AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Hüseyn Cavidin günahı nəydi?!” müsahibə

“Hüseyn Cavidin günahı nəydi?!” müsahibə

Müsahibə
16 Fevral 2013, 10:59 3348
“Türkdən danışanda adam böyüyür”

...”...az qala biabır olacaqdıq. O boyda Sarayda danışmağa, qonaqların önünə çıxmağa bir söz ası tapılmadı. Lap ürəyim sıxılmışdı ki, səhnəyə Zəlimxan gəldi. Ayə, ürəyim dağa döndü eyy. Zalımın balası, elə bil bulaqdı, çağlayan...”
İllər əvvəl bir ağsaqqal iş yoldaşımın dilindən eşitmişdim, Respublika Sarayındakı önəmli bir tədbirdən bəhs edirdi. Adam sinəsi dolusu Zəlimxandan danışırdı. Sanki tək onun deyil, bütün Azərbaycanın ürəyini dağa döndərmişdi bu şair...
...Qarabağ savaşının qızğın çağında “Qaçqınlar” poeması dilimdə əzbər idi.:
“...tutaq ki, qaytardıq, Şuşanı, qardaş,
anadan, bacıdan, qızdan, gəlindən,
alınan isməti kim qaytaracaq?!”
...bir də bunun əvvəli vardı. Mənim RUHUmun anası anamın şairiydi Zəlimxan. Hamımıza da sevdirmişdi. Hələ bir də saz çalmağını vəsf eləməyini görəydiniz...
Müsahibim Türk dünyasının böyük şairi Zəlimxan Yaqubdur. Mən onu təqdim edəcək böyüklükdə deyiləm, heç olmayacam da. Çünki Zəllimxan Yaqub SÖZ boydadı!


-Ay qağa, xalq sizin səhhətinizdən yaman narahatdı...
-Vallah, səhhətim haqqında bütün Azərbaycan, bütün Türk dünyası bilir. Sağ olsunlar, televiziyalar, qəzetlər tez-tez məlumat verirlər. Həkim nəzarətindəyəm, hələlik böyrəksiz yaşayıram, Azərbaycan həkimləri mənimlə bağlı çox böyük qəhrəmanlıq edirlər. Dövlətimizin, Prezidentimizin nəzarətindəyəm, mənimlə bağlı istər dövlət, istər prezident, istər də xalq həmişə yaxşı mənada narahat olub, mən də çalışıram yaxşı olum ki, əziyyətim heç kimə çox dəyməsin. Mənə belə gəlir ki, düşdüyüm vəziyyətlə yaşadığım vəziyyətin arasında çox böyük fərq var. Düşdüyüm vəziyyət ağırdır amma yaşadığım vəziyyət yaxşıdır bu mənada ki, göyə açılan əllər, xalqın xoş münasibəti, dünyanın hər yerindən gələn zənglər məni yaxşı saxlayır. Bu günlərdə Əbdürrəhim Karakoçla bağlı bir çox tədbirlərdə iştirak elədim və çox sevindim ki, Türk dünyasının gözəl şairləri yavaş-yavaş yayımlanır, Orta Asiyada, Türküstanda, Azərbaycanda tanınır. Yəni mənim səhhətimin yaxşılığa doğru getməyinin səbəbi yaşadığım əhval-ruhiyyədir. Mənim əhvalım da Türkün ruhuyla bağlıdır. Mənim cismani cəhətdən ağrımağa ixtiyarım yoxdur. Nə qədər ağrısam da əsas ruhdur. Ruh məni idarə edir, o ruh da Türkün ruhudur, Turandan, Ərgənəkondan, Qızıl Almadan, yaxşı mənada qədimlikdən, köhnəlikdən gələn Türkün ruhu məni idarə edir. Baxın, iki ilə yaxındır ki, mən xəstəyəm. Amma heç vaxt ağrıya baş əyməmişəm. Bu iki ildə ailə də, dövlət də, millət də mənə yaxşı baxdı. Prezident qayğısını əsirgəmədi və bütün bunlar mənim səhhətimə yaxşı təsir edir. Allah qoysa böyrək köçürməsi də uğurlu keçəcək. Ondan sonra da Allahın verdiyi ömrə davam edəcəyik.

