• cümə, 19 Aprel, 23:54
  • Baku Bakı 24°C

İcazə saytı yüklənməyə tab gətirəcək?

03.04.20 16:04 1776
İcazə saytı yüklənməyə tab gətirəcək?
Mütəxəssis deyir ki, yüz minlərlə insanın eyni anda müraciət etməsi gözlənilirsə, o sistemləri əvvəlcədən sağlam testdən keçirmək lazımdır

Bu gündən etibarən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının "icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları da portalda yerləşdirməlidirlər.
Eyni zamanda ayın 5-dən etibarən isə vətəndaşların fərdi qaydada evdən çıxmaları yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək.
Bu məlumatlar gündəmə gəldiyində, müxtəlif suallar ortaya çıxdı, sistemin effektiv işləməyəcəyi ilə bağlı fikirlər səsləndirildi. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də mövzuya bir cümləlik status həsr etdi: "Ümid edirəm ki, icaze.e-gov.az tab gətirəcək”.
Elə səhər saatlarında sosial şəbəkələrdə saytın sistemində problem yarandığı, yüklənmə olduğu ilə bağlı fikirlərə rast gəlindi.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bu gün keçirilən mətbuat konfransında bu məsələyə də toxunub, bildirib ki, hazırda icaze.e-gov.az saytında yüklənmələr baş verir: "Qeyd edim ki, bu sayt çox qısa müddətdə hazırlanıb. Karantin rejimi ilə bağlı proseslər çox sürətlə baş verdiyinə görə, qısa müddət ərzində bu saytın yaradılması qərarı verildi. Saytın yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, həm dövlət orqanları, həm təşkilatlar rahat şəkildə bu prosesi izləyə bilsinlər. Eyni zamanda nəzarət orqanları da rahat şəkildə analitik təhlilləri sistem üzərindən ala bilsinlər. Lakin saytda yaranan yüklənmələrin əsas səbəblərindən biri vətəndaşlarımızın səhv anlaşması ilə bağlıdır. Belə ki onlar bu sayt üzərindən icazələrin alınmasına çalışırlar. Bu da saytı yükləyir, qısa müddətli problemlər yaranır. Vətəndaşlarımızdan xahiş edirik ki, icazə ilə bağlı bu sayta müraciət etməsinlər. Eyni zamanda aidiyyatı dövlər qurumları və təşkilatlara da bildirmək istəyirik ki, yalnız fəaliyyətinə icazə verilən əməkdaşlar və fəaliyyət sahələrində olan şirkətlər bu sayta müraciət etsinlər. Ancaq sayt dayanmayıb, yüklənmə olsa da, işləyir. Daha da mükəmməl olması üçün sistem üzərində iş gedir”.
C.Salmanov SMS xidməti ilə bağlı müəyyən yüklənmələrin ola biləcəyini proqnozlaşdırdıqlarını bildirdi: "SMS sistemi həm Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, həm mobil operatorlar, həm də Daxili İşlər Nazirliyi ilə birgə əlaqələndirilmiş şəkildə hazırlanmış sistemdir. Sistemin fasiləsiz fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilir. Aidiyyəti qurumlarla birgə operativ texniki qərargah yaradılıb. Mütəmadi olaraq, hətta, 24 saat ərzində fəaliyyət göstəririk ki, proseslər tənzimlənsin. Təbii ki, bu sistemə çox kütləvi müraciət olacağı planlaşdırılır. Hər bir vətədaş evi tərk etmək üçün ora müraciət edəcək. Üstəlik, bütün vətəndaşlarımızın da texniki vasitələrdən istifadə bacarıqlarının yüksək səviyyədə olmaması, eyni zamanda ilk vaxtlarda müəyyən məlumatsızlıqların olması eyni məsələlərlə bağlı tərkar-təkrar göndərilən SMS-lər ola bilər ki, bu da SMS-lərin sayını artıracaq. Müəyyən yüklənmələr gözlənilir”.
"Sahil” İT şirkətinin rəhbəri, İT mütəxəssisi Vahid Qasımov deyir ki, qısa müddətdə də təhlükəsiz, işə başladığında çökməyən sistem hazlamaq mümkündür: "Sadəcə olaraq, o sistem üzərində işləyənin nə dərəcədə mütəxəssis olması önəmlidir. Əgər adamın böyük trafikli layihələrlə işləmə cəhətdən geniş təcrübəsi varsa, o, yeni sistemi rahatlıqla yarada bilər. Çünki hansı problemlərlə üzləşəcəyini o bilir”.
