• cümə axşamı, 25 aprel, 17:58
  • Baku Bakı 23°C

“İçi ilə çölü bir olan adamam”

26.12.19 10:00 802
“İçi ilə çölü bir olan adamam”
Röya Ayxan: "Həyatın bütün çətin tərəflərini görmüşəm”

Dekabrın 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət xadimlərinə mükafatlar təqdim edildi. Prezidentin sərəncamı ilə Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya "Xalq artisti” fəxri adları verilib. Mədəniyyət naziri Əbülfəs Qarayev Röya Ayxana mükafatı təqdim edərkən onu "dövlət tədbirlərində canla-başla iştirak edən, nəinki paytaxtda, eyni zamanda bölgələrdə də keçirilən tədbirlərdə zəngin repertuarla çıxış edən, hər kəsin sevimlisi” kimi təqdim etdi. Röya Ayxanın əməyini yüksək qiymətləndirdiyini dilə gətirən nazir, onun yaşlı və gənc nəslin sevimlisi olduğunu vurğuladı. İfaçı təqdimatdan sonra uzun müddətdir ki, bu günü gözlədiyini və "Xalq artisti” fəxri adının onun üçün şərəf olduğunu bildirdi.
Röya Ayxan ilk təəssüratlarını "Kaspi”yə bölüşdü.
- Röya xanım, sizi təbrik edirik. Təəssüratlarınızı eşitmək istərdik.
- Çox sevincliyəm. Bu gün dövlət başçımız tərəfindən mənimlə bərabər fəxri ada layiq görülən sənət yoldaşlarımı və sənətkarlarımızı da öz adımdan təbrik edirəm. Bir nəfərin uğuru hamının uğuru deməkdir. Bu mükafat bizə oturduğumuz yerdə təqdim edilməyib. Bu gün fəxri ada layiq görülən insanlar da mənimlə birlikdə çiyin-çiyinə çalışdılar və öz layiqli adlarına qovuşdular. Təbii ki, bu yolda mən tək deyildim. Çalışdığım komanda, mətbuat, televiziya, elə mədəniyyət nazirliyin özündə işləyən gənc insanlar var ki, onlar məni elə bu sənətə yeni başlayandan dəstəkləyiblər, uğurlarıma seviniblər. Bu gün isə mənim Röya olmağımda əməyi olan həmin insanların, əzizlərimin gözlərində sevinc hissini görürəm. Bu gün cənab Prezidentimiz İlham Əliyevin doğum günüdür. Belə gözəl bir
günü bayram kimi qeyd edirik. Bu gün, biz dövlət başçımızı təbrik etməkdənsə, Prezidentimiz bizlərə hədiyyə etdi. Xalq artisti fəxri adı ilə bizi təbrik etmiş oldu. Hər kəsə uğurlar arzulayıram, belə bir tarixi yaşadığım üçün çox sevinirəm. Bu gün belə insanlarla birlikdə bura gəldim və möhtəşəm gündə, Prezidentimizin doğum günündə, Azərbaycan incəsənətində öz adlarını qızıl hərflərlə yazdıran bu cür sənətkarlarla birlikdə fəxri ada layiq görüldüm. Əlbəttə ki, bu, məni çox sevindirir. O insanlarla eyni tarixi yaşadığım üçün Allahıma şükür edirəm.

- "W-trio” qrupunda oxumağa başlayan Röya bir gün xəyal edərdimi ki, nə vaxtsa Xalq artisti adına layiq görülər və bu pilləyə qədər gəlib çıxar?
- Elə uşaq yaşlarımdan deyirdim ki, hansı sənəti seçirəmsə seçim, o yöndə ya ən birinci olacağam, ya da heç kim. Əgər bir işi əlimə alıramsa, o sahədə 10 nəfərdən biri olacağam, ya da heç vaxt o sənətdə çalışmayacağam. Mənim həyatımda çox şeylər baş verib. Yaşadıqlarıma rəğmən, sənətimdən imtina etməmişəm. Bu vaxta qədər həm yaşlı, həm də gənc nəsillə çalışmışam. Həyatın bütün çətin tərəflərini görmüşəm. Ancaq heç vaxt "bu, mənə lazım deyil” deyib, ümidsizliyə qapılmamışam. Var gücümlə sənətimdən yapışmışam. Əgər hədəfiniz böyükdürsə, heç vaxt tükənməyin, tutduğunuz yolda yorulmayın. Heç kim sizi ruhdan salmasın. Özünüzü, qəlbinizin səsini dinləyin. Həyatda küsəyən olmayın. Hərdən mənə deyirdilər ki, filan müğənnin o qədər də nailiyyəti yoxdur, ancaq onu fəxri ada layiq görüblər, səni isə yox. Mən heç vaxt belə məsələlərə önəm verməmişəm. O sözü mənə deyənlərə isə cavabım "mən sənətim üçün çalışıram” olurdu. Bunu tamaşaçılarım üçün edirəm, ada görə deyil, olmasa, olmayacaq. Mənim üçün hər zaman önəmli olan, xalqın sevgisidir. Bu gün xalqın sevgisi xalqa qovuşdu. Öz adına qovuşdu (yaxasındakı medalı göstərir - X.R). İnsan bir şeyi istədikdə, onu arzuladıqda arzusunda doğru çətinliklərə dik baxdıqda addımladıqda,
mütləq istədiyinə nail olur. Yetər ki, istəyində səmimi ol və hər şeyi Allahdan sidq ürəklə istə.
- Arzunuza çatdıqdan sonra Röya Ayxan dəyişəcəkmi?
- İçi ilə çölü bir olan adamam. Əgər bu gün belə mötəbər bir mükafata layiq görülmüşəmsə, bu o demək deyil ki, mən dəyişməliyəm. Yəni Röya Ayxan üçün bu mükafatı aldıqdan sonra da heç nə dəyişməyib. Onsuz da yaş öz sözünü deyir. Yaratmaq üçün yaşamaq, yaşamaq üçünsə mübarizə aparmaq lazımdır. Sənətimi sevirəm və bu sənətdə əziyyət çəkən hər bir insana "bir gün layiq olduğunuz diqqəti görəcəksiniz” deyirəm. Məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən bütün dostlarıma, media dostlarıma və məni mən edən hər kəsə, mahnılarımla ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Bu adı mənə deyil, onlara təqdim ediblər. Xalq artisti adı mənə bu sevgiyə görə verilib. Mən dövlət başçımıza təşəkkür edirəm. Eyni zaman Mehriban xanıma da təşəkkür edirəm. Mənimlə birgə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın olsun. Allah heç kimin əziyyətini yerdə qoymur. Mənim də əziyyətim yerdə qalmadı.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər