• çərşənbə axşamı, 23 aprel, 11:55
  • Baku Bakı 20°C

İdxalın azalması ölkədə məhsul qıtlığına səbəb ola bilərmi?

30.06.20 18:34 1133
İdxalın azalması ölkədə məhsul qıtlığına səbəb ola bilərmi?
Ekspertlər əksini düşünür: İdxalın azalması ölkədə istehsalın çoxaldığını və ixrac potensialımızın genişləndiyini göstərir

Pandemiyanın ən çox mənfi təsir etdiyi sahələrdən biri də iqtisadiyyatdır. Qlobal iqtisadi dinamikanın günü-gündən zəiflədiyi bu müddətdə ölkələr arasında iqtisadi əməkdaşlıq səviyyəsi xeyli aşağı düşüb. Belə bir məqamda böyük və inkişaf etmiş dövlətlərlə yanaşı, kiçik dövlətlərin də iqtisadiyyatları ciddi zərbə alıb. Bu mənada, pandemiya Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərməkdədir. Belə ki, pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması 5 faiz ətrafında müşahidə edilir. Bunu dünən keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ixrac əməliyyatında da azalma müşahidə edilir: "Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir”.
Nazir qeyd edib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərin həcmi barədə danışmaq hələ tezdir: "Hazırda bu proses davam edir. Hesablamalar aparılır”.
Bəs görəsən 5 faiz həcmində azalma məhsul qıtlığına səbəb ola bilərmi? Bu problemin dərinləşməməsi üçün hansı addımlar atılmalıdır?

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyir ki, Azərbaycan xarici ticarət dövriyyəsində müsbət saldonu qoruyub saxlayıb: "Nəticə etibarilə bu ondan xəbər verir ki, ixrac idxalı üstələyir. Ölkə daha çox məhsul ixrac edir ki, bu da ölkəyə daxil olan valyutanın həcminin idxalla ölkədən çıxan valyutadan daha çox olması anlamına gəlir. İdxalın 5 faiz həcmində azalması, əslində heç bir risk yaratmır. Çünki azalma faizi kiçikdir və birrəqəmli göstərici ilə ifadə olunur. Pandemiya dövründə idxalın azalması, əslində gözlənilən idi. Çünki pandemiya dövründə qlobal iqtisadiyyatın dinamikası xeyli zəiflədi. Eyni zamanda, beynəlxalq idxal-ixrac əməliyyatlarının strukturunda dəyişikliklərin olması Azərbaycanın da idxal həcminə öz təsirini göstərdi. Bununla yanaşı, idxal həcminin azalmasının digər müxtəlif səbəbləri var. Amma bu göstəriciyə təsir edən əsas faktor pandemiya oldu. Yerli istehsal məhsullarının, xüsusilə aqrar məhsulların istehsalının artması idxalın əvəzlənməsi prosesinə müsbət təsir etdi. Yəni, biz pandemiya dövründə idxalın ixracla əvəzlənməsini müşahidə etdik. Həmçinin bu dövrdə istehlakın həcminin azalması və optimallaşdırılması idxala öz təsirini göstərib. Bu mənada, mövcud azalma Azərbaycan iqtisadiyyatı üçün hər hansı risk yaratmır və istehlak bazarındakı tarazlığın pozulmasına gətirib çıxarmır. Nəticə etibarilə bu gün nə ərzaq, nə də qeyri-ərzaq məhsullarına olan tələbin ödənilməsində hər hansı çətinlik yoxdur. Növbəti dövrlərdə Azərbaycan üçün prioritet məqamlardan biri idxalın əvəzlənməsidir. Pandemiyanın gündəmə gətirdiyi çağırışlardan biri yerli istehsalın genişləndirilməsi hesabına idxalın azalmasına nail olmaqdır. Düşünürəm ki, post-pandemiya dövründə tətbiq olunacaq yeni iqtisadi model həm də idxalın əvəzlənməsinə imkan verəcək. Yerli məhsul istehsalının genişləndirilməsi tələbin daxili istehsal hesabına ödənilməsinə gətirib çıxaracaq. Növbəti dövrlərdə prioritetlərimizdən biri məhz bu olacaq”.
İqtisadçı millət vəkilli Aydın Hüseynov deyir ki, hazırki dövrdə məqsədimiz ixrac prosesini stimullaşdırmaqdır: "İdxalın həcmi azalıb. Amma konkret olaraq hansı kateqoriyadan olan məhsulların idxalında azalma müşahidə olunduğu bəlli deyil. Ərzaq, dərman və digər vacib məhsulların idxalında ciddi azalma yoxdur. Pandemiya dövründə insanların ən çox ərzaq və dərmana ehtiyacı olur. Digər məhsulların idxalı bir müddətlik də olsa təxirə düşür. Hazırda daha çox daxili bazarı təmin edə bilmədiyimiz ərzaq məhsulları idxal olunur. Daxili istehsal hesabına təmin edilən ərzaq məhsullarına da tələbat böyükdür. Bu da idxalın həcminə təsir edən faktorlardan biridir. Digər bir səbəb isə pandemiya ilə bağlı olaraq müxtəlif böyük layihələrin bir müddətlik təxirə düşməsi ilə bağlıdır. İdxal həcminin azalmasının əsas səbəblərindən biri də məhz budur. Əslində idxalın həcmində müşahidə olunan 5 faizlik azalma o qədər də böyük bir göstərici deyil. Ciddi bir məhsul qıtlığına səbəb olacaq həcmdə azalmadan söhbət getmir. Ən başlıcası isə, həyati əhəmiyyət daşıyan, yəni ərzaq və dərman kimi zəruri məhsulların idxalı ilə bağlı ciddi problem yoxdur. İdxalın azalması əslində təhlükəli deyil. Bu, ölkədə istehsalın gücləndiyini və ixrac potensialımızın genişləndiyini göstərir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər