AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İctimai Palatanın seçkiyə vahid namizədlə getməyəcəyi dəqiqləşdi

İctimai Palatanın seçkiyə vahid namizədlə getməyəcəyi dəqiqləşdi

Siyasət
08 Yanvar 2013, 10:49 1420
Gözlənildiyi kimi İctimai Palata (İP) seçkilərə vahid namizədlə gedə bilmədi. İP Koordinasiya Şurasının (KŞ) bir müddət öncə qəbul etdiyi memorandumda prezident seçkisində vahid namizədlə iştirakın vacibliyi göstərilsə də, bu qurumun əsas həmtəsisçilərindən olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi (AXC) partiyaları arasındakı fikir ayrılığı buna mane oldu. Bir-birinə güzəştə gedə bilməyən, şəxsi və qrup mənafelərini üstün tutan müttəfiqlər ayrı-ayrılıqda özlərini şanslı namizəd kimi gözə soxmağa can atdılar. İlk öncə AXCP sədri Əli Kərimli müxalifətin ümumi namizədi kimi məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bəyan etdi. Onun bu fikrini AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da dəstəkləyərək, ictimaiyyətinin tanınmış üzvləri tərəfindən Ə.Kərimlinin müxalifətin lideri, vahid namizədi kimi qəbul edildiyini vurğuladı. Tərəfdaşlarına mesaj xarakteri daşıyan bu fikirlərə AXCP-yə yaxınlığı ilə seçilən siyasi təşkilatlar da mövqe bildirdilər. Millətçi Demokrat Partiyasının (MDP) sədri, İP KŞ-nın üzvü Qələndər Muxtarlının, həmçinin başqalarının da gələcək mübarizənin önündə gedə biləcək ən real namizədin Ə.Kərimli olduğunu söyləməsi Müsavat Partiyasını (MP) təcili hərəkətə keçirdi.

Azərbaycan cəmiyyətində, xüsusən də müxalif düşərgədə öz mövqeyinin zəiflədiyini hiss edən Müsavat başqanı İsa Qəmbər, gələcəkdə İP-nın vahid namizədinin Ə.Kərimli olmasından ehtiyatlanaraq qabaqlayıcı tədbirlərə əl atdı. Müsavat Divanının prezident seçkilərində iştirakla bağlı tövsiyələrini məqsədəuyğun hesab edən partiyanın Məclisi İ.Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinə qərar verdi. Məclisin qərarını dərhal qəbul edən Müsavat başqanı seçkilərdə qalib gələcəyi barədə tərəfdaşlarına mesaj verməyi də unutmadı. Beləliklə də, İ.Qəmbər 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində, hələlik müxalifətin ilk namizədi oldu.
Müsavat sədrinin bu addımını partiya yoldaşları alqışlasa da, qəbul edilən qərarın İP həmtəsisçiləri, xüsusən də AXCP funksionerləri arasında ciddi narazılıqlar yaratdı. Düzdür, yanvarın 5-də MP-nın qərargahında İP-nın cari il üçün keçirilən ilk sessiyasında Ə.Kərimli Müsavat başqanını təbrik etdi, lakin AXCP üzvlərinin mətbuata açıqlamaları onu deməyə əsas verir ki, İ.Qəmbərin son addımı ilə qarşı tərəf heç cür razılaşa bilmir. Buna misal olaraq, AXCP Ali Məclisinin sədri Həsən Kərimovun vahid namizədlə bağlı fikirlərini göstərmək olar. O, MP sədrinin namizədliyini irəli sürməsinə münasibət bildirərkən, Müsavatın qərar verməkdə müstəqil olduğunu söyləyib. Amma, qeyd edib ki, AXCP ilə MP İP-da təmsil olunsa da, onlar arasında müəyyən məsələlərdə fikir ayrılığı var. H.Kərimov AXCP-nin seçkilərdə iştirak edəcək namizədin müəyyənləşdirilməsinə tələsmədiyini dilə gətirib. Deyib ki, AXCP hazırda daha çox seçkiöncəsi mühitin demokratikləşdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və müxalifətin bir mərkəzdə birləşməsi uğrunda mübarizə aparır. Onun sözlərinə görə, bütün bunlar həll edildikdən sonra AXCP də öz namizədini müəyyən edəcək. H.Kərimov prezident seçkilərində Ə.Kərimlinin ən şanslı namizəd olduğunu da diqqətə çatdıraraq, üstüörtülü şəkildə İ.Qəmbərin namizədliyini irəli sürməsinə narazılığını ifadə edib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da İsa Qəmbərin namizədliyinin irəli sürüldüyü Məclisdən bir gün sonra keçirilən İctimai Palatanın sessiyasında etdiyi çıxışda müxalifətin bir neçə namizədlə seçkiyə getməsini cəmiyyət, o cümlədən siyasi fəallar tərəfindən ciddi tənqid olunduğunu bildirib. O, müxalifətin seçkiyə bir namizədlə getməsinə tərəfdar olduğunu bəyan edib. Dünyəvi Bozqurd Partiyasının Siyasi Şurası tərəfindən yayılan bəyanatda da Azərbaycan müxalifətinin birliyinə nail ola biləcək lider kimi Ə.Kərimlinin adının çəkilməsini də İ.Qəmbərə cavab saymaq olar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə - “Biz iradə göstərib, vahid namizədin müəyyən olunmasını təkcə İctimai Palata çərçivəsində deyil, daha geniş çərçivədə həll etməliyik. Ən sevdiyimiz lideri deyil, ən çox şansı olan lideri vahid namizəd etməliyik” - deməklə, əslində İ.Qəmbərin tələm-tələsik, müttəfiqləri ilə razılaşmadan öz namizədliyini irəli sürməsinə etiraz edib.

Bütün bunlar onu göstərir ki, demokratiya, obyektivlik, şəffaflıq və sair barədə danışanlar, öz aralarında nəinki həmrəy olmağı, hətta söylədiklərinə riayət etməyi də bacarmırlar. Nə İ.Qəmbər AXCP sədrinə, nə də Ə.Kərimli Müsavat başqanına vahid namizəd məsələsində güzəştə getmək istəmir. Bu mənada hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun fikirləri də maraqlıdır. O, deyib ki, MP Məclisinin son qərarı İ.Qəmbərin müxalifətin vahid namizədi kimi qəbul olunmadığını bir daha sübut edib. Millət vəkilinin sözlərinə görə, İ.Qəmbəri Azərbaycan müxalifətində heç bir partiya, heç bir ictimai qurum vahid namizəd kimi qəbul etmir.

Rufik İSMAYILOV