AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İcra başçısı övladları ilə bağlı təkzib verdi

İcra başçısı övladları ilə bağlı təkzib verdi

11 Oktyabr 2012, 17:18 1184
“Son günlər bəzi kütləvi informasiya vasitələrində Lənkəran rayonu ilə bağlı yalan və böhtan xarakterli məlumatlar yayılmaqdadır. Məlumatlarda guya rayon icra hakimiyyəti tərəfindən tender keçirilmədən abadlıq işlərinin bir qisminin aparılmasının icra başcısının oğluna həvalə edilməsi, hətta bununla bağlı metlax sexinin açılması, icra başçısının məzuniyyətə gedəcəyi ilə əlaqədar məktəb direktorlarından vəsaitin toplanması barədə yazılar öz əksini tapıb.
Bununla bağlı bildiririk ki, respublikamızın digər bölgələri kimi, Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Bu işlər həm Lənkəran şəhərində, həm də rayonun qəsəbə və kəndlərində görülür”. “Azadinform”un məlumatına görə, bu barədə Lənkəran rayon İH-dən son günlər mətbuatda gedən yazılara münasibət bildirilərkən deyilib.

Qeyd olunur ki, şəhərdə Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının tikintisi başa çatdırılıb, Gənclər Mərkəzinin tikintisinə başlanılıb, küçələrdə asfaltlanma işləri aparılıb, suötürücü kanallar, kollektorlar müxtəlif tullantılardan, alaq otlarından təmizlənib, park və bağlar abadlaşdırılıb: “Prezident İlham Əliyevin Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə sərəncamına əsasən, abadlıq və binaların təmiri işlərinin görülməsi üçün keçirilmiş açıq tenderdə qalib gəlmiş “Gold Construction” MMC tikinti təşkilatı təsdiq olunmuş proqram-layihə üzrə nəzərdə tutulmuş işlərin icrasına başlayıb. Artıq şəhərdə magistral yollar boyunca ağ laylarla örtülmüş milli ornamentli istinad divarları hörülüb, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunub, üzlük çəkilib, küçələrdə divar və hasarlar suvaqlanıb, rənglənib, asfaltlanma işləri aparılıb. Şəhər küçələrində müasir elektrik işıqlandırıcıları quraşdırılıb, səkilərə tamet plitələri döşənib, Şəhidlər Xiyabanı küçəsi əsaslı şəkildə yenidən qurulub, piyada keçidləri, səkilər bərpa olunub və qəzalı vəziyyətdə olan körpünün yerində yenisi tikilib. Heydər Əliyev xatirə parkının yenidən qurulması, Zərifə Əliyeva küçəsində uşaq əyləncə mərkəzinin tikintisi və həmin ərazidə yaşayış evlərinin divarlarının təmir-bərkitmə işlərinin görülməsi və dam örtüklərinin dəyişdirilməsi işləri davam etdirilir”.

Bundan başqa, Prezidentin Şürük-Vel-Qamışovka avtomobil yolunun yenidən qurulması ilə bağlı verdiyi sərəncama əsasən keçirilmiş açıq tenderdə qalib gəlmiş Lənkəran Yol Tikinti ASC təşkilatı tərəfindən 28 min nəfər əhalinin yaşadığı və 16 yaşayış məntəqəsini birləşdirən Şürük-Vel-Qamışovka avtomobil yolunun yenidən qurulmasına başlanıb.

Nazirlər Kabinetinin 2012-ci ildə yol tikintisi ilə bağlı verdiyi sərəncama əsasən keçirilmiş açıq tenderdə qalib gəlmiş Lənkəran Yol Tikinti ASC təşkilatı tərəfindən 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Vivan-Osakücə-Türkəncil avtomobil yolu tamamilə yenidən qurulub, 16,5 km-lik hissəsinə isti asfalt, qalan hissəsinə çınqıl döşənməklə yol xeyli genişləndirilib və çətin təbii şəraitdə çəkilən bu yol üzərində Nəqliyyat Nazirliyi tərəfindən 2 yeni avtomobil körpüsü və digər suötürücü qurğular tikilib.

Bunlarla yanaşı, şəhərdə qəzalı vəziyyətə düşmüş yaşayış evinin sakinləri üçün 24 mənzilli yeni binanın, Vilvan kəndində 640 şagird yerlik təzə məktəbin tikintisi, şəhərin və rayonun su-kanalizasiya sisteminin yenidən qurulması, mərkəzi xəstəxananın əsaslı təmiri, şəhərin, qəsəbə və kəndlərin qazlaşdırılması, məktəblərin və uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilir. İcra hakimiyyətindən qeyd olunub ki, bütün bu işlər qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilir: “Yazılarda göstərilən digər məlumatlarla əlaqədar bildirilir ki, Taleh Qaraşov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olarkən ən böyük övladının 15 yaşı olub və nə o vaxt, nə də indi metlax sexi olmayıb. İcra başçısının övladları, ümumiyyətlə, nə Lənkəranda, nə də digər bir yerdə hər hansı tikinti işləri ilə məşğul olmayıblar. Bu cür əməllər Lənkəran Şəhər İcra Hakimiyyətinin iş prinsiplərinə və xidməti mövqeyinə yaddır. Bir daha təəssüf edirik ki, bəzi kütləvi informasiya vasitələri faktları dəqiqləşdirmədən, qarşı tərəfin fikrini soruşmadan yalan və böhtan xarakterli informasiyalar yaymaqla tamamilə şəffaf şəkildə görülən işlərə kölgə salmağa cəhd edir”.