• çərşənbə axşamı, 19 mart, 15:32
  • Baku Bakı 8°C

I vitse-prezident Mehriban Əliyeva sərbəst güləş yarışlarının qaliblərini mükafatlandırıb - Fotolar

19.05.17 21:15 2275
I vitse-prezident Mehriban Əliyeva sərbəst güləş yarışlarının qaliblərini mükafatlandırıb - Fotolar
Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışları başlayıb.

AZƏRTACxəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların birinci günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazanıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.

Sərbəst güləş yarışlarının birinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib. Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər.

Sərbəst güləş üzrə komandamızın aktivinə ikinci qızıl medalı yarışlarda 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev yazdırıb.
Pəhləvanımız final görüşündə İran idmançısı Amir Mohammadini böyük hesabla məğlub edərək İslamiadanın qızıl medalını qazanıb. Bu çəki dərəcəsində bürünc medallara qazaxıstanlı Mamed İbrahimov və türkmənistanlı Yusup Melejayev sahib olublar.

Hər iki çəki dərəcəsi üzrə qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Azərbaycan pəhləvanı Məhəmməd Müslümov (65 kq) isə İran təmsilçisi Meysam Nasiri ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində Ma'Bunde Cumba Ma'Bali (Qvineya-Bissau) və İlyas Jumay (Qazaxıstan) yer alıblar.

Beləliklə, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 2 qızıl və 1 gümüş medal qazanıblar.








banner

Oxşar Xəbərlər