AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İdman zalından Reportaj

İdman zalından Reportaj

Gənclik qəzeti
13 Oktyabr 2014, 11:38 17251
“Sağlam həyat - sağlam idmanın nəticəsidir”. Yəqin ki, bu deviz hamıya tanışdır. İdman sahəsində çalışan həkimlərin də araşdırmalarından bəllidir ki, hər gün yüksək əhval-ruhiyyədə, enerjili və sağlam həyat yaşamaq istəyənlər ilk növbədə idmanla məşğul olmalıdırlar.
Sağlamlığının bir nömrəli təminatçısı olan idmanın ən müxtəlif növləri mövcuddur. Əgər əvvəllər idman deyəndə təsəvvürümüzdə ilk olaraq böyük və möhkəm əzələlər, şişkin bədən, ağır məşq, idman alətləri canlanırdısa, indi vəziyyət dəyişib. Artıq kişilərdən fərqli olaraq, qadınlarımız da idmana böyük həvəs göstərir, müntəzəm idmanla məşğul olurlar.
Biz də “Sağlam həyat sağlam idmanın nəticəsidir” devizini özünə örnək götürən insanlarla söhbətləşmək üçün metronun Azadlıq stansiyasının yaxınlığında yerləşən «Atrium» idman və əyləncə mərkəzinə yollandıq.

Dörd mərtəbəli mərkəzdə həm kişilər, həm də qadınların idman etmələri üçün hər şərait yaradılıb. “Atrium”u seçən kişi və qadınlar burada trenajor zalları, baseyn, uşaq əyləncə mərkəzi, boulinq, aerobika, yoqa və mərkəzin restoranlarından istifadə edə bilərlər. Üzə bilməyənlər isə mərkəzin hovuzunda peşəkar müəllimlə birlikdə üzmə imkanı da əldə etmək imkanı qazanırlar.

Fitnes zalın 80 yaşlı sakini

Əvvəlcə kişilərin fitnes zalına yollandıq. Bu zal hər gün saat 10-dan 21-ə qədər müştəriləri qəbul edir. Burada bir ay davamlı olaraq idmanla məşğul olmaq üçün 80 manat ödəmək lazımdır. Bir gün idmanla məşğul olmaq istəyənlər isə 12 manatlarından keçməlidirlər.

Kişi fitnes zalında hər yaşda idmançıya rast gəlmək mümkündür. Bizə ən maraqlı gələn idmançı isə adının çəkilməsini istəməyən “Atrium”un 80 yaşlı müştərisidir. İdman sayəsində bu yaşda da özünü gənc hiss edən baba deyir ki, sağlamlığını idmana borcludur: “80 yaşımda belə cavan qalmağımı idmana borcluyam. Bu, mənim formada qalmağıma kömək edir. Sağlam qalmağıma görə çoxları mənə paxıllıq edir. Amma bunu əldə etmək üçün idmanla məşğul olmaq lazımdır. Bu fitnes zalından çox razıyam. İdman müəllimimiz bizimlə çox yaxşı məşğul olur. Burada özümü çox yaxşı hiss edirəm. Həm əylənirəm, həm də idman edirəm”.

“Zallarımız dolu olur”

80 yaşlı idmançı ilə məşğul olan “Atrium” idman və əyləncə mərkəzinin müəllimi Şakir Xanbutov deyir ki, son zamanlar ölkəmizdə idmana maraq yüksək səviyyədədir: “10 ildir ki, treyner işləyirəm. Bu vaxta qədər ən yaşlı şagirdim bu dayıdır (əli ilə 80 yaşlı idmançını göstərir - A.Ə). 5 yaşından tutmuş 80 yaşa qədər tələbələrim olub. Əvvəllər idmana maraq o qədər də çox deyildi. Amma indi xüsusilə gənclərin idmana marağı artıb. Bizim bütün idman zallarımız hər gün dolu olur”.

Şakir müəllim bizimlə söhbətində idmanın faydalarında da danışdı. O deyir ki, idman orqanizmi xəstəliklərdən qorumaqla yanaşı, sağlam saxlayır, bədəni daha möhkəm və müqavimətli edir: “Həmçinin əhvalı yüksəltməyə, narahatlığı və gərginliyi aradan qaldırmağa kömək edir. Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir. İdman həm də ürəyin və ağciyərin funksiyasını gücləndirir”.

Trenajor alətlərində özünü sınayan Vasif deyir ki, işdən sonra bir saat da olsa bura gəlib idmanla məşğul olur: “Əvvəllər idmana o qədər də marağım yox idi. Amma sonradan gördüm ki, idman etmək həqiqətən insanı gümrahlaşdırır. Ağır iş rejimindən sonra bir saat idman sanki ruhumu təzələyir”.

“Başı bağlı idmançılar”

Saat 18.00-dan sonra qapıda xanımlar görünməyə başlayır. Onların fitnes zalı kişi fitnes zalından bir qədər aralıda yerləşir. Qadınlarla kişilər demək olar ki, bir-birlərini görmürlər.
Həvəskar idmançılarla söhbətimizdən sonra onları məşqləri ilə baş-başa qoyub qadın fitnes zalına yollanırıq. Buradakı təmizlik diqqətimizdən yayınmır. Sterilliyi qorumaq üçün ayağımıza baxil geyinirik.

Kişi fitnes zalına nisbətən burada daha çox qələbəlikdir. Hər yaşda qadına rast gəlmək mümkündür. Xanımların əksəriyyəti hicablı olduğundan şəkil çəkməyimizə icazə vermirlər.
Xanımlarla söhbətimizdən məlum olur ki, bəziləri fitnes zala arıqlamaq üçün, bəziləri də kökəlmək üçün gəlir.

“Kökəlmək üçün gəlmişəm”

Qaçış alətini tənzimləyən İlahə deyir ki, artıq 3 aydır idmanla məşğul olur: “Əvvəllər idmanla maraqlanmırdım. Məndə belə bir fikir var idi ki, sanki idmanla ancaq kişilər məşğul olmalıdır. Nə vaxtsa idman edəcəyim ağlıma belə gəlmirdi. Son zamanlar sosial şəbəkələrdə fitness haqqında geniş söhbətlər gedirdi. Bu da mənim diqqətimi çəkdi. Mən idmanla bədən formamı qorumaq üçün məşğul oluram”.

Trenajor zalında həddindən artıq arıq qız diqqətimizi çəkir. Hovuza getməyə hazırlaşan bu xanıma yaxınlaşırıq. Ülkərlə söhbətimizdən məlum olur ki, o, digər xanımlardan fərqli olaraq buraya kökəlməyə gəlib: “25 yaşım var, çəki ala bilmirəm. Boyum 1.70 olsa da, çəkim 42 kiloqramdır. Buna görə mütəxəssisə müraciət etdim. Onlar məni kökəlmək dietasına saldılar və bu reseptin içində idman da var. Bir sözlə, buraya kökəlməyə gəlmişəm. 15 gündür idmana başlamışam, həm də pəhriz saxlayaraq artıq 1 kiloya yaxın çəki almışam”.

İdmandan həzz alaq

Mütəxəssislər qeyd edir ki, idman etmək hər yaşda faydalıdır. Buna görə də idmana bir əyləncə kimi baxmaq lazımdır. Peşəkar idmançılardan fərqli olaraq, biz idmandan həzz almalıyıq, ondan yalnız rəqabət vasitəsi kimi istifadə etməməliyik.

Aygün ƏZİZReportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">