AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İdarəetmə sistemində təkmilləşmə iqtisadi inkişafın dayanıqlılığının əsasıdır

İdarəetmə sistemində təkmilləşmə iqtisadi inkişafın dayanıqlılığının əsasıdır

Cəmiyyət
09 Avqust 2020, 10:30 250
Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar Azərbaycana ən islahatçı ölkə imicini qazandırmaqla yanaşı, davamlı iqtisadi inkişafı təmin edib. Dövrün, zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün əsas yaradır. Təkcə 2019-cu ildən bu günə qədər həyata keçirilən struktur islahatlarına diqqət yetirsək, bu addımların idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına, yeni çağırışlara uyğunlaşmağa nə kimi yol açdığını aydın görərik. Struktur islahatlarının faydalarından biri də ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da keçirdiyi videoformat şəklində müşavirədə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinin prioritetliyini önə çəkərək dövlət şirkətlərinə və müəssisələrinə həlli vacib tapşırıqlarını çatdırdı. Prezident vurğuladı ki, bu tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməlidir. Qarşıya qoyulan əsas tələblərdən biri bu oldu ki, dövlət şirkətlərinin işində yeni idarəetmə sistemi qurulmalıdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev həmin müşavirədə bu əminliyi də ifadə etmişdir ki, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya, həm də postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq.

"Azərbaycan son 17 ildə öz investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyub," – deyən Vüqar Rəhimzadə bildirib ki, bu müddətdə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizdə mövcud sabitliyin və əlverişli biznes mühitinin göstəricisidir. Prezident İlham Əliyevin 2020-ci il 7 avqust tarixli Fərmanı əsasında dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da dövlətimizin bu istiqamətdə dərinləşdirilmiş islahatlar paketinin əsas tərkib hissəsi kimi dəyərləndirilməlidir. İslahatların təkmilləşdirilməsi həm dövlət xərclərinin azaldılmasına, həm də vəsaitlərdən daha səmərəli istifadə etməklə fəaliyyətin təkmilləşdirilməsinə geniş imkanlar yaradacaq. Fərmanda qeyd edildiyi kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı üçün möhkəm zəmin yaradılıb.

İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımların davamlı olaraq atıldığını bildirən baş redaktor deyib: "11 istiqaməti özündə birləşdirən Strateji yol xəritələri də 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı əhatə edib. Məqsəd yenə də iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluq səviyyəsinin və rifahının daha da yüksəldilməsidir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Prezidentinin atdığı bütün addımlarda dövlətimizin daha da gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması prioritet istiqamət təşkil edir. Dövlətimizin başçısı daim bu çağırışı edir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Bütün dövlət məmurları xalqa xidmət etməli, onların qayğıları ilə yaşamalıdırlar.

Baş redaktor bütün dövlətlərin koronavirus infeksiyasının ağır sosial və iqtisadi fəsadlarını yaşadığı bir dövrdə Azərbaycanın yeni inkişaf modeli ilə diqqət mərkəzində olmasını möhkəm bazanın mövcudluğu ilə əsaslandıraraq bildirib ki, ölkəmizin dayanıqlı inkişafı göz qabağındadır. Bu fikir beynəlxalq səviyyədə də etiraf olunur ki, kasıb yox, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycan hər zaman idarəçilik sistemində yenilikləri, imza atdığı yeni-yeni layihələri ilə liderliyini qoruyub. "ASAN Xidmət”, "ABAD”, "DOST” kimi bütün dünyaya səs salan layihələr də Azərbaycanın idarəetmə sistemindəki yeniliklər sırasındadır.

Dövlət İnvestisiya Holdinqinin yaradılmasını idarəetmə sahəsində növbəti yenilik kimi dəyərləndirən Vüqar Rəhimzadə deyib: "Belə bir qurumun formalaşması nəticəsində dövlət müəssisələrinin fəaliyyəti təkmilləşdiriləcək, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək, qabaqcıl korporativ idarəetmə prinsipləri tətbiq olunacaq, idarəetmə strukturları və konsepsiyaları modernləşdiriləcək. Səmərəliliyin artırılması dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycanın dövlət müəssisələri xarici bazarlara çıxdıqca və xaricdə fəaliyyətlərini genişləndirdikcə rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər bu müəssisələrin ixrac potensiallarının artmasına töhfə verəcək”.