• çərşənbə axşamı, 16 aprel, 13:54
  • Baku Bakı 19°C

İdxal azalıb, ixrac artıb

12.05.17 10:30 1440
İdxal azalıb, ixrac artıb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 mlrd. 595 mln. 699,93 min ABŞ dolları təşkil edib. "APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,35% çoxdur.Bu ilin dörd ayı ərzində idxal əməliyyatları 2 mlrd. 164 mln. 997,72 min dollar olub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 16,53% azdır. Hesabat dövründə ölkənin ixrac əməliyyatları 3 mlrd. 430 mln. 702,21 min dollar olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,11% çoxdur. Nəticədə 1 mlrd. 265 mln. 704,49 min dollar məbləğində müsbət saldo yaranıb.Bəs görəsən ixracın atmasının əhəmiyyəti nədir? Bu tendensiya gələcəkdə də davam edə biləcəkmi?

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, makroiqtisadi sabitlikdə dayanıqlıq əldə olunması üçün xarici ticarət dövriyyəsində əlverişli balans və yaxud vəziyyətin yaranması olduqca vacibdir: "Ümumiyyətlə, son aylar ərzində istehlak məhsullarının və xidmətlərin qiymətlərinin yüksəlməsi tempi zəifləməsə də, manatın məzənnəsinə idxal faktorlarının təsirlərinin xeyli səngiməsi yüksək təsir göstərib. Belə ki, ki, xarici ticarət və tədiyyə balansı üzrə müsbət meyillər var. Bu isə sevindirici haldır. Ümumiyyətlə, dövlət başçısının sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində qeyd olundu ki, hökumətin fəaliyyətinin əsas istiqamətini daxili tələbatı yerli istehsal hesabına ödəmək və ixrac potensialını artırmaq təşkil edir və növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. O müşavirədə bildirdi ki, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub, istehsal olunan ümumi daxili məhsul (ÜDM) həcmində onun xüsusi çəkisi üstünlük təşkil etməyə başlayıb, rəqabətqabiliyyətli, ixrac imkanlı məhsulların istehsalı genişlənib”.

İqtisadçı qeyd etdi ki, 2016-cı ilin nəticələrinə əsasən, ÜDM-in 65,7 %-i iqtisadiyyatın qeyri-neft, 34,3 %-i isə neft-qaz sektorunda istehsal olunub: "Ancaq ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən ildən etibarən daha da sürətləndirildi. Prezident tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi. Hesab edirəm ki, ixracımız getdikcə daha da genişlənəcək və bunun nəticəsində xarici ticarət dövriyyəmizdəki müsbət saldo daha da böyüyəcək”.

Milli Məclisin İqtisadi siyasət, səanye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, bu rəqəmlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir: "Çünki idxal-ixrac əməliyyatları, yəni saldonun müsbət olması Azərbaycanın həm milli valyutasının, həm də iqtisadiyyatın ayrı-ayrı sahələrinin normal tempdə olmasından xəbər verir. İxracın artması isə ölkəyə xarici valyutanın daxil olmasına şərait yaradır ki, bu da öz növbəsində manatın möhkəmlənməsinə kömək edir. Ümumiyyətlə, bu proses ilin əvvəlindən etibarən bir neçə aydır ki, davam edir. Düzdür, idxalın azalması ilə bağlı bu sahədə bəzi problemlər yaranıb. Çünki idxalın azaldılması ölkədə real sektorun inkişafına mənfi təsir göstərir. Lakin bizim əsas məqsədimiz Azərbaycana lazım olmayan məhsulların idxalından imtina etməkdir. Dövlət başçısının da bununla bağlı müvafiq göstərişi var. Çalışmaq lazımdır ki, ticarət balansında müsbət saldo uzun müddət davam etsin. Əlbəttə, bu proses çox uzunmüddətli olaraq davam edə bilməz. Çünki real sektorun inkişafı üçün bəzi məhsullar idxal edilməlidir. Amma prosesin davam etməsi bizim xeyrimizədir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər