• çərşənbə axşamı, 19 mart, 09:26
  • Baku Bakı 8°C

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub

23.10.17 17:27 5286
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilmiş "Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən birgə təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Misir, Özbəkistan və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak ediblər.
Əvvəlcə Hüseyn Cavid parkında böyük şairin abidəsi ziyarət olunub.
Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
Cavidin ölməz əsərlərindən ("Ana”, "Şeyx Sənan”, "İblis”, "Peyğəmbər”, "Səyavuş”, "Xəyyam” və s.) bəhs edən akademik T.Kərimli şairin ədəbi irsinin əhəmiyyətini qeyd edib. Akademik böyük şair H.Cavidin Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyduğunu söyləyib.
Akademik T.Kərimli, eyni zamanda, konfransın Cavid irsinin tədqiqi və təbliği baxımından əhəmiyyətini qeyd edib.
Tədbirdə "Kaspi” təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "Hüseyn Cavidin "Topal Teymur” əsəri: tarix və müasirlik” mövzusunda məruzəsi dinlənilib.
S.Vəliyeva bildirib ki, Cavid öz yaradıcılığı, türkçülük ideyası, milli məfkurəyə bağlılığı ilə özünün minilliklərin yazarı olduğunu sübut edib. Böyük sənətkar "Topal Teymur”, "Şeyx Sənan”, "Ana”, "İblis”, "Peyğəmbər”, "Xəyyam” və digər ölməz əsərlərində tarixi şəxsiyyətlərin maraqlı, yaddaqalan obrazlarını yaradıb. Bu əsərlər arasında "Topal Teymur” dramı xüsusi yer tutur. H.Cavid bu əsəri ilə sosializm ideologiyasına qarşı türkçülük məfkurəsini gətirib.
H.Cavidin XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən böyük şəxsiyyət olduğunu qeyd edən S.Vəliyeva ulu öndər Heydər Əliyevin dahi söz ustadının ədəbi irsinə daim xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Cavidlər ailəsinin faciəli taleyindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqəti və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.
T.Əhmədov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını və tədqiq ediləcəyini söyləyib.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Hüseyn Cavid yaradıcılığının əhəmiyyətindən danışıb, unudulmaz sənətkarın ideyalarının bəşəri ideyalar olduğunu qeyd edib. O, ümumtürk dünyası üçün, bəşəriyyət üçün Cavid irsinin öyrənilməsinin və təbliğ olunmasının vacibliyini vurğulayıb.
Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir. Onun əsərlərinin əsas mövzularından olan müharibələrə nifrət, sülhə çağırış bu gün də aktualdır.
G.Babaxanlı muzeydə böyük şairin ədəbi irsinin araşdırılması və təbliği istiqamətində reallaşdırılan tədbirlərdən də söz açıb.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun "Hüseyn Cavid dramaturgiyasında çoxcəhətli mələk obrazı” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.



banner

Oxşar Xəbərlər