İnsanların, karantin rejimi ərəfəsində istifadə olunacaq bu sistemlərin çökəcəyini, operativ işləməyəcəyini düşünməsinə gəlincə, V.Qasımov bu məsələyə də toxundu: "İndiyə qədər dövlət tərəfindən hazırlanıb, e-gov.az-la işləyən presidentlərin hamısı göstərir ki, nə sistem olursa, olsun, onlar hər zaman keyfiyyətsizdir və hər zaman fəaliyyətə başladığı ilkin dövrdə çökür. Ondan sonra yavaş-yavaş qaydasına düşür. Nəzərə alsaq k, o layihələr tələsik deyil, kifayət qədər vaxt olduğu və kifayət qədər büdcə ayrıldığı halda belə hər zaman çökür. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) qiymət açıqlama sistemi hər il çökürdü. Son illərdə yavaş-yavaş düzəlməyə başlayır. Sosial mənzillərin paylanma sistemində də eyni vəziyyət oldu. 1, 2, 3-cü dəfənin hər birində çökdü, 4-cüdə nəsə düzəlməyə başladı. Bunlar tələsiklik olmadan hazırlanmış layihələrdir.
Karantin rejimi ilə bağlı istifadəyə verilən hər iki sistemə gəlincə, qısa müddətdə ərsəyə gəlir. Pandemiyanın ölkədə geniş yayılması bir-iki həftədir, onun da çoxu bayram günlərinə düşdü. Aydın məsələdir ki, iki həftə ərzində və eyni insanlar tərəfindən hazırlanmış sistemin çox da sağlam olmasını haqda ehtimal verə bilmərəm”.
V.Qasımov sonda onu da bildirdi ki, karantin dövründə dövlət və özəl qurumların məlumatlarının sayta yerləşdirilməsi, yaxud SMS vasitəsilə icazələrin alınması prosesi sistem üçün o qədər də böyük yük olmamalıdır: "Sistemə yük olacaq dərəcədə bir məlumat olmadığını düşünürəm. SMS-ə gəlincə, bir ailənin bir neçə üzvü gün ərzində çölə çıxmır. Gün ərzində, kimsə vacib olduğu halda çıxacaq. Üstəlik, hamı eyni vaxtda mesaj yazmayacaq. O da böyük yük olmayacaq. Sistem çox zay yazılmayıbsa, yazılan mesajlar o qədər də yük olmayacaq. Sistemin digər hissələrində problem yoxdursa, işləyəcək”.
Xəbər saytları ilə dövlət qurumlarının sistemlərinin müqayisəsinə gəlincə, V.Qasımov bunları söylədi: "Xəbər saytı sıfırdan yaradıldığı zaman, ilk günlərdə yüz minlərlə istifadəçisi olmur. Bir neçə min olur və bir müddət bu cür işləyir. İstifadəçilərin sayı 20-30 mindən çox olduğu zaman sayt yavaş işləməyə başlayır, aradabir dayanır. O zaman sistemi dəyişdirmək lazımdır. 100 mini keçdiyində, bir daha dəyişikliyə ehtiyac yaranır və s. Fəaliyyətə yeni başlayırsınızsa, ümumiyyətlə, heç bir gəliriniz yoxdursa, birinci xəbərinizi yerləşdirəcəksinizsə, birbaşa "Facebook” kimi şirkətlərin aldığı təhlükəsizlik sistemini almağa ehtiyac varmı? Yoxdur. Ancaq hər hansı sistemə ilk gündən yüz minlərlə insanın eyni anda müraciət etməsi gözlənilirsə, o sistemləri əvvəlcədən sağlam testdən keçirmək lazımdır. Həmin testlər bir neçə nəfər deyil, yüz minlərlə müraciət olunacağını nəzərə almalıdır. Bizdə proqram təminatı ilə məşğul olan bir çox şirkətdə, ümumiyyətlə, testr vəzifəsi mövcud deyil. Azərbaycan balaca bir dövlət olduğuna və İT infrasturukturumuz zəif olduğuna görə, biz buna indiyə qədər ehtiyac hiss etmirdik. Son bir-iki ilin hadisələri, həm də "Elektron hökumət”də olan inkişaf yavaş-yavaş üzə çıxarır ki, bizdə buna ciddi şəkildə ehtiyac var. Yüklənmə testindən keçmədiyi üçün yazılan sistemlər də çox vaxt 1000-2000 istifadəçiyə tab gətirən səviyyədə olur”.
Aygün Əhmədova
banner

Oxşar Xəbərlər