-Azərbaycanın bircə dənə Zəlimxan Yaqubu var. Tanrıya şükür ki, indi sadəcə bizim deyil, bütün Türk dünyasının şairidir. Necə düşünürsüz, sizə elə gəlmirmi ki, Türk dünyasına Zəlimxan Yaqub bu gün daha çox lazımdır? Bax elə son əsərdən, “Turanın səsi”ndən bəhs edək...
-İyirmi-otuz il bundan əvvəl Türk dünyası ilə bağlı bu günkü kimi danışa bilmirdik. Müşfiqlər, əhməd cavadlar, hüseyn cavidlər, salman mümtazlar, bəkir çobanzadələr, daha kimlər-kimlər Türk sözünün güdazına getdilər. Turan dünyasını, Türk dilini bildiklərinə görə Sovet hökuməti onları sıradan çıxardı. Özlərini öldürdü amma fikirlərini öldürə bilmədi, ideyalarını, arzularını öldürə bilmədi. İndi onların görə bilmədiklərini biz görməliyik. Bizim boynumuza çox böyük vəzifə düşür. Bu gün harda Türk yaşayırsa, o əsir Türklər ifadəsi var ha, onların hamısı qaynayıb-qarışacaq, bir ürək, bir can olacaqlar, mənim ona qəti şübhəm yoxdu. Bu günlərdə “Turanın səsi” adlı bir poema tamamladım. Orda Turan böyüklərindən Alp Ər Tonqadan, Ziya Gökalp, Ənvər Paşa, Atatürk, Bilgə Xaqan, bu cür adamlardan misallar vermişəm. Türkün böyükləri, böyük kişiləri, igid adamları çoxdu. Biz onları tərənnüm edərək, haqqlarında gözəl əsərlər yazaraq öz borcumuzu verə bilərik. Mən də özümü Türk dünyasının qarşısında borclu hiss edirəm. Baxmayaraq ki, qırxdan çox kitabım dərc olunub, müxtəlif illərdə, müxtəlif dillərdə. Amma mənə elə gəlir ki, “Turanın səsi” əsəri Türkiyədə də Azərbaycanda da çox yaxşı qarşılanacaq. Çünki bu mövzu hər iki ölkədə də lazımi qaydada işlənməyib. Siz təsəvvür edin ki, Alp Ər Tonqa-Əfrasiyabı indiki Urmiya gölünün yerləşdiyi ərazidə öldürüblər. Orda dəfn olunub. Alp Ər Tonqadan tutmuş bugünkü yaşayan böyüklərimizə qədər hamısı o ruhun içərisindədir. Ona görə də biz Türk dünyası haqqında geniş, gözəl, savadlı dünyagörüşünə sahib olan şəxsiyyətləri nə qədər çox qabardarıqsa bir o qədər də özümüzü böyüdərik. Ona görə ki, Türkdən danışanda adam böyüyür. Turandan danışanda adam böyüyür. Elə bil ki, Altaydan Anadoluya köç indi başlayır. Anadoludan Altaya köç indi başlayır. Türkiyə qarışır. Məs: iyirmi-otuz il bundan əvvəl Türküstanda beş məktəb olardı ya yox. İndi Türküstanın bütün respublikalarında Türk dilində gözəl işlər gedir, hərtərəfli irəliləyiş var. Ortaq dil yaranır. Biz ortaq dili danışa-danışa yaradacağıq. Mənim ortaq dilim Mövlananın, Yunusun dilidi, Nəcib Fazilin, Dadaloğlunun, Aşıq Veysəlin dilidi. Bu dil eyni zamanda Azərbaycanın dilidir. Bu gün Allaha şükr edirik ki, Türkün, Turanın belə bir gələcəyi yetişir, su gələn arxa bir də gəlir. Sovet hökuməti o suyu kəsdi, o yolları bağladı amma o sular yenə gəlir, o çaylar yenə daşır, o dənizlər yenə qabarır, Türk yenə yüksəlişə doğru gedir, biz də bundan ilham alıb yeni əsərlər yaradırıq ki, onun biri də “Turanın səsi” əsəridir. İnşallah tezliklə mətbuatda oxuyacaqsınız.

-Bu poema bütün dünya türklərinin dilində olan “Əzəl-axır dünya Türkün olacaq” frazasını ötüb keçəcəkmi?
- İnşallah. Hər iki əsərin də ruhu eynidir.
-Mənə elə gəlir ki, türkçülüyün dilə gəlmədiyi zamanlarda bu təfəkkürdə insanları ayırd eləmək asan idi. Onları hardasa barmaqla saymaq olardı. İndi “türk” lər elə çoxdu ki, seçim çətinləşib...

-Çünki indi bolluqdu.
-Bəs o bolluğun içərisindən sağlam toxumu necə tapıb çıxaracaqlar?
- Qoy olsun, qoy çox olsun. Onlar irdələnəcək, nəticədə Türkün sağlam ruhu qalib gələcək. Zaman özü hər şeyi yoluna qoyacaq. Təsəvvür elə ki, bir Ənvər Paşa kimi adam bir atı, bir qılıncı və bir özü gedib Orta Asiyada ruslara qarşı döyüşür. Bir erməninin fitvası ilə öldürülür.
Ənvər Paşa Türk dünyasının ən böyük adamlarından biridir, Turanın ən böyük turançısı elə odur.

-Elədirsə niyə bu günün Türkiyəsində Turanın bu ən böyük türkçüsünü xəyalpərəst adlandırırlar?
-Ona görə ki, o həqiqətən də xəyalpərəst idi. Təkbaşına Turançılıqla məşğul idi. Onun romantikası çox güclü idi. Təsəvvür elə ki, ən cavan yaşda Türkiyənin hərbi naziri oldu. 1922-ci ildə getdi Türküstanda özünü fəda elədi. Özü də Qurban bayramı günü. Ənvər Paşa Qurban bayramı günü qurban verildi. Ənvər Paşanın qəbri orda idi. Daha sonra Süleyman Dəmirəl 70-ci illərdə İstambula gətirdi. Bəlkə Ənvər Paşadan bir şeir oxuyum?: (Turanın səsi)

Bax bu sözü Atatürk deyib: “Ənvər bir Günəş kimi doğmuş, bir qürub ehtişamı ilə batmışdı”.

Türkiyə ürəyi, Türküstan canı,
Turanın xəyalı, həqiqəti heyy...
Ölüm qabağına ölməz tək gedən,
Türkün böyüklüyü, əzəməti hey...

Qələbə - havası, çörəyi, suyu,
Qələbə, sevgisi, bayramı, toyu,
Güclərə güc gəlib cəbhələr boyu,
Dönməz orduların şan-şöhrəti hey...

Qısa bir zamanda ucalıb-enən,
Gur bir ocaq kimi alışan-sönən,
Hələ sağlığında dastana dönən,
Türküstan elinin rəvayəti hey...

Bircə qəhrəmanlıq min ilin bəsi,
Hər zaman hər yerdən gələcək səsi,
Şəhidlik evinin uca zirvəsi,
Şəhid olanların cəsarəti hey...

Pozan güclü çıxıb, nizam pozulub,
yazılan nə varsa tərsə yazılıb,
Bir dosta iki yol qəbir qazılıb,
Hardadı dünyanın ədaləti hey...

Cəhənnəm çevrilib bir cənnət olar,
Ən böyük xəyal da həqiqət olar,
Nə qədər zülm olar, əsarət olar,
Bitsin Yer üzünün əsarəti hey...

Turanın qanıyla coşdu-çağladı,
Turanın adıyla ülfət bağladı,
Turanın ruhunu sağlam saxladı,
Buydu şeytanla ədavəti hey...

Fikir qanadıdı, xəyal qoludu,
Mənzili Altaydı, Anadoldu,
Onun getdiyi yol Allah yoludu,
Hələ çox gedəcək söz-söhbəti hey...

Turan ellərində xoş gördük səni,
Dəyməsin bizlərə göz, Ənvər Paşa,
Bir az səbr lazım, bir az da möhlət,
Əmələ çevrilər söz, Ənvər Paşa.

Neməti çoxalır, suyu bol gəlir,
Neçə nəsil gəlir, neçə qol gəlir,
Turan yollardadır uzaq yol gəlir,
Uzun həsrətlərə döz, Ənvər Paşa.

Nöqtə qoymaq üçün günahımıza,
Təzədən sarılaq silahımıza,
Salavat çevirək Allahımıza,
Allahın üzüdür üz, Ənvər Paşa.

Məni qeyrət üstə böyüdüb Anam,
Oğuzam, qopuzam, sazam, dastanam,
Turanın içində Azərbaycanam,
Türkün nəfəsiyik biz, Ənvər Paşa.

Ən böyük turançı, ən böyük Turan,
Turanın eşqiylə saraylar quran,
Mələklər yanında cənnətə varan,
Yolu Haqqa doğru düz, Ənvər Paşa.

Çox fikir eləmə, Turanım mənim,
Quruyan göylərin yağmağı da var.
Aydın üfüqlərin, gur işıqların,
Zülmət qaranlığı boğmağı da var.

Qoy xoş üzlə gəlsin il dalınca il,
Turanam deməkdən yorulmasın dil,
Günəşin batmağı qorxulu deyil,
Günəşin yenidən doğmağı da var!!!


- Qağa, madam ki, bizim ruhumuz bu qədər ucadır, madam ki, bu qədər yüksək mədəni irsə malikik, madam ki, bizim belə keçmişimiz, ədəbiyyatımız, mədəniyyətimiz var, belə olan halda gündəmi zəbt eləyən əkrəm əylislilər, seymur baycanlar hardan törəyir? Deyək ki, gənclər səhv edə bilər hardasa, bəs Əkrəm Əylisli necə oldu ki, bu addımı atdı? Onu buna vadar edən nə idi?
-Qızım, Əkrəmin əməli bu günün işi deyil ki. Onun içi qurdluydu, əlli il idi ki, o qurd onun içini deşirdi. Əlli il idi ki, oynayırdı, ziyalıları ləkəməklə, artıq-əskik sözlərlə pis vəziyyətə salmaqla məşğul idi. Bilirsən, adam danışdığı söz boydadır. Heç həyəcanlanmağa dəyməz, o həmişə belə olub. Sovet dövründə də ən yaxşı kefi o çəkirdi, yenə yazırdı ki, mən Azərbaycanda darıxıram. Deməli, sənin əmin, dayın, oğlunun-qızının, qohum-əqrəbanın, heç bir əzizinin, xalqının sənə dəxli yoxdu ki, darıxa bilirsən. Başqası niyə darıxmır sən darıxırsan? Yəni, öz xalqına yuxarıdan aşağı baxmaq, kimsəni saymamaq içərinin qurdu ilə bağlıdır. Mən həmişə bunu demişəm və təkrar edirəm. Qırxa yaxın kitab yazmışam, bir tədqiqatçı gəlib yoxlasa kiminsə bostanına daş atan bircə kəlmə tapa bilməz. Çünki bizim tərbiyəmiz əhli-irfan tərbiyəsidir, Məhəmməd peyğəmbərdən, Qurandan gələn tərbiyədir. Biz Türk dünyasının elə kişilərinin tərbiyəsini almışıq ki, təkcə Mövlana yetər ki, sən elə peyğmbər kimi bir adam olasan. Niyə mən belə bir adamı qoyub şeytana-iblisə tapınmalıyam? Kimlər bu yolu tutursa axırı belə olur. Əkrəmin də cəzasını xalq verdi, zaman verdi, bundan sonra istəyirsən onun mükafatlarının üstünə mükafat qoy geri qaytar, istəyirsən hamısını əlindən al, xalqın qara dəftərində tarix durduqca qara ləkə kimi qalacaq. Çünki ona bəraət yoxdu. Mənim ölənim-itənim, əsirim, girovum, döşü kəsilən analarım qalıb bir tərəfdə, sən gedib ermənini tərifləyirsən.

-Səbəbi nəydi? Onda belə çıxır ki, Əkrəm Əylisli üzr istəyirəm, zatıqırıq adamdı?
-Əkrəm Əylisli ömrü boyu zatıqırıq olub. Yazıçılar, şairlər deyirdi ki, bu, niyə belə eləyir, axırda da Allah cəzasını verdi. O, çəkdiyi cəzaya layiq adamdı. Çünki içərisi dolu qurddu. Bu günə qədər kiminsə haqqında heç vaxt yaxşı söz danışmayıb. Anarla əlli il dostluq elədi, onu nə günə qoydu. Anarın günahı nəydi? Elçinlə, Fikrət Qocayla, Ramiz Rövşənlə bağlı nələr dedi, nələr danışdı. Mövlud Süleymanlının günahı nəydi? Hamısıyla bağlı pis sözlər, xoşagəlməyən ifadələr işlətdi o da gəldi öz başında çatladı. İnsanın içərisi geniş olmalıdı, işıqla dolu olmalıdır, çünki biz tarixlər boyu Məhəmməd peyğəmbərdən, Türkün böyüklərindən üzübəri həmişə yaxşı kişilərdən dərs almışıq. Kimlər ki, şeytan yolu gedib, onu Allah dolaşdırıb dolaşığa salıb, kimlər ki, Allah yolu gedib onların işi həmişə gözəl olub. Ustad demişik, ozan demişik, dədə demişik, Dədə Qorqud demişik. Mən Dədə Qorqudu əzbər bilən adamam. Dədə Qorqudu, Ələsgəri əzbər bilən adamın artıq-əskik danışmağa haqqı yoxdur. Türk dünyası deyəndə mən dünya boyda oluram. Çünki bu dünya ilə bağlı böyük kişiləri çox görmüşük. Hüseyn Cavid kimi adamın günahı nəydi 59 yaşında gedib Maqadanda ölürdü? Dünyanın ən gözəl ruhunun, Türk ruhunun sevgilisi olduğuna görə başqa bir ruh, şeytani ruh apardı, oraya çıxardı. Allah Əkrəmlə bağlı xalqın qınağını ona cəza elədi. Xalqın səni istəməməyindən böyük cəzamı var? Bütün cəzalara layiqdir Əkrəm. Azərbaycan xalqına xəyanət eləyən adamın Azərbaycan xalqından rəhmət ummağa haqqı yoxdur.

-Bəlkə də Orxan Pamuk addımı atmaq istədi...
-Orxan Pamuk əsərlərini mən oxumuşam, axı, ay Əkrəm sən onun heç dırnağı da deyilsən. Orxan Pamuk böyük yazıçıdır, düzdü, qələt eləmişdi, Türk dünyasına o da böyük bir zərbəydi, amma o əsər yazmamışdı, bir çıxışında demişdi.

-Belə çıxır ki, ağsaqqallar belə edəndə ədəbiyyatımızda yeni törəyən ünsürləri qınamaq olmaz, eləmi?
-Bilirsən, qırx, otuz, lap əlli yaşında səhvini düzəltmək üçün zamanın olur. Amma bu adam qəbrinin qaşındadır, bunun 76 yaşı var. Sən indən belə bu səhvi düzəldə bilməzsən, Türkün ruhuna qarşı, öz xalqına qarşı səhv eləmisən. Əkrəm ruscadan tərcümələr eləyib, nə bilim Moskvada zadda oxuyub. Siz bilirsinizmi ki, onun ailəsində Azərbaycan dilindən heç nə yoxdur, onun ailəsi elə bil başqa millətə məxsusdur. A bala, ondan danışmağa dəyməz, çünki cəzasını xalq verdi.

-Günümüz ədəbiyyatının gedişatı necə, qane edirmi?
-Yox. Bugünkü ədəbiyyatda kökündən uzaqlaşma görürəm. Amerika ədəbiyyatını da oxumaq lazımdır, dünya ədəbiyyatını da. Amma birinci növbədə özünü yaxşı tanımalısan. Bu gün gənclərin çoxu küyə gedir. Sən öz nağılını, dastanını, alqış-qarışığını dərindən dərk eləyə bilmirsənsə deməli heç kimsən. Baxn sizə Ənvər Paşa ilə bağlı bir parça oxudum. O başdan-ayağa Azərbaycanın, Türk dünyasının, xalqın səsidir. Gərək ilk növbədə özünə bağlı olasan. Mənim Atamı məndən yaxşı heç kim tanıya bilməz. İsa Hüseynov demişkən, atasını tanıyan böyük adam olur. İndiki gənclərimizin arasında dilimizi çox korlayanlar var, ölçü-biçi gedir işinə, ağlına nə gəlir yazır, adını da şeir qoyur. Narazılıqlarım çoxdur. Razı qaldığım, istedadına hörmət elədiyim gənclər də var. Amma gəncliyin çox hissəsi ötəri parıltılarla məşğuldur. Dünya ədəbiyyatını oxumaq lazımdır. Müşahidə, mütaliə etməlidir yazıçı ki, bu da birinci növbədə özünə bağlanmadan keçər.
Mən Azərbaycan şairi kimi dünyaya xidmət eləməliyəm, ingilis ingilis şairi kimi, yapon yapon kimi, onda gözəl olur. Yoxsa mən Azərbaycan şairi ingilis kmi yazıramsa ingilisin buna ehtiyacı yoxdur.

