həm də ciddi. Əsl Azərbaycan kişilərinə xas olan xüsusiyyətləri var idi. Mahnını çox ürəklə oxuyurdu. İfaçılıq sahəsində nadir sənətkarlardan idi. Azərbaycan dilini gözəl bilirdi. İfa etdiyi muğam və mahnılardakı sözləri çox aydınlıqla, ustalıqla dinləyiciyə çatdırırdı. Onun ifasını heç kəs təkrar edə bilməz. Məmmədbağırın öz səsi, öz tərzi vardı. Köhnə bakılılara məxsus qədimliyini qoruyub saxlamışdı. O, səhnə mədəniyyəti, geyim-kecimi, zahiri görünüşü ilə də fərqlənirdi. Bu mənada Məmmədbağır musiqi aləmində gözəl ifaçılığından savayı, ədəb-ərkanı, səmimiyyəti ilə də seçilirdi. Təkcə bəstəkarlar deyil, şairlər də onunla işləməyə maraqlı idi. Çünki bilirdilər ki, Məmmədbağır sözə dəyər verməyi bacarır və onların yazdıqları da unudulmayacaq».
F.Qoca deyir ki, musiqi dünyasında yalnız Məmmədbağır səsinə, ifaçılığına xas olan zəngulələr, "boğaz xırdalıqları” vardı: "Bunlar onun muğam ifasına, nəğmələrinə xüsusi bir şirinlik gətirirdi. O, oxuduğu mahnılara sanki həyat verirdi və onları sənət əsərinə çevirərək xalqa yaxınlaşdırırdı”.
M.Bağırzadə təkcə müğənni deyildi, həm də bəstəkar idi. 30-dan çox mahnı onun bəstəkarlığı ilə dillər əzbərinə çevrilib. "Darıxıram”, "Dözə bilmirəm”, "Güman yeri var”, "Qaldı dağlarda”, "Olmaz”, "Axtarır gözüm səni”, "Qəhrəmanlıq nəğməsi”, "Dindir məni”, "Ana dünyası", "Xoşum gəlir" kimi mahnılar M.Bağırzadənin yaradıcılığının məhsulları idi.
M.Bağırzadə son mahnılarından birini müğənni Baloğlan Əşrəfov üçün yazmışdı. «Nə etdim» adlı mahnını müğənni ilk dəfə Mahnı Teatrında Məmmədbağır Bağırzadənin xatirəsinə həsr olunan gecədə oxuyub. «Bu mahnını Baloğlan üçün yazıram. İstəyirəm o oxusun” demişdi» - deyə müğənni xatırlayır: "Mən də mahnını böyük sevgi ilə ifa etdim. Özünün də, oğlunun da xoşuna gəldi. Bizim gözəl münasibətimiz var idi. O, həmyaşıdım idi. Hər gecə telefonla danışar, dərdləşərdik. Məmmədbağırın o biri müğənnilərdən fərqi onda idi ki, onun həm də bədii savadı vardı. Hər müğənninin səsi ola bilər, amma hər müğənninin bədii savadı olmur. Buna görə mənim ona böyük rəğbətim vardı. O, şeiriyyəti, qəzəliyyatı gözəl bilirdi. Bayağı mahnı oxuyan müğənniləri xoşlamazdı. Onda xoşuma gələn bir cəhət də vardı: sənət aləmindəki qalmaqallardan, çəkişmələrdən uzaq idi. Onu yalnız öz sənəti və xalqın zövqü maraqlandırırdı. Xoşbəxtlikdən, xalqın zövqünü tutmağı bacarmışdı. Respublikanın hər yerində insanlar onu sevirdi. O, toylarda oxuyanda bütün ətrafdakılar onu dinləməyə gələrdi. O, əsil xalq dilində, onun qəlbinə yaxın tərzdə oxuyurdu. İfa etdiyi hər bir mahnının da ünvanı vardı. Məmmədbağır toyxanalarımızın bəzəyi idi. Toylarda bəyə, gəlinə, ataya, anaya, nənəyə, nəvəyə həsr olunan mahnıların əksəriyyətinin müəllifi Məmmədbağır idi».
B.Əşrəfov deyir ki, həmkarının ölümü ona çox pis təsir edib. Hətta bir müddət stress yaşayıb: «Məni tanıyanlar yaxşı bilir, Məmmədbağırın ölümü mənə çox pis təsir etdi. Bəlkə buna görə səhhətimdə müəyyən narahatlıq da yarandı. Çünki mənim onun sənətinə də, şəxsiyyətinə də böyük rəğbətim var idi. Heyf ki, belə bir insanı çox tez itirdik».
Yadigar ifa
İfaçılıq sənətindəki uğurlarına görə Məmmədbağır Bağırzadə 1989-cu ildə Əməkdar artist, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Məmmədbağır Bağırzadənin repertuarında "Xatırlayarsan” mahnısı da geniş yer tuturdu. Fani dünyadan, insanın bir gün dünyanı tərk edəcəyindən, vəfasız ömürdən oxuyurdu. Sanki erkən ölümünü duyubmuş kimi oxuyurdu...
Məmmədbağır Bağırzadə cəmi 56 il yaşadı. Amma bu qısa ömür mənalı, xalq üçün faydalı keçdi. O, musiqi xəzinəmizə yaddaşlardan silinməyən ifa, unudulmayacaq mahnılar, təsniflər, muğamlar yadigar qoydu...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər