• cümə axşamı, 25 aprel, 03:32
  • Baku Bakı 19°C

I Şəki Beynəlxalq Teatr Festivalı

15.09.14 13:56 1900
I Şəki Beynəlxalq Teatr Festivalı
Nəhayət xeyli müddətdir adı gedən FesTivallın dünən, sentyabrın 10-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında açılışı oldu. Əvvəla onu qeyd edim ki, bu festival təkcə bir deyil, üç əlamətdar hadisəni özündə birləşdİrir. Belə ki, I Şəki Beynəlxalq Teatr Festivalının açılışı eyni zamanda, Azərbaycan teatrının 142-ci mövsümünün açılışı, Festivalın bağlanış mərasimi isə Lütfəli Abdullayevin 100 İlik yubİleyi ilə əlamətdar olacaq.
Festivalın açılışına bir sıra rəsmi şəxslərlə yanaşı, tanınmış mədəniyyət xadimləri də qatılmışdı. Festivalın açılış mərasimi qısametrajlı videoçarxla başladı. Bu videoçarxda son illər respublikamızda əsaslı təmir olunan teatr binalarının açılış mərasimi, bu tədbirlərdə iştirak etmiş ölkə Prezidenti İlham Əliyevin onlarla tanış olması əks olunurdu. Daha sonra həm festivalın, həm də mövsümün açılışını etmək üçün söz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova verildi. Əbülfəs Qarayev öz çıxışında bildirdi ki: “Bu gün biz ilk dəfə olaraq teatr mövsümünü Şəkidə başlayırıq. 142 illik Azərbaycan teatrı tarixində yeni bir dövr başladı. Çünki artıq XXI əsr teatrının düşüncəsi, onun qüdrət və aparıcı qüvvəsi sözsüz ki, insanlarla bağlıdır. Və bunlar o insanlardır ki, Azərbaycan teatrının inkişaf yolunda özünü fəda edərək, öz əməllərini, istedadını və yaradıcılığını əsirgəmədən teatrımızın inkişafı üçün var qüvvə ilə çalışırlar. Bu gün elə bir gündür ki, bəlkə də bir neçə il əvvəl ağlımıza gətirmədiyimiz bir layihənin gerçəkləşməsində iştirak edirik. Çox sevindirici haldır ki, Azərbaycanın müxtəlif bölgələrində yerləşən teatrlarında yeni studiyalar açılır. Və bu studiyalarda yeni nəsil formalaşır, böyük teatr aləminə qədəmlərini atır. Son illər Azərbaycanda teatr anlayışı o qədər tanınıb, o qədər tamaşaçı tərəfindən qəbul olunub ki, tamaşaçıların tələbatları, maraqları artmaqdadır. Biz bu gün tək konfranslardan, mübadilələrdən danışmırıq, bu gün Azərbaycan Teatrı artıq son beş ildə iyirmidən artıq ölkədə öz tamaşalarını nümayiş etdirməyə müvəffəq olub.
Azərbaycanda bu gün xaricdə öz adı ilə tanınan və böyük hörmətə layiq art mütəxəssisləri iştirak edirlər.
Biz inanırıq k, teatrın 142-ci mövsümü çox faydalı olacaq və çox da Maraqli təqdimatlar keçiriləcək. Bu günləri fəxrlə deyə bilərik ki, son səkkiz ildə 750-dən çox yeni və bərpa olunmuş tamaşalar respublika teatrlarında səhnələşdirilmişdir”.
Sonda nazir onu da qeyd etdi ki, əsaslı təmir planında Azərbaycan Dövlət Opera və Balet Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı və İrəvan Dövlət Azərbaycan Dram Teatrı var.
Çıxışdan sonra Festival iştirakçılarına Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırladığı “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşası təqdim olundu. Xatırladaq ki, tamaşaya quruluşu Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli vermişdir.
Alqışlarla bitən tamaşadan sonra səhnəyə çıxan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov Teatrın kollektivinə öz xoş arzularını çatdıraraq, xüsusi diplom təqdim etdi.
Qeyd edək ki, Festival sentyabr ayının 19-na kimi davam edəcək. Festival proqramına aşağıdakı tamaşalar daxildir:
1. 10 sentyabr - S.Rəhman adına Şəki Dövlət Dram Teatı –İlyas Əfəndiyev “Sevgililərin cəhənnəmdə vüsalı”
2. 11 sentyabr - Kalmıkiya Milli Dram Teatrı – V.Mançıyev “Mən aktrisayam”
3. 12 sentyabr - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - L.Nuren “Müharibə”
4. 13 sentyabr – A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı – “Çanta trio”
5. 13 sentyabr – C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı – N.Qoqol “Evlənmə”
6. 14 sentyabr - Şuşa Dövlət Musiqili Dram Teatrı – Əli Əmirli “Varlı qadın”
7. 14 sentyabr - Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı – İran Qayıp “Estay – Korlan”
8. 15 sentyabr – N.Vəzirov adına Lənkaran Dövlət Dram Teatrı – E.Flippo “Ruhlar”
9. 16 sentyabr - Azərbaycan Dövlət Pantomima Teatrı “Panomim buketi”
10. 16 sentyabr – M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı –Ü.Hacıbəyli “Ər və arvad”
11. 17 sentyabr - Qax Dövlət Kukla Teatrı – Ə.Orucoğlu “Zınqırovlu pişik”
12. 17 sentyabr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı –M.F.Axundzadə “Sərgüzəşt-vəziri-xani-Lənkəran”
13. 18 sentyabr - Azərbaycan Dövlət Rus Dram Teatrı - M.F.Axundzadə “Müsyö Jordan vəə Dərviş Məstəli şah”
14. 19 sentyabr - Fesivalın bağlanışı, Azərbaycan Dövlət Musiqili Teatrı Ə.Haqverdiyev “Kimdir müqəssir”
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər