• cümə, 29 Mart, 14:06
  • Baku Bakı 14°C

İctimaiyyət nümayəndələri AzMİU-da imtahanların gedişini işləyib

14.06.17 17:15 1239
İctimaiyyət nümayəndələri AzMİU-da imtahanların gedişini işləyib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2016-2017-ci tədris ilinin yaz semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib. Mediaturda universitetin rəhbərliyi, Mİlli Məclisin üzvləri Aydın Mirzəzadə, İlham Məmmədov, Şahin İsmayılov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, təhsil ekspertləri Əjdər Ağayev və Nadir İsrafilov, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev, Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Nİftiyev, Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və digər KİV nümayəndələri iştirak edib.
Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib və bildirib ki, əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Son illərdə universitetdə imtahanların yazılı qaydada tətbiqinin müsbət nəticə verdiyini, gənclərdə yazı vərdişlərinin formalaşdırılması, məntiq və təfəkkürün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb. G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir.
Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: "Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarına möhürlənmiş şəffaf qutular yerləşdirilib”.
Mediaturdan sonra iştirakçılar imtahanların gedişini canlı izləmək üçün universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda onlar Memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini də izləyiblər, gənc memarların, dizaynerlərin əl işlərindən ibarət sərgiyə də baxıblar.
Mediatur başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.


banner

Oxşar Xəbərlər