AZE | RUS | ENG |


İdxal azalır, ixrac artır

İdxal azalır, ixrac artır
Məhsullarımız təkcə Rusiyaya deyil, Ukrayna və Qazaxıstana da ixrac edilir

Son illər kənd təsərrüfatının inkişafı üçün ölkəmizdə geniş şəkildə işlər görülür. Çünki bu sahə Azərbaycanda perspektivli sahələrindəndir. Daxili tələbatı ödəməklə yanaşı, ixrac cəhətdən də potensial böyükdür.

Eyni zamanda, bu ilin ilk üç ayında aqrar məhsulların idxalı da 17% azalıb. Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Gömrük Xidmətinin rəsmiləri ilə meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiya ərazisinə keçirilməsi məsələləri ilə bağlı Bakıda keçirilən danışıqlarda deyib.

A.Əliyev ixracın artdığını da deyib: "Ötən ilə nisbətən bu il ixrac 73% artıb. Məhsullarımız təkcə Rusiya deyil, Ukrayna və Qazaxıstana da ixrac edilir".

Komitə sədri Azərbaycan fındığının isə daha uzaq ölkələrə göndərildiyini deyib: "Azərbaycanda quru meyvələrin hazırlanması üçün avadanlığın alınmasına 150 mln. manat güzəştli kredit verilib. Ölkədən ixrac edilən bütün məhsullar yoxlanır. Yalnız ötən ilin əvvəlində 300 kq-a qədər Türkiyə pomidoru Rusiya ilə sərhəddə saxlanılıb".

Ötən gün Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Rusiyanın Federal Gömrük Xidmətinin və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Apa.az-ın məlumatına görə, Rusiya Federal Gömrük Xidmətinin Ticarət məhdudiyyətləri, valyuta və ixrac nəzarəti İdarəsinin birinci müavini Andrey Ryazanovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərində məqsəd Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı məsələləri müzakirə olunub. Görüşdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, artıq uzun illərdir Rusiya Azərbaycan üçün əsas ixrac bazarıdır: "Ötən illərlə müqayisədə Azərbaycandan ixracın 16,9%-i Rusiyanın payına düşür. Rusiya Azərbaycan üçün idxal sahəsində də önəmli ölkələrdən biridir. Son illər ərzində hər iki ölkənin milli valyutalarının devalvasiyaya uğraması və bunun nəticəsində yaranan qiymət artımı ticarət dövriyyəmizə təsirsiz ötüşməyib. Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsullar sırasında meyvə-tərəvəz önəmli yer tutur. Azərbaycan Ukrayna və Qazaxıstana da meyvə-tərəvəz ixrac edir. Son bir ildə ölkəmizdən xaricə meyvə-tərəvəz ixracı 73% artıb. Eyni zamanda Azərbaycana meyvə-tərəvəzin idxalı xeyli azalıb".

A. Əliyev Türkiyə istehsalı olunan pomidorların Azərbaycandan Rusiyaya ixrac olunması ilə bağlı yayılan iddialara də münasibət bildirib: "Heç bir Türkiyə məhsulu Azərbaycan üzərindən Rusiya və ya başqa ölkəyə milli məhsulumuz adı ilə ixrac olunmur. Bunun üçün kifayət qədər sübut var. Bir şeyi də nəzərə alın ki, Türkiyə pomidorlarının Azərbaycan üzərindən Rusiyaya ixracı yerli məhsullarımızın şimal qonşumuza ixracından baha başa gəlir".

A. Ryazanov isə bildirib ki, iki ölkənin müvafiq qurumları gömrük prosedurlarının sadələşdirilməsində maraqlıdır və bu məsələ müzakirə predmetidir. "Biznes dairələri bir qədər anlayış nümayiş etdirməlidir. Bu yaxınlarda Azərbaycan-Rusiya sərhədində yaranmış problemlər bu müzakirələrin sayəsində həllini tapdı və mövcud olan digər problemlər də danışıqlar yolu ilə həllini tapmalıdır", - deyə o bildirib.

Görüşdə iştirak edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev isə bildirib ki, son bir ildə Azərbaycanda 517 min ton pomidor istehsal edilib və bunun 100 min tonu ancaq Rusiyaya ixrac edilib. Nazir müavini əlavə edib ki, son bir il ərzində Azərbaycana alma idxal edilməyib və ölkədə istehsal olunan almanın bir qismi ixraca yönəlib. S. Babayev vurğulayıb ki, bu gün Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam olaraq ödəmək qabiliyyətindir.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov "Kaspi”yə açıqlamasında bildirdi ki, ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın başlıca məqsədi ixrac yönlü rəqabətqabiliyyətli məhsulların istehsal olunması, dünya bazarına çıxarılması, Azərbaycan brendinin təqdim olunmasıdır: "Bütün bu strategiyanı həyata keçirmək üçün də çox böyük işlər görülüb. Hüquqi baza yaradılıb, sahibkarlığın inkişafı üçün çox böyük münbit şərait formalaşıb, gömrük rüsumlarından, vergilərdən azad olunmaq kimi böyük stimullaşdırıcı tədbirlər həyata keçirilib. Eyni zamanda xüsusilə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, aqrar sahədə daha yüksək nəticələrin əldə edilməsi üçün dövlət proqramları mövcuddur”.

Millət vəkili deyir ki, ənənəvi ixrac potensialı olan kənd təsərrüfatı sahələri ilə yanaşı, bir çox meyvə-tərəvəzləri xarici bazarlara çıxarmaq mümkündür: "Strateji kənd təsərrüfatı məhsullarımız pambıq, barama, fındıq, ipək və tütündür. Bu məhsulların istehsalı ilə bağlı bizdə uzun illərə dayanan bir ənənə var. Qeyd etdiklərimlə yanaşı, digər meyvə və tərəvəzlərin də zaman-zaman ixracı da aparılır. Bizim məhsullar ekoloji cəhətdən təmiz olduğu üçün digər meyvə-tərəvəzlərimizin də dünya bazarına çıxarılması mümkündür. Bununla bağlı işlər də görülür. Mən belə hesab edirəm ki, yaxın gələcəkdə bizim kənd təsərrüfatı məhsullarımız dünya bazarında öz yerini tutacaq və ölkənin ümumi məhsulunun tərkibində onların xüsusi çəkisi daha da artacaq. Ölkənin ərzaqla, xüsusilə kənd təsərrüfatı, taxıl və taxıl məhsulları ilə yüz faiz təmin olunması istiqamətində işlər görülür. Eyni zamanda, öz daxili tələbatımızı ödədikdən sonra dünya bazarına da bir çox kənd təsərrüfatı məhsullarının çıxarılmasına nail olacağıq”.

A.Hüseynov qeyd etdi ki, kənd təsərrüfatı məhsullarımız üçün əsas bazar Rusiya olsa da, zamanla digər bazarlara çıxmaq imkanları da yaranır: "Rusiya bizim ənənəvi bazarımızdır. Bundan başqa, Avropa ölkələrinə ixrac edə bilərik. Eyni zamanda, getdikcə ərəb ölkələri ilə də turizm mübadiləmiz, iqtisadi əlaqələrimiz genişlənir. Ərəb ölkələrinin də bazarını kənd təsərrüfatı məhsulları ilə təmin etmək iqtidarında olarıq”.

Aygün 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN