• şənbə, 20 Aprel, 15:07
  • Baku Bakı 23°C

İcevandakı etirazlar Paşinyan üçün ciddi siqnaldır

23.07.19 18:03 17101
İcevandakı etirazlar Paşinyan üçün ciddi siqnaldır
İcevanda baş verən qarşıdurma Ermənistanın inqilabçı hakimiyyətində ciddi narahatlıqlara səbəb olub. Xüsusən də kütləvi etirazın baş nazirin doğulduğu yerdən başlaması ölkədə ciddi təşviş yaradıb. Yayılan xəbərlərə görə, Ermənistan Xüsusi İstintaq Komitəsi İcevanda baş verən toqquşmalarla bağlı cinayət işinin istintaqını davam etdirir. Artıq 13 nəfərə qarşı cinayət işi qaldırılıb. 10 nəfərdən heç yerə getməmək barədə iltizam alınıb.
"eadaily.com.ru” saytı da yazır ki, İcevanda baş verən hadisə ötən həftənin ən rezonanslı hadisəsi oldu və "məxməri inqilab”dan sonra ilk dəfə idi ki, hakimiyyət sərt tədbirlərə əl atmalı oldu. "İcevan hadisələrinin yeganə səbəbi regionlardakı ağır sosial-iqtisadi vəziyyət və əhalinin bu səbəbdən ağacları kəsməyə məcbur olması ilə bağlı deyil. Hadisələrin baş vermə səbəblərindən biri yeni hakimiyyət orqanlarının qanunlara olan biganə münasibətidir. Söhbət polisə hücum edən "Sasna Çrer” qruplaşması üzvlərinin azadlığa buraxılmasından, polisləri döyənlərə reaksiya verilməməsi, cərimələrin amnistiyası və s-dən gedir. Üç il bundan əvvəl "sasna çrer”çilərin polisləri öldürməsi barədə cinayət işinə xitam verilib. Hətta terror qruplaşmasının üzvləri azadlığa buraxılıb. Məhz həmin hadisələrin növbəti ildönümündə İcevanda hadisələr başladı. Tək İcevanda deyil, Tavuş əyalətində də sakinlər yolları bağladılar. Bütün bunlar ona gətirib çıxardı ki, polis və qanuna ümumiyyətlə hörmət tamam aradan qalxıb. Lakin məsələ belədir ki, hazırkı halda nə baş nazir, nə də hökumət geri çəkilmək fikrindədir. Polisə hücum edən şəxslərin həbsi, Tavuşda həddən artıq polis qüvvələrinin saxlanılması, postların artırılması bu qənaətə gəlməyə əsas verir. Ən əsası, prosesə Milli Təhlükəsizlik Xidməti də cəlb edilib. Bütün bu proseslərdə hər şey qeyri-qanuni biznesin əsl sahiblərinin üzə çıxarılmasından asılı olacaq”, - deyə müəllif yazır.
Daha sonra müəllif qeyd edir ki, İcevan hadisələrinin əsas nəticələrindən biri yerlilərinin Paşinyanı çətin və mürəkkəb seçim qarşısında qoymasıdır: "Artıq İcevandan sonra baş nazir onun reytinqinə ciddi təsir edə biləcək hadisələrdən qaçmağa çalışır. Baş nazir anlayır ki, sərt addımlar bəzi hallarda onun reytinqinə ciddi təsir edir”. Müəllif sonra başqa bir məsələyə toxunur. Bildirir ki, artıq MTX rəhbəri Artur Vaneçyan da İcevanda olub: "Onun səfəri özlüyündə bir sıra mesajları çatdırmaq məqsədi güdür. Bu ilk növbədə onu deməyə əsas verir ki, hakimiyyət İcevanda baş verənlərə ciddi yanaşır. Artur Vaneçyanın səfəri faktiki olaraq onu deməyə əsas verir ki, baş verənlərin miqyası və mahiyyəti təsəvvür edildiyindən də ciddi ola bilər”.
Hüquq-müdafiəçisi Artur Sakunts isə belə bir sualla çıxış edir: "Əgər İcevan hadisələri ilə Milli Təhlükəsizlik Xidməti məşğul olursa, bu o deməkdir ki, polisə etibarla bağlı problem yaranıb? Əgər belədirsə, onda polis nəyə lazımdır? Bu qurumu MTX ilə birləşdirmək lazımdır. Ötən gün İcevana 50-dən artıq avtobusla polis əməkdaşları gətirilib. Onların hamısına rəhbərliyi MTX həyata keçirir”.
Siyasi xadim və politoloq Anuş Sedrakyan isə hesab edir ki, bu gün Ermənistan parçalanıb: "İki qrup var. Onlardan biri üçün hər şey yaxşıdır, digəri üçün isə fəlakət. Ortada isə sakit və hələ gözləmə mövqeyində olan seqment dayanıb”. "1in.am”da dərc olunan başqa bir məqalədə bildirilir ki, İcevanda baş verən hadisələr fonunda internet və media sahəsində ən müxtəlif fikirlər geniş yayılır.
Siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan yaranmış vəziyyəti belə şərh edib: "İcevanda baş verən hadisələrin kökü həddən artıq dərindir və buna təkcə elementar bir aydınlıq gətirmək gərək deyil. İlk növbədə kimin bu hadisələrə səbəb olması araşdırılmalıdır. Bu, ciddi sosial problemdir. Bir ildən artıqdır ki, yeni hakimiyyət ölkəni idarə edir. Bu müddət ərzində Ermənistana, o cümlədən İcevana investisiyaların cəlb edilməsi istiqamətində hər hansı bir addım, səy göstərilməyib. Belə bir addım meşələri qıran insanları işlə təmin edə bilərdi”. Fikirlərini davam etdirən ekspert qeyd edib ki, baş nazir yeni iş yerlərinin açılacağından bəhs edir: "Deyir ki, gedin oxuyun və ali təhsil alın. Lakin iş yerlərinin açılması ilə bağlı konkret şərait yaradılmayıb. Aydındır ki, insanların çıxış yolu yoxdur və onlar da ailələrini dolandırmaq üçün bu addımlara əl atırlar. Lakin biz bilirik ki, insanlar bu işləri cinayətkar biznes çərçivəsində edirlər. Problemin həll yollarından biri iş yerlərinin açılması idi ki, onu da etmədilər. Diqqəti tək bir fakta yönəldək. Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb. Cari il iyunun 1-nə Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib”.
Belə bir mürəkkəb vəziyyətdə Ermənistanın yeddi siyasi partiyası ölkədəki vəziyyətlə bağlı bəyanat yayıb. "News.ru” yazır ki, bəyanatda bildirilir: "Hazırkı siyasi hakimiyyət xalq hakimiyyəti və korrupsiya ilə mübarizə adı altında Ermənistanın məhkəmə-hüquq sistemində mövcud olan və illərlə yığılıb qalmış problemləri bəhanə edərək, əslində radikal addımlar atmağa başlayıb – məhkəmə hakimiyyəti büsbütün ələ keçirilir. Hakimiyyət bir siyasi qüvvənin əlində cəmləşməməlidir, buna görə də məhkəmələrə və hakimlərə istənilən təzyiq cəhdi yolverilməzdir”. Qeyd olunur ki, hakimiyyətin çağırışı ilə məhkəmələrin girişinin bağlanmasına yol vermək olmaz, eyni zamanda hazırkı hakimiyyətin siyasi maraqlarına xidmət edən Konstitusiya məhkəməsinin qurulması yolverilməzdir. Bəyanatı "Azadlıq”, "Milli gündəlik”, "Əriklər ölkəsi”, Ermənistan demokrat, "Daşnaksütun”, "Ramkavar Azatakan” və "Bir Ermənistan” partiyaları imzalayıblar.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər