• cümə, 29 Mart, 10:48
  • Baku Bakı 5°C

Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına layiq kitab

12.04.17 12:30 2131
Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına layiq kitab
Kitab haqqında ərəblərin məşhur bir kəlamı var: "Kitab sənə fayda verər, səndən heç nə almaz”. İllər, əsrlər keçsə belə, elm-texnika nə qədər sürətlə inkişaf etsə də, bu danılmaz faktdır ki, kitab ruhumuzun mənəvi qidasıdır. Doğrudur, sürətlə inkişaf edən internet əsri insanların bir qismini bu mənəvi qidadan uzaq saldı. Amma xoşbəxtlikdən, yenidən ona qayıdış baş verir, "kitab insan ruhuna məlhəmdir” kəlamı doğrulur.
Qarşımda bir kitab var. Müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, dosent, BDU-nun baş müəllimi Sevil Həsənovadır. Kitab Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bütün yaradıcılığı boyu romantik ədəbi məktəbin ideyalarına sadiq qalan, böyük türkçü, turançı Hüseyn Cavidin bu gün də elmi ictimaiyyətə geniş şəkildə təbliğ edilməyən publisistik yaradıcılığına həsr edilib. "H.Cavidin publisistikasında milli-mənəvi dəyərlərin inikası” adlı kitab Azərbaycan respublikası təhsil nazirinin 08.12.2015-cı il, 1108 nömrəli əmri və Bakı Dövlət Universiteti TMŞ-nin yanında tədris vəsaitlərinə nəşr hüququnun verilməsi üzrə daimi fəaliyyət göstərən komissiyanın qərarı (Əmr R-57, 17.05.2016) ilə çap edilmiş dərs vəsaitidir.
Cavidşünas, pedaqogika üzrə elmlər doktoru, professor Şəmistan Mikayılovun elmi redaktorluğu ilə ərsəyə gələn dərs vəsaitində ilk dəfə olaraq H.Cavidin bədii-elmi publisistik məqalələrindən geniş bəhs olunur. Əslində S.Həsənova ömrünün 20 ilinə yaxın bir zamanını H.Cavid yaradıcılığına həsr edib. Hələ 1980-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində , "Azərbaycantelefilim” yaradıcılıq birliyində çalışarkən, dəfələrlə bu mövzuya müraciət etmiş və 2005-ci ildə "Hüseyn Cavidin həyat və yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyəsinə təsiri” mövzusunda dissertasiya işini müdafiə edərək, pedaqogika üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdü. Bu gün isə xanım tədqiqatçı H.Cavidin uzun illər tədqiqatdan kənarda qalmış publisistik yaradıcılığına müraciət edərək "Hüseyn Cavid və milli mətbuatın aktual problemləri” adlı doktorluq işində yenidən tam başqa aspektdə bu mövzunu araşdırmağa başlamışdır. S.Həsənova dərs vəsaitində qeyd edir ki, əslində H.Cavidin təkcə publisistikası yox, bütövlükdə ədəbi yaradıcılığı böyüməkdə olan nəsillərin tərbiyəsi üçün zəngin material qaynağıdır. Bu, çoxsahəli və çoxşaxəli irsə ədibin publisistikası da daxildir. Elə ona görə də bu dərs vəsaitində ədibin yalnız publisistikasından bəhs edilir.
Bildiyimiz kimi, uzun illər H.Cavidin publisistikası geniş tədqiqatdan kənarda qalıb. 1920-ci ildən 1950-ci illərə qədər olan tədqiqat əsərlərində bəzi cavidşünaslar məqalələrində bir necə cümlə ilə onun publisistikası haqqında informasiya verməklə kifayətləniblər.
1960-70-ci illər arası ədəbiyyatşünas alimlərdən Kamran Əliyev, İzzət Rüstəmov, Qulam Məmmədli Hüseyn Cavidin bədii publisistik yaradıcılığı haqqında bir necə məqalə yazmaqla, elmi ictimaiyyətə nisbətən geniş informasiya veriblər.
Klassik publisistikamıza nəzər yetirəndə bir daha şahidi oluruq ki, xalqın milli özünüdərk və özünəqayıdış hisslərinin aşılanmasında dahiyanə nümunələr yaranmışdır. İstər 20-ci yüzilliyin əvvəllərində, istər sonlarında milli müstəqilliyimizin, azadlığımızın qazanılmasında döyüşən publisistikamız əvəzedilməz rol oynamışdır. Ona görə də bu gün klassiklərin, o cümlədən H.Cavidin də publisistik yaradıcılığını geniş tədqiqata cəlb edən S.Həsənova çox böyük zəhmət bahasına bu dərs vəsaitini ərsəyə gətirmişdir.
Maarifin, elmin təbliği üçün mətbuatın böyük gücə malik olduğunu dərk edən H.Cavid də 20-ci yüzilliyin əvvəllərində ölkəmizdə çap olunan mətbuat orqanlarının əksəriyyətində bədii publisistik məqalələrlə də çıxış edib. 1904-1937-ci (37-ci ilin may ayına kimi) illərdə Azərbaycanda, Türkiyədə, İranda, Tiflisdə fəaliyyət göstərən qəzet və jurnalların səhifələrində müxtəlif janrlarla yanaşı, publisistik yazıları da var. Bu yazıların arasında "İqbal”, "Həqiqət”, "Açıq söz” qəzetlərində çap olunan publisistik məqalələr üstünlük təşkil edir. Həmin məqalələr birmənalı olaraq elmə, təhsilə, ədəb-ərkana, ailə tərbiyəsinə həsr edilən bədi-elmi publisistik məqalələrdir.
Müəllif qeyd edir ki, H.Cavid ilk dəfə 1904-cü ildə "Şərqi-rus”da, 1905-ci ildə "Həyat”da, 1906-cı ildə "İrşad”da, 1907-ci ildə "Füyuzat”da, 1909-cu ildə İstanbulda "Süratül-müstəqim” jurnalında, Bakıda "İttifaq” qəzetində, sonrakı illərdə əsasən "Həqiqət”də, "Yeni irşad”da, "İşıq”da, "Məktəb”də, "Şəlalə”də, "İqbal”da, "Açıq söz”də, "Yeni iqbal”da, "Qurtuluş”da, "Bəsirət”də, "Qardaş köməyi”ndə, "Millət”də, "Azərbaycan”da, "Qurtuluş yolu”nda, "Azərbaycan füqərası”nda, "Zəhmət”də, "Maarif və mədəniyyət”də, "Kommunist”də, "Yeni yol”da və ta 1937-ci ilin may ayına kimi Azərbaycanda çap olunan digər qəzet və jurnallarda şeirləri, pyesləri ilə yanaşı, publisistik və ədəbi-bədii məqalələri ilə də çıxış etmişdir.
H.Cavid də H.Zərdabi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, C.Hacıbəyli, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqa görkəmli sənətkarlarımız kimi publisistika ilə də məşğul olaraq, ideya və düşüncələrini təkcə şeirlərində, pyeslərində, dram əsərlərində deyil, həm də məqalələrində əks etdirmişdir.
Zəngin, çoxşaxəli ədəbi irs qoyub getmiş ədibin publisistik yaradıcılığı bu gün də ictimai, tərbiyəvi əhəmiyyətini itirmədiyi üçün tədqiqinə ehtiyac duyulur. Çünki bu publisistika millətin qarşılaşdığı problemləri dərindən öyrənməyə, aktual mövzulara həsr edilmişdir. H.Cavidin publisistikasına xas olan ən ümdə xüsusiyyətlərdən biri də, onun gələcəklə bağlı olmasıdır. "Hüseyn Cavidin publisistikasında milli-mənəvi tərbiyənin inikası” adlı əsər də olduqca faydalı, dövrün tələblərinə cavab verən dərs vəsaitidir. H.Cavid qələminin məhsulu olan sənət nümunələri nəzərdə tutulan bütün elmi-pedaqoji tələblərə cavab verdiyi üçün onların təlim materialı kimi gəncliyə təqdim olunması zərurət təşkil edir. Dərs vəsaitində H.Cavidin Azərbaycan ədəbiyyatı tarixindəki yerinin elmi şəkildə izahından sonra məktəbdə öyrədilməsi tarixinə nəzər salınır. Həmin tarixi xülasədən sonra H.Cavidin dramaturgiyası ilə yanaşı publisistikasının da öyrədilməsi üzərində aparılan işin metodikası verilir.
İnkaredilməz həqiqətdir ki, Azərbaycan mətbuatı, ədəbiyyatı, mədəniyyəti qədim tarixə və zəngin ənənəyə malikdir. Xalqımızın həyat tərzi, milli psixologiyası, mənəvi keyfiyyətləri, əxlaqi sifətləri, adət və ənənələri mətbuatımızda və ədəbiyyatımızda öz ifa tərzini tapıb. Ölkəmizdə böyüməkdə olan gənclərin milli ruhda, milli zəmində tərbiyə olunmasının başlıca vəzifələrdən biri kimi qarşıya qoyulduğu indiki şəraitdə, Hüseyn Cavid yaradıcılığının təlim-tərbiyəvi əhəmiyyətini, gənclərdə milli şüurun inkişafına onun təsirini də tədqiq edib öyrənmək əsas məqsədlərdəndir.
Sonda cavidşünasların diqqətini bir məsələyə yönəldərək, bu mühüm problemin həll edilməsinə dəstək olmalarını arzu edərdik. Çünki bu gün gənc nəslin mənəvi-əxlaqi zövqünün formalaşmasında, soy-kökünə qayıdışında, milli-mənəvi dəyərlərin yaşanmasında, təlim-tərbiyə prosesinin gücləndirilməsində H.Cavid ədəbi-bədii irsinin mühüm rol oynadığı göz qarşısındadır. Əsərlərində insanları bəşəri ideyalara, insanlığa, xeyirxahlığa, paklığa, vətənpərvərliyə, ədalətə, mübarizəyə səsləyən müəllifin zəngin ədəbi-bədii irsi hər zaman aktualdır. Odur ki, xanım tədqiqatçıya bu xeyirxah yolda, müqəddəs işdə daha böyük uğurlar arzulayırıq və H.Cavid şəxsiyyətinə, yaradıcılığına layiq necə-necə əsərlərlə imza atmasını arzu edirik.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər