AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İdarəetmədə çox mühüm islahat

İdarəetmədə çox mühüm islahat

İqtisadiyyat
19 Fevral 2013, 13:41 1668
Milli Məclis ötən il yaz sessiyasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişiklikləri qəbul etdi. Qanuna edilən dəyişikliklərə görə, yeni sahə inzibati ərazi dairələri yaradılır. Belə ki, yeni qanuna əsasən, rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır.

Sahə inzibati ərazi dairəsi azı 20 min əhalisi olan ərazidə yaradılacaq, yalnız istisna hallarda əhalisi 20 mindən daha az olan ərazilərdə yaradıla bilər. Dəyişiklikdə sahə inzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi, dövlət reyestrinə daxil edilməsi və digər məsələlər öz həllini tapıb.

Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin sentyabrında imzaladığı fərmanla dəyişikliyi təsdiqləyib. Fərmanda dəyişiklikdən irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinə göstəriş verilib. Adıçəkilən qurumdan bildirilir ki, yeni sahə inzibati ərazi dairələrinin yaradılması ilə bağlı addımlar atılır və zamanı çatdıqda ictimaiyyətə məlumat veriləcək.
Onu da vurğulamaq yerinə düşər ki, cəmiyyətdə dəyişikliklərlə bağlı fikirlər birmənalı deyil. Bəziləri hesab edirlər ki, bu, büdcə üçün əlavə xərc yüküdür, həmçinin bələdiyyələrin sıradan çıxarılmasıdır. Lakin dəyişiklik əsasən müsbət qiymətləndirilir.

Bildirilir ki, bu, hakimiyyətin xalqla yaxınlaşmasıdır və çoxdan atılmalı olan bir addımdır. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, hazırda kənd və qəsəbələrdə hakimiyyət orqanları müvafiq inzibati ərazi dairələri formasında təmsil olunur: “Lakin 24 şəhər və şəhər rayonlarında hakimiyyət orqanlarının belə təmsilçiliyi yoxdur. Misal üçün, 247 min nəfərdən çox əhalisi olan Yasamal rayonu inzibati ərazi dairəsindən məhrumdur. Bakının Nizami, Gəncənin Kəpəz rayonlarında, Lənkəranda və digər şəhər rayonlarında ayrı-ayrı inzibati ərazi dairələrinin mövcudluğu heç də ümumi mənzərəni dəyişmir. Bu ərazi vahidlərinin hamısı və yaxud əsas hissəsi yerli hakimiyyət orqanları ilə təmsil olunmur”.

A.Rəhimzadə bildirir ki, sahə inzibati ərazi dairələrinin yaradılması hakimiyyəti əhaliyə yaxınlaşdıracaq, onun səmərəliliyini artıracaq və sosial-iqtisadi məsələlərin həllinə kömək edəcək.

“Dəyişiklik büdcəyə heç bir ziyan vurmayacaq”

Millət vəkili Tahir Rzayevin sözlərinə görə, qanuna edilən dəyişiklik ictimaiyyət arasında çox müsbət qarşılanır: “Lakin idarəetmə ilə yaxından tanış olmayan insanlar bunu bürokratik bir orqanın yaradılması kimi qiymətləndirirlər. Bu, insanların rifahına xidmət edən, yerlərdə icra strukturları ilə insanların münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən çox mütərəqqi bir dəyişiklikdir. Bax, bu gün biz deyirik ki, ölkədə insanların rifah halı yaxşılaşdırılmalıdır, onların ərizələrinə, şikayətlərinə, müraciətlərinə vaxtında baxılmalı, cavab verilməlidir, yeni iş yerləri açılmalıdır, gənc kadrlar idarəetmə sahəsində təkmilləşməli, püxtələşməlidirlər. Bəs bunlar harada həyata keçirilməlidir?

Bu gün Bakının elə rayonu var ki, orada 250 min əhali yaşayır, ancaq bircə icra hakimiyyətidir, hamı gəlib ora müraciət edir. Bəzən elə olur ki, orada heç 10 gün, 20 gün qəbula düşmək mümkün olmur. Yaxşı, sahə inzibati ərazi dairələrinin yaradılması bu vəziyyətin düzəldilməsinə xidmət edirsə, bunun nəyi pisdir? Digər tərəfdən, bu ərazilərdə əgər yüzlərlə gənc kadr işləyəcək, insanlarla təmasda olacaq, insanların rahatlığının təmin edilməsinə xidmət edəcəksə, bunun nəyi pisdir? Yaxud həmin sahələrdə əgər nəzarətin gücləndirilməsi təmin olunacaq, sosial-iqtisadi inkişaf sürətləndiriləcək və insanlar bu işə daha yaxından cəlb olunacaqlarsa, bunun nəyi pisdir?”

T.Rzayev yeni dəyişikliyin büdcəyə ziyan vuracağı ilə bağlı rəylərə də münasibət bildirdi. Bu cür fikirlərlə razılaşmadığını deyən deputatın sözlərinə görə, əslində, burada büdcəyə heç bir ziyan dəymir: “Bunlar daxili büdcə hesabına, şəhər icra hakimiyyətinin, rayon icra hakimiyyətinin hesabına ödənilən xərclər olacaq. Qanunda nəzərdə tutulur ki, rayon bölgüsü olmayan şəhərlərə büdcədən müəyyən maliyyə vəsaiti artırılsın. Bilirsiniz, biz idarəetməni xalqa yaxınlaşdırmalı, adamlara daha yaxın olmalıyıq. Ona görə də mən istərdim ki, bu qanunun mahiyyəti, əhəmiyyəti düzgün qiymətləndirilsin və yeri gələndə əhaliyə bu barədə lazımi izahatlar verilsin”.

“Bu, çox mühüm bir idarəetmə islahatıdır”

Deputat Zahid Oruc qanuna edilən dəyişikliyi əhəmiyyətli dəyişiklik adlandırdı. Onun sözlərinə görə, həqiqətən, elə ərazilərimiz var ki, orada yaşayanlarla yaxından əlaqə saxlamaq, onların hər hansı problemlərini həll etmək mümkün olmur: “Bu mənada idarəetmə strukturlarını vətəndaşa yaxınlaşdırmaq xətti seçilir. Əslində, bu, çox mühüm bir idarəetmə islahatıdır. Lakin mən diqqəti ona yönəltmək istəyirəm ki, 2009-cu ildə referendumda Konstitusiyaya çox mühüm bir dəyişiklik edildi, Prezident Aparatı Administrasiyaya çevrildi. Bu, öz-özlüyündə fərqli bir struktur deməkdir. Əlbəttə ki, orada müəyyən dəyişikliklər baş verib və qanuna edilən dəyişiklikdən sonra Azərbaycanın inzibati ərazi vahidlərində də bu islahata çox ciddi ehtiyac var”.

Z.Oruc qeyd etdi ki, bizdə bir çox məfhumlar keçmiş sovet dövrünün elementləridir və onlardan imtina etməliyik: “Məsələn, komissarlıqlar elə bunun bir nümunəsi idi. Biz sovet komissarlarından imtina elədik. Bu bir xidmət qurumuna çevrildi. Mən çox istərdim ki, biz “rayon” sözündən imtina etməyə hazırlaşdığımız bir zamanda elə bəri başdan “sahə” kimi rus düşüncəsindən gələn bir məfhumu da qəbul etməyək. İlçə, məhəllə, buna bənzər başqa sözlərdən istifadə edək. Allaha şükür, toponimiya sahəsində bizim o qədər peşəkar mütəxəssislərimiz var ki, ad yaratma üzrə ixtisaslaşanlarına müraciət edək və onların köməyi ilə daha uğurlu bir söz seçək. Bu, sadəcə, bir addəyişmə məsələsi deyil, ərazi vahidlərinin milliləşdirilməsi yolunda çox mühüm addım olardı.

Kim bu məfhumların, adların elə-belə şərti mahiyyət daşıdığını düşünürsə, çox səhv edir. Bunların psixologiyada, düşüncədə çox böyük önəmi var. Məsələn, mənim doğulduğum kənd Əli İsmayıl adlanıb. Onun sonrakı adını mənəvi cəhətdən həzm eləmək mənim üçün çox çətindir. Ona görə mən qanunvericilik təşəbbüsü hüququ subyektlərindən bu məsələyə bir daha baxılmasını arzulayıram. Amma sistem kimi normaldır və parlamentdə də lehinə səs vermişəm”.

Həbibə ABDULLA