AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İctimai nəqliyyatda etika gözlənilirmi? - Polemika

İctimai nəqliyyatda etika gözlənilirmi? - Polemika

Gənclik qəzeti
28 Oktyabr 2014, 11:06 1717
Şərq ölkələrində, həmçinin Azərbaycanda ictimai nəqliyyatda qadınlara, qızlara, yaşlılara, uşaqlılara yer verilməsi təqdir edilsə də, bir sıra Avropa ölkələrində və Amerikada belə bir ənənəyə qəribə baxırlar. Sosioloqlar hesab edirlər ki, tarixən hörmət, diqqət əlaməti kimi dəyərləndirilən bu davranışa son illər bəzi yeniyetmələr tərəfindən əməl edilmir. Belə ki, bu gün ictimai nəqliyyatda yaşlılara və qadınlara yer verilməməsi artıq adi hal alıb. Gənclər sözügedən mövzuyla bağlı nə düşünürlər?

“Mini yubka geyməliyəm ki, yer verəsən?”
Famil Fərhadoğlu, jurnalist

Familin fikrincə, ictimai nəqliyyatda hər kəs öz mədəniyyətini nümayiş etdirir: “Azərbaycanda adət-ənənələrimizlə əlaqədar yazılmamış qanunlarımız var. Belə təqdirəlayiq ənənələrdən biri də ictimai nəqliyyatda kiçiklərin özündən yaşca böyüklərə yer verməsidir. Bu ənənə bizim ölkədə təqdir olunsa da, Avropa ölkələrində heç də bu məsələyə yaxşı yanaşılmır. Orada yaşca böyüklərə yer vermək onların təhqir edilməsi kimi anlaşılır. Yer verilən insan özünü yaşlı hesab etmədiyindən bu hərəkət ona xoş gəlmir”.
Müsahibimiz hesab edir ki, azərbaycanlılara məxsus bu xüsusiyyət əxlaqi dəyərdir: “İstər bir insanın özündən böyüyə yer verməsi, istərsə də kişilərin həm böyüklərə, həm də qadınlara yer verməsini yalnız alqışlamaq olar. Amma təəssüflər olsun ki, bəzən avtobusda şahidi oluruq ki, cavan oğlanlar özlərini görməməzliyə vurur, orta və yaşlı nəslin nümayəndəsi olan qadınlara yer vermirlər. Ancaq gözəl bir qız avtobusa minən kimi həmin an qalxıb yerlərini ona verirlər. Bu da təbii ki, yaxşı hal deyil. Çünki bu zaman yer xanıma zərif cinsə mənsub olduğuna görə deyil, onun gözəlliyinə, cavanlığına verilir”.
Fərhad düşünür ki, ictimai nəqliyyatda qadınlara, yaşlılara, uşaqlı və fiziki qüsurlu insanlara hökmən yer verilməlidir: “Hətta oğlanlar qızın yaşından asılı olmayaraq yer verməlidirlər. Etik normalara görə, oğlan centlmenlik etməlidir. Sürücülər nəqliyyatı sürətlə sürdükləri yerdə, qəflətən əyləcə basıb avtobusu saxlayırlar ki, bu zaman ayaq üstə dayana bilmək üçün güc tələb olunur. Buna görə oğlanlar öz yaşıdları olan, ya da özlərindən kiçik qızlara da yer verməlidirlər”.
Famil avtobusda sinif yoldaşının başına gələn bir hadisəni də bizimlə bölüşdü: “Sinif yoldaşım avtobusda oturub gedirmiş. Bir neçə dayanacaqdan sonra avtobusa daxil olan yaşlı qadına yer vermir, amma bircə dayanacaq sonra salona daxil olan qıza o dəqiqə yer verir. Bu da təbii ki, yaşlı qadının xoşuna gəlmir və deyinməyə başlayır ki, “a bala, mən də o qız kimi mini yubka geyinməliyəım ki, mənə də yer verəsən?”.

“Yer verməyənin bəlkə problemi var?”
Sona Bayramova, icra nümayəndəliyinin əməkdaşı

Sona deyir ki, böyüklər 8-9 yaşa qədər uşaqlara yer verməlidirlər: “Çünki bu yaşda uşaqların orqanizmi zəif olduğundan ayaq üstə durmaq onlar üçün çətindir. Amma 10 yaşından böyük olanlar artıq özlərindən böyüklərə yer verməlidirlər. Bunu da uşaq vaxtlarından onlara valideynləri aşılamalıdır ki, uşaqları böyüyəndə nəzakətli olsunlar, gözəl ənənəmizi davam etdirsinlər. Bu zaman təqdir olunacaq vərdişlərimiz itməz, tarixin arxivində qalmaz”.
Sonanın fikrincə, cavan oğlanlar yalnız yaşlı qadınlara deyil, cavan qızlara da yer verməlidirlər: “Oğlan və qız məfhumu bir-birindən fərqlənir. Oğlanlar daha möhkəm, qızlar isə daha zəif və zərif olurlar. Buna görə də oğlanlar öz mədəniyyətlərini və dözümlülüklərini ictimai nəqliyyatda da biruzə verməlidirlər. Çünki onlar gələcəyin kişiləri, vətənin keşiyində duran əsgərləri və ailə başçılarıdırlar”.
Müsahibimiz düşünür ki, ictimai nəqliyyatda yalnız kişilər deyil, hər kəs yaşlılara, əli uşaqlılara və hamilələrə yer verməlidir: “Mən avtobusda sadaladığım hər kəsə yer verirəm. Hamilələrə isə qucağımda uşaq olsa belə, yerimi verirəm”.
Sona ictimai nəqliyyatda şahidi olduğu bir hadisəni də bizimlə bölüşdü: “Avtobusla işə gedirdim. Bir-birinin tanışı olan cavan oğlanla qız da məndən qabaqdakı oturacaqda əyləşmişdilər. Dayanacaqda 2 orta yaşlı qadın avtobusa mindilər. Qız durub qadınlardan birinə yer verdi. Ayaq üstə qalan digər qadın oturacaqdan tərpənməyən oğlanın arxasınca, daha doğrusu, elə üzünə xoşagəlməz ifadələr işlətməyə başladı. Axırda yer verən qız özünü saxlaya bilməyib əsəbi şəkildə qadına oğlanla bir yerdə olduqlarını bildirdi və qeyd etdi ki, “mən yer verdim, yanımdakı durmadısa, deməli bir problemi var. Alnına yapışdırmalıdır ki, ayağı gipsdədir?”.
Sonanın sözlərinə görə, belə bir hadisəylə iki dəfə qarşılaşıb: “Bir dəfə də orta yaşlı qadına yer verməyən oğlanı metrodakılar o qədər danladılar ki, oğlan axırda durub yerini qadına verdi. Oğlan ayağa qalxanda bəlli oldu ki, əlildir, axsayır”.
Sözügedən hadisələrdən təsirləndiyini deyən müsahibimiz deyir ki, bu hadisələrdən nəticə çıxarıb: “O vaxtdan özündən yaşlılara yer verməyənləri qınamağa qorxuram. Düşünürəm ki, bəlkə hansısa problemi var və ayaq üstə dayana bilmir”.

“Yer vermək hər kəsin öz işidir”
Ceyhun Məmmədzadə, tələbə

Ceyhun isə özündən böyüklərə yer verilməsinə normal yanaşsa da, düşünür ki, cavan oğlanların cavan qızlara yer verməsinə ehtiyac yoxdur: “Çünki hər ikisi gənc olduğuna görə ayaq üstə dayanmağa gücləri var. Oğlanlar da dərsdən, işdən sonra yorğun ola bilər. Düşünmürəm ki, oğlan hər cavan qız görən kimi ayağa qalxıb yerini ona verməlidir. Oğlanların da oturmaq haqqı var. Yaxud ola bilər, kimsə yaşda səndən böyükdür, amma onun da ayaq üstə durma gücü səninki qədərdir. Burada özündən böyük deyəndə, söhbət birbaşa özündən böyükdən getmir. Məncə, yaşlı, uşaqlı insanlara yer vermək lazımdır. Kimsə özündən 5-6 yaş böyüyə yer vermirsə, bu, o demək deyil ki, ənənə pozulub. Keçmişdən gələn ənənəmiz o zaman ciddi şəkildə pozula bilər ki, yaşlılara, uşaqlı qadınlara və ya kişilərə, balaca uşaqlara oturmaq üçün şərait yaradılmasın. Amma mənə elə gəlir ki, bu şərait yaradılır”.
Ceyhun ictimai nəqliyyatda qarşılaşdığı bir neçə faktı da oxucularımızla bölüşdü: “Bir dəfə cavan oğlan oturmuşdu və yaşlı kişi ayaq üstə qalmışdı. Bu zaman kənardan bir xanım oturan oğlana yaşlı kişiyə yer verməsini tələb etdi, lakin cavan oğlan yer verməkdən imtina etdi. Sonda mübahisə düşdü. Amma mən o qadını qınayıram. Çünki yer vermək hər kəsin öz işidir və öz insanlığına qalıb, başqasına aidiyyatı yoxdur ki, həmin adam durub özündən böyüyə yer verəcək, ya yox. Bir dəfə də dostumla oturduğumuz yerdə yaşlı bir kişi gəlib dostumu yerindən qaldırıb özü oturdu”.

Yağmur MƏMMƏDLİ