-Mənə görə bu gün Azərbaycanın Gürcüstanda olan hissəsi Borçalını, dünyada, elə Azərbaycanın özündə hələ bizim eləyən bir dəyər var - Zəlimxan Yaqub. Borçalıdan Bakıya gətirdikləriniz və Bakıda o yurddan itirdikləriniz...
- Mən Borçalıdan Bakıya çox dolu gəldim. Çünki orası Türkiyə ilə Azərbaycan arasında bir körpüdür. Mən elə bil o körpünün üstündə doğulmuşam. Yadımdadır, bizim nənə-babalarımız Türkiyəyə o üz deyirdilər, çünki arası çox yaxın idi.
Mən ordan özümlə Borçalını gətirmişəm və o gətirdiklərimin hesabına bu gün yaşayıram. 64 yaşımın 18 ilini Borçalıda yaşadım. Ondan sonra dünyanın çox yerini gəzdim amma oranın dadı-ətri, folkloru, şifahi xalq ədəbiyyatı, sazı-sözü, insanları tamam başqa cürdü. Ora Azərbaycanın xam bir hissəsidir. Hələ çox oğullar oranın folkloruna söykənəcək, hələ çox şairlər çıxacaq. Bu günə qədər də gətirdiklərimi xərcləyirəm. Borçalı Dünya Türklərinin sevimli bir yeridi, hamı Borçalını çox istəyir, çünki Borçalı istənəsi yerdi. Onun bir hündür yerindən baxırsan əlli kəndini görürsən, o qədər axar-baxarlı yerdi. Başkeçidi, Yağlıcanın düzü var. Bakıda gözəl dostlar qazandım. Mənim Azərbaycanda qazandığımı çox az adam qazandı. Sənin qazancın əsas odu ki, xalqdan aldığını xalqa qaytara biləsən. Mən bunu müəyyən qədər edə bilmişəm. Çünki Azərbaycan xalqı çox qədirbilən xalqdı. Kim arxa çevirirsə o da ona arxa çevirir.
Bakı mənim gəncliyimi əlimdən aldı. Rahatlığmı əlimdən aldı amma mənə gözəl bir tale bəxş elədi. Türk dünyasının, yer üzündə yaşayan türklərin hamısı mənim evimin qonağı oldu, adımı tutdu. Gənclik getdi amma havayı getmədi. Heydər Əliyev kimi ulu öndər çıxdı Zəlimxanın qarşısına, bundan artıq mükafat varıydımı? Dövlət, millət mənə mənim dəyərimdən artıq qiymət verdi. Mən də çalışıram ki, bütün ömrümü-günümü Azərbaycanın varlığına həsr edim.

- Saza tutaqmı üzümüzü? O sarı sim adamın yaralarını sağaldırmı?
-Sağaldır. Türk üçün saz emblemdi. Qılınc nədisə, at nədisə, gözəl nədisə, Türk üçün saz da odu. Mənim kitablarımın hamısının anası sazdı. Məndə bu Turançılığı, türkçülüyü gücləndirən sazdı. Saz Türkün şəriksiz alətidi.
Çox şeylərə yiyə çıxa bilərlər amma saza yox.

-Ay qağa gəl sazı qoyub EŞQə keçək. Bir müddət əvvəl Türkiyədə ozan aşıq Səfaidən müsahibə aldım və o mənə dedi ki, Səfaicə kimliksiz köləlilkir EŞQ! Mən də özümə söz verdim ki, Azərbaycandan onun bu sözünə bir cavab ismarlayacam...
-Mənim bayaqdan danışdıqlarımın hamısı cavabdır. Çünki məni danışdıran EŞQ-dir. Bütün dünyanın ən böyük şairlərinin anasıdır, EŞQ!

-Bə niyə Türkdə təzahürü fərqlidi? Niyə dəlicəsinədi?
-Ona görə ki, Şərq, Türk dünyası elə EŞQ deməkdir.

Mən zövqü olanın quluyam, qulu,
Budur insanlığın həyatda yolu,
EŞQ in nəşəsini anlaya bilməz,
Bu meydən içməmiş, kim qədəh dolu...

Gəldik bu dünyadan gedərik, ay dost,
Həm sevinc, həm də kədərik, ay dost,
İçək özümüzdən gedək birinci,
Sonra bu dünyadan gedərik, ay dost.


İnsanı insan edən, başqa varlıqlardan fərqləndirən EŞQDİR. İlahi EŞQ, Allaha bağlanan EŞQ...

-Zəlimxan Yaqub kimin kimə EŞQidi?
-Zəlimxan Yaqub Allahın insanlara olan EŞQ-inin bir parçasıdır. Çünki mənim varlığımda insanlara qarşı sevgi-məhəbbət hökmrandır. Mənim hökmdarımın adı sevgidir, Eşqdir. Bunlarla yaşayırıq, bunlar bizi yaşadır.

-Yorduq səni ay qağa. Mənim soruşmadığım, sənin demək istədiyin nəsə qaldımı?
-Sənin soruşmadığın, mənim demək istədiyim o qədər çox sözlər var ki. Amma hələlik bu qədər bəsdi.

Nigar İsfəndiyarqızımüsahibə"> müsahibə"> müsahibə">